“15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olunması təsadüfi deyil. Yəni, həmin gün Ümumilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlib. Həmin günlərin iştirakçısı, Milli Məclisin deputatı kimi bu gün də Həydər Əliyevin Milli Məclisin sədri seçilməsinə səs verdiyim üçün bir an belə peşman deyiləm. Bu dönəm Azərbaycan çox ağır bir vəziyyətdə olub. Xalq cəbhəsinin bir illik hakimiyyəti dövründə Azərbaycanda dövlətçilik deyilən ənənə qalmamışdı. Demək olar ki, xaos və anarxiya baş alıb gedirdi. Eyni zamanda, ölkənin daxilində olan şəxsi münasibətlər artıq düşmənçilik səviyyəsinə keçmişdi. Bu isə Azərbaycanın adət- ənənələrinə zidddir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər doktoru professor Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, həmçinin o dönəmlər Vətəndaş müharibəsi başlayaraq, qardaş qanı tökülmüşdü: “Bu zaman Azərbaycan çox ağır siyasi, iqtisadi, mənəvi və hərbi durumda olub. Dövləti bu krizisdən çıxartmaq lazım idi. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan da Ermənistan kimi müstəqilliyini ancaq Rusiyanın "sadəqətində" tapa bilərdi. Rusiya da elə bunu istəyirdi və ona görə də Azərbaycana qarışmaqda maraqlı idi”.
“Heydər Əliyev hakimiyyətə gələndən sonra sakit şəkildə əvvəlcə dövlətin özünü, ənənələrini, sonra Azərbaycan dövlətini beynəlxalq arenaya çıxartdı, 1995-ci ildən islahatlar irəli sürdü. Bütün bunların hamısı məhz Heydər Əliyevin təşəbbüsü idi. Azərbaycanın gözləmək imkanı yox idi və hər an əhəmiyyətli idi. Bu səbəbdən də, 15 iyunun daha çox siyasi əhəmiyyəti var, nəinki iqtisadi, mədəni, hərbi sahədə olan əhəmiyyəti. Çünki Azərbaycan dövlət kimi müstəqilliyini qazansa da, hələ də kifayət qədər müstəqil deyildi. Azərbaycan 15 iyundan sonra tədricən müstəqiliyini bərpa etdi. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan nəinki xaosdan, anarxiyadan çıxa bildi, hətta yenidən formalaşdı və öz tarixi ənənələrinə sökənə bilən yeni bir dövlət oldu. Ən əsası da odur ki, Heydər Əliyev bu dövlətin gələcəyini fikirləşib. Məhz o zaman nə qədər həyatda idisə, öz yerinə İlham Əliyevi hazırlamaqla da Azərbaycan xalqına çox böyük bir xidmət göstərdi”.
Cümşüd Nuriyev sözlərinə belə davam edib: “Hal-hazırda hər kəs Heydər Əliyevin uzaqgörənliyini və İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Bu siyasət Azərbaycan xalqını kifayət qədər təmin edir. Bu dövlət itirdiklərini məhz İlham Əliyevin dövründə bərpa etdi. İndi Azərbaycan nəinki bölgənin lider dövlətinə, hətta MDB dövlətinə çevrilir. Artıq biz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya arenasına çıxmış bir dövlətik. Çox şükür ki, İlham Əliyev Heydər Əliyevin siyasətini davam etdirməklə onu daha da şaxələndirdi. İlham Əliyev dünya siyasətində tanınan, öz dəsti-xətti olan və hörmət olunan dövlət başçılarından biridir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB