Suraxanı rayonunda şəhidlərin övladları diqqət, sevgi və qayğı ilə əhatə olunublar FOTOLAR

Suraxanı rayonunda şəhidlərin övladları diqqət, sevgi və qayğı ilə əhatə olunublar FOTOLAR

Azərbaycan öz tarixi torpaqlarını vətən uğrunda canlarını qurban verən igid oğulları sayəsində düşmən tapdağından azad etmişdir. Vətənin bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban verən vətənpərvərlərin əmanətləri olan ailələri, övladları unudulmur və onlar istər dövlət orqanları, istərsə də cəmiyyətimiz tərəfindən ali diqqət, sevgi və qayğı ilə əhatə olunurlar. Suraxanı rayon sakinləri olmuş - Vətən müharibəsi şəhidi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun qızı İncinin 7 yaşı və Vətən müharibəsi şəhidi, cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş şəhid əsgər Manafov Osman Natiq oğlunun oğlu Natiqin 3 yaşı tamam olur. Bu münasibət ilə Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər hər iki ailəni ziyarət edərək, şəhidlərin övladlarını təbrik etmiş, doğum gününü qeyd edən balalarımıza hədiyyələr təqdim etmiş, şəhid ailələrinin qayğıları ilə maraqlanmışlar.

Vətən müharibəsi şəhidlərinə, qazilərinə və iştirakçılarına dövlət başçısı tərəfindən ayrılan diqqət və qayğını diqqətə çəkən rayon icra hakimiyyətinin başçısı Suraxanı rayonunda hər bir ailənin Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq diqqətdə saxlanıldığını, onların qarşıya çıxmış hər bir probleminə həssaslıqla yanaşıldığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosialyönümlü siyasətindən söz açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, rayonda bu sahədə ciddi iş aparılmaqdadır. İstər Vətən müharibəsi ərəfəsində, istərsə də post-müharibə dövründə xalqımız bir amal uğrunda öz rəhbərinin ətrafında monolit şəkildə birləşməyi bacarmışdır. V.Seyidov əlavə etmişdir ki, şəhidlərimiz vətən torpağına, övladları isə bizlərə əmanətdir.

Milli Məclisin deputatı Afət Həsənova dövlətin qayğısı nəticəsində şəhid ailələri və qazilərin bütün cari problemlərinin qısa zamanda həll olunduğunu diqqətə çatdırmışdır. A.Həsənova ona deputat kimi əhalinin həssas təbəqəsi sayılan şəhid ailələri və qazilər tərəfindən edilmiş müraciətlərə dərhal reaksiya verildiyini və bir çox məsələnin artıq həllini tapdığını bildirmişdir. Sonda hər iki şəhid ailəsi dövlət başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət, sevgi və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə