“15 iyun tarixindən ibrət dərsləri alınmalıdır” PROFESSOR ŞƏRH ETDİ
1993-cü ilin 15 iyun tarixindən 28 il keçir. İlk dəfə olaraq millətimiz bu günü qalib olaraq qeyd edir. 1997-ci ilin iyun ayında Milli Qurtuluş Günü bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət dərsləri almaq, təkcə ötən illərdə müstəqil dövlətimizin keçdiyi yolu, mövcud vəziyyəti bilmək deyil, eyni zamanda gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında professor, millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili qeyd edib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan millətinin qarşısında, dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək, fəal xarici siyasət yürütmək, Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq və nəticələrini aradan qaldırmaq kimi bir sıra vacib vəzifələrin həll edilməsi dayanırdı.
“1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi ölkənin qarşısında dayanan problemləri həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, həll edilməməsi, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, hakimiyyət ilə millət arasında uçurum, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində millətdən ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrultmadı. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycanı didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Azərbaycan milləti və ölkə parçalanmaq ərəfəsində idi.
Yaranmış şərait Azərbaycanın iqtisadi, siyasi, hərbi mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı. Millətin və dövlətin taleyini üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa ümidi yox idi. Bu, Azərbaycan dövlətçiliyi tarixinin utancverici anı olub, gələcəkdə xatırlanası və müraciət ediləsi bir səhifə deyildi.
Çoxlu mürəkkəb suallar qarşısında dayanan və xilaskar axtarışında olan millətin nəzərləri hələ sovet dövründən yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Heydər Əliyevə yönəldi və ümidlə ona üz tutdu. Millətin inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, milləti mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.
Millətin Heydər Əliyevə üz tutulması səbəbsiz deyildi. Hələ sovet sisteminin mövcud olduğu bir şəraitdə, 70-ci illərdə Heydər Əliyev respublikanın rəhbəri, sonra isə dünyanın quru ərazisinin altıda bir hissəsini tutan dövlətin başçılarından biri kimi millətinin başını daim uca etmişdi. Millət onunla fəxr etmişdi.
Millətin təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Millətin güvənc yeri olaraq milli liderlik missiyası daşıyan Heydər Əliyev parlamentdə çıxış etdi, sonra isə hərbi qiyamın baş vediyi Gəncəyə yalnız jurnalistlərlə gedərək şəhər əhalisi ilə görüşüb şəraitlə yerində tanış oldu. Bakıya qayıtdıqdan sonra iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.
Heydər Əliyevin qarşısında, dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; millət ilə hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə cinayətkarlıq şəraiti yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan milləti inkişafa aparmaq və mənəvi-psixoloji ruhunu yüksəltmək, dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dayanırdı.
Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti yürütmüş böyük dövlətlərin sınaq meydanına çevrilmiş Azərbaycanda bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi. Heydər Əliyev ölkəni, dövləti və milləti bəlalardan qurtararaq xilaskarlıq missiyasını yerinə yetirdi və 15 iyun Azərbaycan tarixinə qurtuluş kimi daxil oldu. Heydər Əliyevin parlament sədri, oktyabr ayında prezident seçilməsi ilə Azərbaycan milləti dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və millətinin tarixində yeni bir mərhələ başladı. Bu, müasir müstəqil milli dövlətin və dövlətçiliyin xilası, möhkəm əsaslarda qurulması mərhələsi idi. Heydər Əliyev ənənəsi olan indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi.
15 iyun tarixindən ibrət alınası bir çox dərslər vardır. Demokratiyanı bərqərar etmək üçün ilk növbədə dövlət olmalıdır. Zəif dövlət və anarxiya olan yerdə demokratik cəmiyyət qurmaq olmaz. Anarxiya, xaos və başıpozuqluq demokratiya ilə ziddiyyət təşkil edir. Millət öz taleyini və onu idarə edən hakimiyyət sükanını heç bir zaman naşı, populist adamlara, millət-dövlət maraqlarını düzgün müəyyənləşdirə bilməyən, çətin anlarda qaçıb gizlənən şəxslərə etibar etməməlidir. Sabitlik güclü dövlətin, tərəqqinin, rifahın və demokratiyanın təməlidir. Sabitlik olmasa, millət heç bir vaxt rahat yaşaya bilməz. Millət əgər bunları istəyirsə, heç şübhəsiz, istəyir, onda heç bir zaman anarxiyaya, hakimiyyətə küçədən gəlmək cəhdlərinə yol verməməlidir. Hakimiyyət ilə millət arasında sıx birlik, hakimiyyətin qanadları arasında faydalı əməkdaşlıq daim qorunmalıdır. Fikir müxtəlifliyinin və ziddiyyətlərin mövcud olması demokratik cəmiyyətlərə xas bir əlamət olsa da, qarşıdurmalara, toqquşmalara gətirməməlidir. İdeyaların hansının daha çox fayda verməsi əsas götürülərək problemlərin həll edilməsi ölkəni inkişafa aparar.
Xaos, anarxiya milləti olmayan Azərbaycanın tərəqqisinin təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri dayanır. Ötən illərin təcrübəsi göstərdi ki, güclü dövlət və qüdrətli dövlət rəhbəri olanda Azərbaycan qarşıya qoyduğu məqsədlərə nail olub. Bunu Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılan qələbə bir daha sübut etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB