Ərdoğanla Baydenin görüşündə nələr gözlənilir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Baydenin görüşündə əsas məsələ olaraq birinci Türkiyə-Rusiya münasibətləri müzakirə olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Amerika Türkiyənin Rusiya “S-400” hava hücumuna müdafiə sistemi raketlərini aldığına görə, narazılıq edir: “Amma məsələ burasındadır ki, Türkiyə əvvəlcə ABŞ-la müqavilə bağlayıb və müqavilə ABŞ tərəfindən pozulub. Həm hava hücumundan müdafiə sistemləri ilə bağlı, həm də “F-16” və “F-35” qırıcı təyyarələri ilə bağlı bu işi pozan tərəf ABŞ olduğuna görə, burada Türkiyənin hər hansı bir siyasi məsuliyyətsizliyindən söz gedə bilməz. İkinci məsələ təbii ki, burada Qarabağ məsələsi mütləq müzakirə olunacaq. Çünki ABŞ bölgədə Rusiyanın hakimliyini istəmir. Qafqazın təkrar olaraq Rusiyanın nəzarəti altına düşməsini istəmir. Eyni zamanda Rusiyanın Azərbaycanda möhkəmlənməsini də istəmir. Ona görə də təbii ki, bu məsələlər də müzakirə olunacaq”.

Cümşüd Nuriyev həmçinin qeyd edib ki, Ərdoğanla Yaxın və Orta Şərq məsələləri müzakirə olunacaq: “Türkiyə-Suriya, Türkiyə-İraq, Türkiyə-Livya, Türkiyə-Qatar münasibətləri, Türkiyə-Fələstin münasibətlərinin yaxşılaşması ilə Türkiyə-İsrail münasibətlərinə təsir göstərməsi kimi məsələlər müzakirə oluna bilər. Bundan əlavə ABŞ-ın marağına uyğun digər məsələlər də müzakirə oluna bilər”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə