“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ
XX əsrin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən ümummilli mübarizə şərəfli anlarla yanaşı, eyni zamanda xalqımız üçün faciəvi tarixi hadisələrlə də yadda qaldı, müstəqilliyimizə gedən yolda “20 yanvar” kimi bir faciə xalqımızın qan yaddaşında əbədi həkk olundu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Məcburi köçkünlərin və qaçqınların işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.
Şuranın sədri vurğulayıb ki, müstəqillik mücadiləsi ilə yanaşı SSRİ-nin çökməsində mühüm rol oynayan xain qonşularımızın yaratdığı Qarabağ münaqişəsi ilə də tək başına mübarizə aparan xalqımız üçün “bu dövr əsl sınaq dövrü idi”, desək daha düzgün ifadə etmiş olarıq.
“Müstəqilliyin ilk günündən Qarabağda ermənilərin öz havadarlarının dəstəyi ilə aktiv hərbi əməliyyatlara başlayaraq torpaqlarımızı işğal etməsi Azərbaycanda siyasi stabilliyin pozulması prossesi ilə müşahidə olunmağa başladı. Xalq hərəkatında iştirak edən bir qrup insanlar öz şəxsi ambisiyalarını həyata keçirmək naminə, müxtəlif siyasi partiyalar adı altında Qarabağda döyüşlər getdiyi bir zamanda hakimiyyət uğrunda açıq mübarizə aparmağa başladılar. Daim Kremldən alınan tapşırıq əsasında fəaliyyət göstərən Mütəllibov komandası müstəqillik əldə olunduqdan sonra yenidən idarə etməyə hazır olmadığını elə ilk dövrlərdən biruzə verməyə başladı. Eyni zamanda xalqımızın o dövrdəki dəyərli yüksək rütbəli məmurlarının 20 noyabr vertolyot qəzasında ermənilərin vurduğu raketlə faciəvi həlak olmaları da siyasi idarə etmədə böyük problem yaratmağa başladı. Bu faciənin ardından isə Xocalı faciəsinin baş verməsi Azərbaycanda siyasi stabilliyin pozulması ilə müşahidə olundu. Mütəlibov istefa verdi. Milli məclisin sədri Yaqub Məmmədov müvəqqəti hakimiyyəti idarə etməyə başladı, hakimiyyətə can atan Musavat -AXC cütlüyü daha da fəallaşdı. Nəticədə yeni faciələr baş verdi, siyasi çəkişmələrdə unudularaq müdafiəsiz qalan Şuşa və Laçın rayonları ermənilər tərəfindən işğal olundu. Hakimiyyətə gələn AXC-Musavat cütlüyü cəmi bir il ərzində hakimiyyəti idarə etsələr də cəbhədə, siyasi müstəvidə heç bir stabillik yaratmağa nail ola bilmədilər. Xalqın səyi ilə yaradılan könüllü batalyonların cəbhədə uğurları isə səriştəsizliyin nəticəsində məğlubiyyətlə nəticələndi. 93-cü ilin aprelində Kəlbəcər rayonu işğal edildi. Bununla da xalqın etimadını itirən AXC-Musavat cütlüyünün səriştəsiz idarəetməsi dövlətçiliyimiz üçün daha böyük təhlükələr yaratmağa başladı. İyun ayında isə erməni hücumunun qarşısının alınması əvəzinə Gəncə şəhərinə öz xalqının üzərinə qoşun göndərildi. Nəticədə yüzə yaxın hərbiçimiz və dinc insanlar həlak oldu. Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qaldı. Ermənilər bundan istifadə edərək keçmiş Ağdərə rayonunu və Laçın rayonunun işğal olunmamış böyük bir hissəsini də işğal edərək, bütün cəbhə boyu geniş hücuma keçdilər.
Artıq ortada hakimiyyətsizlik, idarə olunmayan hərbi birləşmələr, köməksiz vətəndaş müharibəsi ilə üzləşən xalq nə etmək düşüncəsi ilə üzləşdi. Belə bir vəziyyətdə xalqın ziyalıları və müdrik ağsaqqalları Naxçıvan MR- nın rəhbəri Ulu Öndər Heydər Əliyevə müraciət edərək, belə ağır vəziyyətdən Azərbaycanı çıxartmağın yalnız onun rəhbərliyi ilə mümkün olacağını bəyan etdilər. Sovetlər dönəmində uzun müddət Azərbaycana rəhbərlik etmiş, SSRİ-nin rəhbərlərindən biri olmuş, xalq tərəfindən sevilən, hörmətə layiq olan Heydər Əliyev dərhal bu müraciəti qəbul edərək, Bakıya gələrək xalqa dəstək olmağa qərar verdi. Həyatını təhlükəyə ataraq hakimiyyətsizlik, qanunsuzluq şəraitinin hökm sürdüyü bir vəziyyətdə Gəncəyə gedərək, qiyamçı qüvvələrlə danışıqlar apararaq, vətəndaş müharibəsinin qarşısını aldı. Müdrik lider bundan sonra Milli Məclisə rəhbər seçilərək xalqı əmin etdi ki, tez bir zamanda xaosun qarşısı alınacaq, hakimiyyətsizlik və qanunsuzluq aradan qaldırılacaqdır”, deyə Şura sədri bildirib.
Anar Xəlilov qeyd edib ki, xalqına söykənən dahi siyasətçi xaosun qarşısının alınması, hakimiyyətsizlik və qanunsuzluğun aradan qaldırılması kimi bu çətin işi tez bir zamanda uğurla başa çatdırmağa nail oldu.
“AXC-musavat hakimiyyətinə müraciət edərək, birgə fəaliyyətlə xaosun qarşısının alınması, hakimiyyətsizliyin aradan qaldırılması istiqamətində iş görməyi təklif edən Ulu Öndər Heydər Əliyev nəticədə, hakimiyyəti ataraq Kələki kəndinə qaçan Əbülfəz Elçibəyin bu gözlənilməz addımı ilə rastlaşdı. Digər rəhbərlikdə olan şəxslər isə Gəncədə törətdikləri əməlləri dərk edərək, xalqın qəzəbindən qorxaraq, qaçıb gizlənməyi üstün tutdular və ya bəyan edərək vəzifələrini dondurduqlarını elan etdilər. Müharibə şəraitində vəzifə dondurmaq kimi sərsəm bəyanat verməyin hansı xain əməl olduğunu yazmağa məncə ehtiyac yoxdur. Belə bir vəziyyətdə həm də tək qalan Ümummilli Lider Heydər Əliyev öz idarəçilik təcrübəsinə, dərin siyasi biliklərinə və İlahi tərəfindən verilmiş rəhbərlik etmək qabiliyyətinə və nəhayət xalqına güvənərək çətin bir missiyanı, dövlətçiliyi, Azərbaycanın müstəqilliyini qorumağı öhdəsinə götürərək, xilaskar rolunu oynadı və bacardı.
Azərbaycan xilas oldu! Artıq Beyləqana hücüm edən erməni işğalçıları dayandırıldı, işğal olunmuş Füzuli, Ağdam rayonlarının böyük hissəsi isə azad olundu. Lakin daxili çəkişmələrdən, hakimiyyətsizlikdən və ən nəhayət vahid ordunun formalaşmamasından əziyyət çəkən Azərbaycan ücün müvəqqəti atəşkəs imzalamaq vacib olduğu üçün Bişkek protokolu imzalandı. Siyasi stabillik yarandı. Qanunsuz hərbi birləşmələr ləğv olundu. Vahid ordu yaradılmağa başlanıldı. Dövlət strukturlarının fəaliyyəti bərpa olundu. Ən böyük problem bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaşamaq yerlərinin yaradılması və onların müvəqqəti yerləşdirilməsi prosesi başlanıldı. Məhv edilmiş iqtisadiyyatın yenidən qurulması istiqamətində yeni planlar quruldu. Xarici əlaqələr və siyasət yeni dönəminə başladı. İnformasiya blokadasına alınmış Azərbaycanın bu blokadadan çıxarılması üçün Ulu Öndər Heydər Əliyevin şəxsən özünün yaxından iştirakı ilə böyük işlər görüldü. Dövrünün bütün nüfuzlu və inkişaf etmiş dövlətlərin rəhbərləri və siyasətçiləri ilə görüşlər keçirildi. Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Bu gün düşmənlər özləri də etiraf edirlər ki, Qarabağı işğal etmələrinə baxmayaraq, bunun dünya dövlətləri tərəfindən tanınmasına səbəbkar Heydər Əliyev olmuşdur. Lissabon sammitində dahi rəhbərin göstərdiyi iradə, qətiyyətli siyasi mövqe ermənilərin böyük siyasi məğlubiyyəti ilə nəticələndi. Məhz bu qələbə bu gün torpaqlarımızın azad olunmasında əsas faktor olaraq, bizim qələbəmizin təməli rolunu oynayıbdır.
Azərbaycanın bu günkü iqtisadi uğurlarının da təməlini Ulu Öndər Heydər Əliyev qoyub. Tez bir zamanda stabillik yaratmağa nail olan dahi lider böyük beynəlxalq kooperasiyalarla birlikdə imzaladığı “Əsrin Müqaviləsi” neft müqavilələri ilə Azərbaycanın iqtisadi müstəqilliyini də qazandı. Xalq öz dahi liderini daim dəstəkləyib, onun apardığı mübarizədə daim yanında olub. Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə müstəqil Azərbaycanın uğurlarının bünövrəsini qoydu və ən nəhayət, siyasi varis olaraq, Cənab Prezident İlham Əliyevin xalqa rəhbər kimi yetişdirilməsi ilə dahi lider, Ulu Öndər dövlətçiliyin əbədi qorunmasını təmin etdi. Prezident İlham Əliyev bütün təməli qoyulan sahələri daha da uğurla inkişaf etdirdi. Ulu Öndərin qeyd etdiyi kimi, "Azərbaycanı dünyaya günəş kimi" doğurdu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, torpaqlarımız azad olundu.
Xalq tərəfindən Ümummilli Lider olaraq qəbul edilən Heydər Əliyevin 15 iyun 1993-ildəki hakimiyyətə yenidən qayıdaraq xalqını, vətənini, dövləti xilas etməsi Qurtuluş günü kimi qeyd olunur. Bəli, geriyə dönüb nəzər saldıqda və bu gün inkişaf etmiş güclü Azərbaycanı gördükdə bir daha əmin olursan ki, 15 iyun Azərbaycan xalqına həm də Tanrının bəxş etdiyi bir Qurtuluş Günüdür. Allah Ümummilli Liderimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan var olduqca onun əziz xatirəsini daim ehtiramla yad edəcək”, deyə Anar Xəlilov fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB