Azərbaycan – Türkiyə dostluğu dünyaya nümunədir

Azərbaycan – Türkiyə dostluğu dünyaya nümunədir

Yaşadığımız iyirmi birinci yüzillikdə, qloballaşma dövründə dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olunması əsas məsələlərdən biri olaraq diqqətdədir. Müstəqil dövlət kimi, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub və siyasi, iqtisadi, mədəni münasibətlər müstəvisində uğurlar əldə olunur. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası münasibətlərdə Azərbaycan-Türkiyə əlaqələrinin xüsusi yeri və çəkisi var və bu, danılmazdır. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq".

Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir. Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə olan münasibətlər, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoyub. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətlidir.

Bildiyimiz kimi, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərib. "Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır", deyən Cənab Prezident Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirib. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etiraz bildirən Türkiyə 44 günlük Vətən müharibəsində də böyük fəallıq göstərdi, ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır".

Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. Çətin sınaq günlərində Azərbaycan ilə Türkiyənin möhkəm və etibarlı dostluğu özünü göstərmiş oldu. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi. Təbii ki, bu münasibətlər qarşılıqlıdır. Dövlət başçısının qeyd etdiyi kimi, "Bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır".

Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının da çox geniş əlaqələri mövcuddur. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəyə çevrilib. Partiyaların qadınlar, gənclər təşkilatları və yerli strukturlarının arasında olan münasibətləri davamlıdır. Bu günlərdə Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul etməsi bu əlaqələrin davamlı və yüksək olduğundan qaynaqlanır. Səfər çərçivəsində keçirilən bir sıra görüşlərdə YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənib hazırlanması, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib. AKP-nin Ankaradakı mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında da əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və Türkiyə Prezidenti, AKP Sədri Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin inkişafına böyük töhfə verməkdədir. Mövcud münasibətlər ölkələr arasında dinamizmi daha möhkəmləndirir, gələcək işbirliyi, əməkdaşlıq haqqında çox ciddi qərarlar qəbul edilir.

Pərvin Mahmudova

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə