"Əgər ermənilər bu addımlarına davam edərlərsə,..." - POLİTOLOQDAN SƏRT REAKSİYA

"Əgər ermənilər bu addımlarına davam edərlərsə,..." - POLİTOLOQDAN SƏRT REAKSİYA

“Kəlbəcər həmin rayondur ki, ermənilər Azərbaycan kəndlərini boşaltmaq üçün noyabr ayında 15 gün də əlavə vaxt istəmişdilər. Azərbaycan da bu humanist addımı ataraq bu vaxtı onlara verdi. Amma indi belə məlum olur ki, bu gün iki jurnalistimizin həlak olduğu partlayış olan əraziyə baxsaq görərik ki, bura Kəlbəcərin içindədir. Yəni, cəbhə xətti belə deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın bu humanist addımından istifadə edərək, Ermənistan həmin əraziləri minalayıb: “Yəni, ermənilər bundan sui-istifadə edib. Bu bir daha göstərir ki, yumşaq və konstruktiv addımlarla Ermənistanla münasibət qurmaq qeyri-mümkündür. Belə halların təkrar olunması ilə artıq onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub ki, bu Azərbaycanın mövqeyinin sərtləşməsinə gətirib çıxaracaq”.

Politoloq sözlərinə belə davam edib: “İkinci tərəfdən beynəlxalq ictimaiyyət artıq görür ki, Ermənistanın qaldırdığı məsələlər tamamilə əsassızdır. Lakin, Azərbaycanın qaldırdığı mina məsələsi isə demək olar ki, hər gün bir insan həyatı aparır. Yəni, buna da əlbəttə ki, müvafiq münasibət bildirilməlidir. Fikir versəniz, son vaxtlar bir neçə dövlətin xarici işlər nazirliyi bəyanatla çıxış edib və mina məsələsini xüsusi olaraq qaldırıblar. Artıq bu, beynəlxalq ictimaiyyətin tələbidir. Onlar bu yolla Azərbaycanın tələbinə dəstək olurlar.

Ümumi isə demək olar ki, Ermənistanın belə qeyri-konstruktiv hərəkətləri Azərbaycanın mövqelərinin sərtləşməsinə və bölgədə bu konfrantasiya əhval-ruhiyəsinin inkişaf etməsinə gətirib çıxaracaq. Azərbaycan xarici siyasəti də, cənab Prezidentin də qeyd etdiyi kimi, biz hər iki ssenariyə hazırıq. Bura həm konstruktiv, həm də konfrantasiya daxildir. Yəni, buna Azərbaycanın həm insani, həm maliyyə, həm də hərbi resursu var. Seçim Ermənistanındır. Əgər onlar belə destruktiv addımlar atmağa davam edəcəklərsə, Azərbaycanın mövqeyi də ona uyğun olaraq ikiqat sərtləşəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə