YAP-AKP əməkdaşlığı yeni mərhələdə - TƏHLİL

YAP-AKP əməkdaşlığı yeni mərhələdə - TƏHLİL

YAP nümayəndə heyətinin Türkiyə səfəri və səfər çərçivəsində hakim AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və digər partiya rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaradır.

Xalqın partiyası olaraq Azərbaycan cəmiyyətində böyük nüfuz və rəğbət qazanan Yeni Azərbaycan Partiyası yarandığı gündən Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq ölkəmizdə siyasi və iqtisadi sabitliyin təmin olunması, demokratik islahatların davam etdirilməsi işinə mühüm töhfələr verməkdədir. Yeni Azərbaycan Partiyasına ötən illər ərzində tutduğu yola sadiqliyini sözdə deyil, əməldə sübut edib, xalqın partiyası imicini daha da möhkəmləndirib. Partiyamızın mütərəqqi uğurlarından biri də YAP-ın Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə işğal altında olan Qarabağımız azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Artıq ölkəmizdə Qarabağın azad edilməsi ilə yeni dönəm başlayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə tarixi çıxışlarının birində demişdir: “Yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran anti-milli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.

Regionda yaranan yeni reallıqlara əsasən, Azərbaycan prinsipial və qətiyyətli addımları ilə bölgənin inkişafına hesablanan növbəti addımlarını atmaqdadır. Xüsusən də, Azərbaycan-Türkiyə münasibətləri getdikcə daha da inkişaf etməkdədir.

Bu günlərdə Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyə səfəri və səfər çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və partiyanın digər rəsmiləri ilə keçirilən görüşlər və müzakirələr hər iki dövlətin əlaqələrinin inkişafına yeni imkanlar yaradır.

Hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib. Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, əməkdaşlığın genişləndirilməsi tərəflər üçün olduqca faydalıdır.

Eyni zamanda, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç ilə görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib, iyunun 2-də bu iki partiya arasında imzalanan əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq parlamentlər səviyyəsində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir.

Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımla görüşüb. AKP-nin mərkəzi qərargahında dostluq və səmimilik şəraitində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir.

Görüşdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşüb. AKP-nin Ankaradakı mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub.

Görüşdə Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə