"Ermənistan öz həyasız bəyanatlarından əl çəkməzsə..." - POLİTOLOQDAN SƏRT REAKSİYA
"“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah kimi təlimlər qabaqcadan hazırlanmış plana əsasən həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hal-hazırda 44 günlük müharibədə qalib gəlsə də bütün problemlərin həlli baxımından hələ də Ermənistanla qarşıdurmanı yaşayır: "Ermənistanla qarşıdurma, Ermənistan kimi qonşunun olması bizi mütləq şəkildə vadar edir ki, bizim hərbi qüvvələrimiz daim yüksək hazırlıq səviyyəsində olsun. Bu baxımdan istər Naxçıvan qarnizonu, istər bütövlükdə bizim qoşunlarımız o cümlədən xüsusi təyinatlılarımız, ümumqoşun birləşmələrimiz, hərbi hava qüvvələrimiz daim hazır vəziyyətdə olmalıdır. Çünki biz Ermənistan kimi bir qonşu ilə yanaşı yaşamaq məcburiyyətindəyik. Bu gün bildiyimiz kimi Ermənistanda seçkiqabağı kifayət qədər revanşist qüvvələr var və bu qüvvələr çox kəskin ifadələr işlədərək Qarabağın geri alınması ilə bağlı planlar qururlar. Onlar bunu açıq şəkildə etiraf edirlər, beynəlxalq görüşlərdə də bildirirlər. Təəssüflər olsun ki, beynəlxalq qurumlar bunu görməzlikdən gəlirlər. Belə olan halda əsas ümid şübhəsiz ki, Azərbaycanın özünə, Azərbaycanın Silahlı Qüvvələrinə, Azərbaycanın Ali Baş Komandanınadır. Azərbaycan Silahlı Qüvvələri daim hazır vəziyyətdə olmalıdır".
Politoloq həmçinin qeyd edib ki, Ermənistan öz revanşist, həyasız bəyanatlarından əl çəkməzsə, Azərbaycan da sovet-bolşevik dövləti tərəfindən Ermənistana pay verilən, tarixi, öz torpağı olan Zəngəzur torpağını öz iddiasını rəsmi olaraq ortaya qoya bilər: "Yaddan çıxarmamalıyıq ki, Ermənistanın havadarları hələ də bu oyundadırlar. Kənardan baxsalar belə onlar öz siyasi mövqeləri ilə oyunda iştirak edirlər. Azərbaycanın maraqlarını təmin eləmək üçün ordumuz daim öz potensialını nümayiş etdirməli, daim hazır vəziyyətdə olmalıdır. Bu baxımdan da Naxçıvan qarnizonunda təlimlərin həyata keçirilməsi Ermənistan və onun havadarlarına da göstərir ki, Azərbaycan inkişaf edəcək, hadisələrin hər bir ssenarisinə hazır vəziyyətdədir".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB