"Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələri dostluq və qardaşlığa söykənir" - ŞƏRH
Bu gün Türkiyə Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluq-qardaşlığa söykənir və uğurla davam etdirilir. Əlbəttə ki, dövlətlər arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi dövrü əhatə edir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb və keyfiyyətcə yeni müstəvidədir. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti bir çox irimiqyaslı layihələrin gerçəklənməsinə səbəb olub. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını təşkil edir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələri bu baxımdan ən yaxşı nümunələrdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması fikirlərimizi bir daha təsdiqləyir. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğu, qardaşlığa söykənir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışların birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır".
Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində ölkəmiz Türkiyə ilə əməkdaşlığı daha da genişləndirir. Bütün bunlarla yanaşı, parlamentlərarası əlaqələr də çox uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının çox geniş əlaqələri mövcuddur. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəyə çevrilib. Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkişaf Partiyası xalqın etimadını qazanıb. Partiyaların qadınlar, gənclər təşkilatları və yerli strukturlarının arasında olan münasibətləri davamlıdır. Bu günlərdə Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul etməsi bu əlaqələrin davamlı və yüksək olduğunu bir daha göstərir. Görüş zamanı Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə əməkdaşlığın genişləndirilməsinin tərəflər üçün olduqca faydalı olacağını bildirib.
Xatırladaq ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət vəİnkişaf Partiyası xalqın etimadını qazanıb və bunu doğrulda bilib.Bütün sahələri əhatə edən əlaqələr parlametlərarası müstəvidə də yüksək səviyyədədir. Səfər çərçivəsində bir sıra görüşlər, tədbirlər keçirilib və bu parlamentlərarası əlaqələrin daha da genişlənməsi məqsədi daşıyır. Belə ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin hakim Ədalət vəİnkişaf Partiyası Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşü zamanı YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənib hazırlanması, Yeni Azərbaycan Partiyası iləƏdalət vəİnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər şəxslərinin, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib. Onu da bildirək ki, AKP-nin Ankaradakı mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında da əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub. Bu və ya digər əlaqələr ölkələr arasında dinamizmi möhkəmlənərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoymasını bir daha göstərmiş olur. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və Türkiyə Prezidenti, AKP Sədri Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin inkişafına böyük töhfə verməkdədir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB