"Hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmağın zamanıdır" -POLİTOLOQDAN TƏKLİFLƏR

Türkiyə Cümhur Başkanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfərinin çox böyük əhəmiyyəti var. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, Ərdoğan Azərbaycana gəlməmişdən qabaq Brüsseldə toplantılara qatılacaq, ABŞ prezidenti ilə görüşəcək və ola bilsin Qarabağla bağlı müəyyən fikir mübadiləsi də olsun.

“Putinlə də Türkiyə prezidentinin görüşü nəzərdə tutulur. Ardınca Ərdoğan Bakıya gəlib cənab Prezident İlham Əliyevlə görüşəcək, birgə fikir mübadiləsi olacaq. Bundan sonra prezidentlər birgə Şuşaya gediləcək. Ərdoğanın Şuşada çox ciddi mesajlar verəcəyini düşünürəm. Düşünürəm ki, bu açıqlamaların ünvanı Rusiya olacaq, Ermənistan və Qərb ölkələri olacaq.

Müharibə və ondan sonrakı dövr sübut etdi ki, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda da möhkəmlənib. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqları baxımından çox vacibdir. Bu istiqamətdə də çox ciddi açıqlamaların səsləndiriləcəyini düşünürəm. Ondan başqa ikitərəfli əlaqələrin inkişafı baxımından Bakıda danışıqlar gedəcək. Siyasi-iqtisadi təmaslar, hərbi əməkdaşlıq yüksək səviyyədədir. Yəni, təsəvvür edək ki, hər ay faktiki iki ölkənin hərbi təlimləri keçirilir, artıq Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana səfərlər az qala hər həftə olur. Bu da ikitərəfli əlaqələrdə, strateji müttəfiqlikdə çox vacib elementlərdir.

Mən düşünürəm ki, hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmağın zamanı çatıb. Məsələn, Qarabağda artıq necə ki, rusiyalı hərbçilər fəaliyyət göstərirlər, türkiyəli hərbçilərin də fəaliyyətini genişləndirilməsi istiqamətində Bakıda danışıqlar gedəcəyini mən güman edirəm”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə