“Bu gün Azərbaycan xalqı ən şərəfli, qürurlu günlərindən birini yaşayır” - MÜSAHİBƏ

SİA deputat Ceyhun Məmmədovun müsahibəsini təqdim edir:

- 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Azərbaycanın müasir tarixində yer tutan bu əlamətdar günün hansı əsasları barədə fikirlərinizi səsləndirə bilərsiniz? Ümumiyyətlə bu yol necə yarandı? Bizi Qurtuluşa aparan yol nələrdən keçdi?

- Bu gündən danışarkən biz mütləq 90-cı illərin əvvəllərinə nəzər salmalıyıq. 90-cı illərin əvvəllərində Azərbaycanın bir çox sahələrində açıq şəkildə tənəzzül müşahidə olunurdu. Bir tərəfdən ölkə iqtisadiyyatı çökmüşdü. Digər tərəfdən Azərbaycan Ermənistan işğalına məruz qalmışdı. Rayonlar ard-arda işğal olunurdu. Ümumiyyətlə idarəçilikdə çox ciddi problem vardı. Təsadüfi vəzifəyə gələn insanlar var idi. 4 iyun qiyamından sonra artıq ölkədə vətəndaş müharibəsi başlamışdı və Azərbaycanda çox ciddi proseslər gedirdi. Ölkə çox ciddi dilemma qarşısındaydı. Xalqın ümidi Ümummilli Lider Heydər Əliyevə idi. Bunun da çox ciddi səbəbləri var idi. Onun zəngin siyasi təcrübəsi, idarəetmə təcrübəsi ilə Azərbaycan xalqını yalnız Ulu Öndər xilas edə bilərdi. O dövrün hakimiyyəti də bunu çox yaxşı anlayırdı. Proseslər çox ağır bir istiqamətə gedirdi. Artıq Surət Hüseynovun silahlı dəstələri Bakıya doğru hərəkət edirdi. Ümid Ulu Öndərə idi. O dövrlər təəssüf ki, Ümummilli Lider Heydər Əliyevə qarşı bir sıra çirkin addımlar atıldı. Onun fiziki yox edilməsi üçün Naxçıvana müəyyən qrupların göndərilməsi, Azərbaycana gəlişi, orada müəyyən proseslərlə bağlı xoşagəlməyən tendesiyaları da görürdük. Amma Ulu Öndər bütün bu çətin proseslərə sinə gələrək həmin ağır dövrdə Azərbaycanın idarəçiliyinə gəldi. Bu asan bir iş deyildi. Bu çox ağır bir yük idi.

- Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişindən sonra Muxtar Respublikanın həyatında nə kimi dəyişikliklər baş verdi?

- Ermənilərin hər zaman əsas məqsədi Zəngəzurdan sonra Naxçıvanı işğal etmək idi. Birmənalı olaraq xüsusilə qeyd etmək istəyirəm ki, Ulu Öndərin səyləri nəticəsində Naxçıvan erməni işğalından xilas oldu. Eyni zamanda Naxçıvanda əhalinin qida təminatı ilə bağlı ciddi problemlər də vardı. Yəni burada Azərbaycanla birbaşa quru əlaqələri yoxdur. Bunun üçün Türkiyə və İranla müəyyən əlaqələrin qurulması, sərhəddə gediş-gəlişin təmin olunması, idarəçiliyin təmin olunması kimi bu istiqamətdə çox ciddi problemlər vardı. Azərbaycanda olan problemlər Naxçıvanda da açıq şəkildə hiss olunurdu. Həmin dövrdə Ulu Öndərin ora gəlməsi Naxçıvanın işğaldan qurtulmasına, Naxçıvanın uzun müddət ayaqda durmasına öz ciddi töhfəsini verdi. Sonrakı dövrlərdə də Naxçıvan məhz Azərbaycanda keçirilən uğurlu siyasət nəticəsində və həm Türkiyə, həm İranla münasibətlər Naxçıvanın qaz, elektrik enerjisi ilə təmin olunması istiqamətində də çox mühüm işlər görüldü.

- 90-ci illər hadisələrinə qayıtmaq istərdim. O dövrlər vəziyyət çox ağır idi. Ümumilikdə bu hallar respublikamızda ictimai-siyasi vəziyyətə necə təsir etdi?

- Azərbaycan o dövrlər var olmaqla yox olmaq arasında mübarizə aparırdı. Birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevdən başqa Azərbaycanı bu bataqlıqdan çıxara bilməzdi. Nəzər salsaq o dövr çox ağır və gərgin bir dövr idi. Biz bu dövrə gələnə kimi heçnə asan olmadı. Bundan əlavə Ulu Öndər yenidən hakimiyyətə gələn zaman Ona qarşı təxribatları görürdük. Hansısa bəzi qüvvələr Onun hakimiyyətdə olmasını istəmirdilər.

- Milli Qurtuluş Azərbaycan xalqına nə verdi? Bu gün hansı proseslərdə özünü göstərir?

- Bu gün Azərbaycan xalqı ən şərəfli, qürurlu günlərindən birini yaşayır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə biz Qarabağda zəfər çaldıq. Amma bu uğurların əsası Ulu Öndərin vaxtında qoyulmuşdu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlət quruculuğu, ordu quruculuğu həyata keçirildi, neft müqavilələri imzalandı. Bundan əlavə olaraq, Ulu Öndər Azərbaycan xalqına cənab Prezident kimi böyük siyasətçini bəxş etdi. Bu gün qazandığımız uğurun təməlində o dövrlər həyata keçirilən siyasət dayanırdı. Yəni Ulu Öndər o vaxtdan başlayaraq dövlət quruculuğu, ordu quruculuğunu həyata keçirdi, iqtisadiyyat güclənməyə başladı və cənab Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra bu siyasəti çox böyük uğurla davam etdirir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...