"Azərbaycanla təhdid dilində danışmaq erası bitdi" - MÜSAHİBƏ

Yunus Oğuz: "Şuşa Bəyənnaməsinin bir mahiyyəti də ondan ibarətdir ki, artıq NATO Azərbaycana girdi"

SİA Yazıçı publisist, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun müsahibəsini təqdim edir:

- Yunus bəy, məlum olduğu kimi Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyb Ərdoğanın Şuşaya səfəri zamanı iki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında "Şuşa Bəyənnaməsi" imzalandı. Ümumilikdə bu Bəyənnaməni necə dəyərləndirirsiniz?

- Əslində elə bu səfərin özü çox möhtəşəm idi. Səfərin möhtəşəmliyi ondan ibarət idi ki, Ərdoğanın NATO-nun iclasından çıxaraq birbaşa səhər tezdən Azərbaycana gəlməsi və Şuşaya səfər etməsi təsadüfi deyildi. Onun NATO-nun iclasında iştirak etməsi, ayrı-ayrı dövlət başçıları ilə ikitərəfli görüşlər keçirməsi deməyə əsas verir ki, artıq NATO-nun içində Ərdoğanı və Türkiyəni lider kimi qəbul edirlər. Bundan sonra birbaşa Azərbaycana gəlməsi və Şuşaya səfər etməsi özlüyündə möhtəşəm bir hadisə idi. Əvvəllər Şuşaya gəlirdilər Şuşanı fəth etmək üçün. İstər rus ordusu, istər Qacar olsun, istər digərləri olsun, onların məqsədi Şuşanı fəth etmək idi. İndi isə Şuşaya bir qardaş gəldi. Səfərin möhtəşəmliyi bundan ibarət idi. Bu baxımdan Şuşada imzalanan Müttəfiqlik Münasibətləri haqqında Bəyənnamə mahiyyət baxımından çox mühümdür. Qars müqaviləsinin daha əzəmətli anlamında olan müqavilə hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Qars müqaviləsi təkcə Naxçıvana və Zəngəzura aid idisə, bu müqavilə ümumilikdə Azərbaycan üçün yeni bir baxış idi. Bu hüquqi baxımdan gələcəkdə həm hərbi bazanın yaradılması, həm də konfederativ dövlətin əsasını qoydu. Nəzərə almaq lazımdır ki, Bəyənnamədə siyasi, iqtisadi, sosial, nəqliyyat, hərbi, enerji kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Artıq elan olundu ki, hərbi sənaye inkişaf etdiriləcək, dronları Azərbaycanda istehsal ediləcək. Müştərək müəsisə istehsal etdiyi dronları dünyaya satacaq. Düzdür, biz də dron istehsal edirdik, amma 44 günlük Vətən müharibəsi Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığının vacibliyini gündəmə gətirdi. Vətən müharibəsi zamanı telekanallarda çıxışım zamanı dəfələrlə demişdim ki, yeni geosiyasi məsələlər ortalığa çıxır, bununla Türkiyə dünya siyasətinin oyunçusuna, Azərbaycan isə regionda söz sahibinə çevrilir. Artıq bu məsələlər faktiki olaraq baş verməkdədir. Bu gün, Levon Ter-Petrosyanın açıqlamasını nəzərdən keçirirdim (hesab edirəm ki, bəlkə də hazırda Ermənistanda yeganə ağıllı adam odur), deyir ki, biz hər şeyimizi itirmişik. Qarabağ da bizim üçün itib, artıq bu məsələ əhəmiyyət kəsb etmir. Ziyalılara müraciət edərək deyir ki, əgər bizim ağlımız olacaqsa, revanşist məsələlərdən əl çəkib, Türkiyə və Azərbaycanla normal qonşuluq əlaqələri yaratmaq lazımdır. Artıq beynəlxalq aləm Qarabağ məsələsini Azərbaycan tərəfində hesab edir. Erməni xalqı da bunu dərk etməlidir. Şuşa Bəyənnaməsinin ən əhəmiyyətli məqamlarından biri də ondan ibarətdir ki, artıq kimsə Azərbaycanı təhdid edə bilməyəcək. Çünki, hüquqi baxımdan konfederativ dövlətin konturları Bəyənnamədə görünür.

- Bəyənnamədə əksini tapan müddəalar siyasi, iqtisadi və hərbi baxımdan Azərbaycana nə vəd edir?

- Şuşa Bəyənnaməsi ilk növbədə Azərbaycana çox sürətli inkişaf vəd edir. Təkcə işğaldan asad edilmiş ərazilərin bərpası məsələsi deyil, bütövlükdə Azərbaycanın inkişafına əlavə təkan verir. Həm Azərbaycanın hərbi sənayesi, həm də sosial, iqtisadi sahələrdə ölkəmizə inkişaf vəd edir. Bununla Azərbaycan regionda güclü dövlətə çevrilir, məsələ orasındadır ki, güclənməsən, söz sahibinə çevrilmirsən. Artıq dünya başa düşür ki, regionun söz sahibi Azərbaycandır. İndiyə qədər regionda İran və Rusiya kimi söz sahibi olan dövlətlər var idi, bu gün Türkiyə -Azərbaycan onları ötüb keçdi. Regionun söz sahibi bu iki dövlət olacaq, zaman-zaman bu sahiblik daha da güclənəcək. Digər tərəfdən, cənab prezident Zəngəzur məsələsini təsadüfən xatırlatmadı. Cənab Prezident deyirdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzurda o yol açılacaq. İstəsən lap yaxşı, gəlib qoşulacaqsan, istəməsən dünya səni məcbur edəcək. Artıq proseslər ona doğru gedir. Köcəryanın çıxışları, ay Hadrutu, Şuşanı alacaq, bu məsələlər getdi quyunun dibinə. Ona görə ki, artıq Zəngəzur yolu da açılacaq, Şuşada konsulluq da açılacaq. "Yeddilər"in görüşündə artıq alternativ "İpək yolu" məsələsi ortalığa çıxdı, bu yol da Zəngəzurdan keçir, artıq Çinlə müharibəyə hazırlaşırlar. Hələ bir müddətdən sonra Şuşa Bəyənnaməsinin təsiri Orta Asiyada da özünü büruzə verəcək. Orta Asiya da tam müstəqilliyinə can atacaq, necə ki, Azərbaycan bu addımı atır. Ola bilər bu gün Şuşa Bəyənnaməsinin əhəmiyyətini tam görə bilmirik. Xatırladaq ki, Qars müqaviləsi imkan vermirdi ki, Naxçıvanı işğal etsinlər, çünki ortada Türkiyə var idi.

-Bəyənnamənin Qars müqaviləsinə istinad edilməsi Qarabağda maraqları olan dövlətlərin müdaxiləsinə son qoyacaqmı?

-Şuşa Bəyənnaməsi Qarabağda marağı olan dövlətlərin hətta minimal müdaxiləsinə son qoyur. Müqavilə yenicə bağlanıb, hələ onun müddəalarını geniş ictimaiyyət dəqiqliyi ilə tam dərk etmir. Necə ki, çörəyi isti-isti yemirlər, gözləyirlər ki, bir az soyusun. Ola bilər ki, sənəddə ermənilərin oradan köçməsi, ya da birmənalı şəkildə Azərbaycan qanunlarına tabe olması məsələsi var. Nəzərə almaq lazımdır ki, Şuşa Bəyənnaməsu rus sülhməramlılarının oradakı fəaliyyətini heçə endirir. Çünki Azərbaycan bununla bəyan edir ki, özüm öz ərazimin təhlükəsizliyini təmin edəcəm. Bu, olduqca vacib məsələdir ki, bunun arxasında elə Şuşa Bəyənnaməsi durur. Fikir verdinizsə, Rusiya kanallarında bu mövzu ətrafında danışılmırdı. Bu isə o deməkdir ki, artıq onlar da mövcud mövqe ilə barışıblar. Şuşa Bəyənnaməsinin daha bir mahiyyəti ondan ibarətdir ki, faktiki olaraq NATO Azərbaycana girdi. NATO-nun Şərq Tərəfdaşlığı bax bu idi. Bununla demək olar ki, Azərbaycan öz təhlükəsizliyini tanmamilə təmin edir. Azərbaycanın uzun müddət heç bir hərbi bloka girməməsi, ikitərəfli, bərabərhüquqlu sazişlərin imzalanması son nəticədə buna hesablanmışdı.

-Demək olarmı, Şuşa Bəyənnaməsi ilə Azərbaycan-Türkiyə hərbi ittifaqının əsası qoyuldu?

- Burada söhbət təkcə hərbi ittifaqdan getmir. Bəyənnamədə söhbət həm də konfederativ ittifaqdan gedir ki, ora sosial, iqtisadi, siyasi, nəqliyyat və hərbi sahədə əməkdaşlıq daxildir. Bir qalır ümumi pul vahidi, bir də pasport məsələsi. Qalan məsələlər həll olunmuş sayılır. Bayraq məsələsinə də konfederativ dövlətdə icazə verilir. Avropa İttifaqına daxil olan ölkələrə öz pullarını dövriyyəyə buraxmağa icazə verilir. Burada da konfederativ dövlət yaratmaq üçün pul və pasport kimi iki əsas məsələ qalıb.

- Sizcə, Şuşa Bəyənnaməsinə qonşu dövlətlərin və dünya birliyinin münasibəti necə olacaq?

-Şuşa Bəyənnaməsi beynəlxalq aləmdə normal qarşılanır. Ona görə dedim ki, Ərdoğanın NATO-nun iclasından çıxaraq Azərbaycana gəlməsi elə-belə məsələ deyil. Bu o deməkdir ki, müəyyən məsələlər artıq həll olunub. Rusiya da bu məsələdə Azərbaycanın mövqeyi ilə barışıb. Ortada Rusiyanın sülhməramlıları var, hələ ki, onların vaxtı var. Qonşularımızdan İran bu məsələdə cığallıq edə bilər. İran gözləyirdi ki, cahil tayfa ilə, inqilabla, xurafatla özü girəcək regiona. Amma Azərbaycan bunların hamısından azad oldu və normal dövlətçilik şüuru ilə dövləti qorumaq məsələsini Türkiyə ilə Azərbaycana buraxdı Azərbaycanla təhdid dilində danışmaq erası bitdi.

Bütün xəbərlər Facebook səhifəmizdə