İlk növbədə hüquqi kontekstdə baxsaq, biz görərik ki, müvafiq konvensialar mövcuddur, amma nə Ermənistan, nə Azərbaycan, hətta böyük dövlətlər belə bu konvensiyaların üzvü deyillər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.
Politoloqun sözlərinə görə, yeganə hüquqi kontekst ondan ibarətdir ki, bu, yəni, ərazilərin minalanması insanların yaşayış hüququnun pozulmasının davamıdır.
"Bu hüquq, insanların yaşayış hüququ ötən əsrin 90-cı illərinin əvvəlindən pozulub, etnik təmizləmələr baş verib, indi isə ərazilərin minalanması, bu ərazilərə, işğaldan azad edildikdən sonra da azərbaycanlıların oraya qayıtmasını əngəlləyən bir amildir. Məhz bu, artıq hüquqi kontekstdə Ermənistanın üzərinə öhdəliklər qoyur. Digər tərəfdən, son açıqlamalar da, məhz Ermənistan Ordusunun keçmiş polkovnikinin açıqlamaları da dəlildir ki, Ermənistan üçtərəfli bəyanatı pozub, çünki məhz 10 gün, 15 gün Kəlbəcər rayonlarını tərk etmələri üçün onlara vaxt verildiyi halda, onlar mülki əhalinin oradan çıxarılmasını tamamilə unudub, bir kənara qoyub, dövlətin nümayəndələri həmin əraziləri minalamaqla məşğul olurdular. Biz özümüz də şahidi olmuşduq ki, dövlətin heç bir dəstəyi olmadan orada yaşayan ermənilər özləri öz evlərini yandıraraq ərazini tərk edirdilər. Yəni, məhz bu sübut və dəlillər indi Ermənistan üzərinə müəyyən öhdəliklər qoyur.
Siyasi kontekstdə isə bu məsələ ondan ibarətdir ki, Ermənistan bu mina xəritələrinin verilməsini Azərbaycana qarşı bir şantaj xarakterli istifadə etməyə çalışır və tələbi də, Azərbaycanda saxlanılan, barələrində artıq cinayət işi açılıb məhkəməyə göndərilən diversantların azad edilməsindən ibarətdir. Düşünürəm ki, Ermənistandakı seçkilərdən sonra artıq mənzərə aydınlaşacaq ki, erməni cəmiyyəti hansı yolu seçir. Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, sülh müqaviləsinin imzalanması konstruktiv yoldur. Bu çərçivədə atılan addımlardan biri də məhz mina xəritələrinin verilməsi olardı. Yaxud seçkidən sonra konfrontasiya yolunu seçə bilərlər. Bunu o siyasətçilər seçə bilərlər ki, onlar konfrontasiya yolu ilə gedirlər. Bu istiqamətdə getdiyi təqdirdə də əlbəttə ki, Ermənistandan mina xəritələrini heç gözləmək də lazım deyil. Çünki onların əsas məqsədi “Böyük Qayıdışı” əngəlləmək, maksimum bu prosesə maneçilik törətməkdir ki, minaları, mina xəritələtini də əsas maneə hesab edirlər. Buna da Azərbaycan hazır olmalıdır ki, onlar bu xəritələri verilməyə bilərlər və bir az ləngimələr olsa da, biz bu prosesi yekunlaşdıracağıq. Sadəcə olaraq bu, Ermənistana kiçik bir vaxt ərzində verilən imkan, şansdır, hansıki, ilk növbədə bu şans onların özlərinə lazımdır və onlar bunu dəyərləndirməlidirlər. Əgər dəyərləndirməyəcəklərsə, nəticəsi də onlar üçün, həmin dövlət üçün yaxşı olmayacaq”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB