“Gəncə qiyamına səbəb hakimiyyət böhranı idi” KOMİTƏ SƏDRİ FAKTLARI SADALADI
"Gəncə qiyamı barədə çox deyilib, çox yazılıb, buna hüquqi və siyasi qiymət verilib". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Komitə sədri vurğulayıb ki, bu, bizim tariximizdir, tariximizin bir qaranlıq, qara səhifəsidir, eyni zamanda, öyrəniləsi və ibrət çıxarılası, dərs götürüləsi bir səhifəsidir.
“Gəncə qiyamı niyə baş verdi və yaxud, Gəncə qiyamı baş verməyə bilərdimi, sualına birmənalı cavab vermək indi həqiqətən də mümkündür. Doğrudan da, əgər o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün böyük səhvləri olmasaydı, hakimiyyətin apardığı siyasət qısa müddət ərzində iflasa uğramasaydı, xalqın etimadını itirməsəydilər və Qarabağ cəbhəsində uğursuzluq baş verməsəydi, yəqin ki, bu qiyam da baş verməyəcəkdi və yaxud, baş tutmaya bilərdi.
Şübhəsiz ki, bu qiyamın təşkilatçısı və həyata keçirən Surət Hüseynov və onun əlaltıları hüquqi məsuliyyət daşıyırdılar və o məsuliyyəti də daşıdılar, həbs də olundular, mühakimə də edildilər, onların cinayətlərinə də hüquqi qiymət verildi. Amma, eyni zamanda bu hadisə niyə baş verdi, sualına gələndə, şübhəsiz ki, Xalq Cəbhəsi hakimiyyətinin apardığı siyasətin doğru olmadığı, xalqa yönəlik olmadığı bir daha ortaya çıxır və dövlətin qurulması prosesində onların müsbət rolu əvəzinə dağıdıcı fəaliyyəti olduğu da ortaya çıxır.
Surət Hüseynov kim idi? Surət Hüseynov, əslində, Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı dırnaqarası bir qəhrəman idi. Xalq Cəbhəsi hakimiyyəti ona Milli Qəhrəman adı vermişdi, onu baş nazirin müavini vəzifəsinə təyin etmişdi, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin etmişdi, eyni zamanda o Milli Məclisin deputatı idi və bu qədər səlahiyyətləri gənc yaşında və bu qədər də xüsusi istedadı və savadı olmayan adam üzərinə toplayanda şübhəsiz ki, müxtəlif ölkələrin də xüsusi xidmət orqanlarının nəzarəti altına düşmə etimalı da böyük idi.
Gəncə qiyamının baş verməsinə səbəb, şübhəsiz ki, hakimiyyət böhranı idi. Hakimiyyət böhranı, Gəncə qiyamı da olmasaydı, başqa bir yerdə, istər o zaman Lənkərandamı, Qusardamı, Şəkidəmi, hardasa belə bir hadisə baş verəcəkdi və heç şübhəsiz ki, Xalq Cəbhəsinin hakimiyyəti idarəetmə üsulu iflasa gətirib çıxarmalı idi. Cəmi bir il ərzində bunlar xalqın etimadını itirdilər ki, Əbülfəz Elçibəy öz hakimiyyətini müdafiə etmək üçün xalqı Prezident Aparatının qarşısına dəvət edəndə ora 200-dən çox adam yığılmadı. Hansı ki, cəmi bir il ondan öncə minlərlə adam mitinqlərə yığışırdı və Xalq Cəbhəsini dəstəkləyirdi. Amma qısa müddət ərzində dəstəklədikləri insanların onların ümidlərini doğrultmadığının şahidi oldular.
İqtisadi böhran, hakimiyyət böhranı, cəbhədə böhran, torpaqların işğal altına düşməsi, get-gedə Xalq Cəbhəsi hakimiyyətində müxtəlif rəhbər vəzifə tutan insanların özlərinin hakimiyyət iddialarının ortaya qoyulması ilə, istər İsa Qəmbərin, istər İskəndər Həmidovun, istər Rəhim Qazıyevin və digərlərinin artıq hakimiyyətə iddia etmələri ilə yarandı. Bu böhran olmaya bilərdimi, qarşısı alına bilərdimi? Əlbəttə, amma yeganə o halda alına bilərdi ki, xalq hakimiyyətə etimad göstərərdi. Xalq isə hakimiyyətə etimad göstərmədi.
Nə yaxşı ki, Ümummilli Lider Heydər Əliyev o zaman Azərbaycan xalqının təkidli tələbini nəzərə alaraq Bakıya gəldi, bütün məsuliyyəti öz üzərinə götürərək, hətta, mən deyərdim ki, öz həyatını risk altına qoyaraq, Gəncəyə getdi, yerindəcə şəraiti öyrəndi, Surət Hüseynovla görüşdü, onların tələblərini dinlədi və yenidən Bakıya gələrək, Milli Məclisin sədri vəzifəsini öz üzərinə götürərək, bu böhranın dərinləşməsinin, vətəndaş müharibəsinə keçməsinin qarşısını alaraq, dinc yolla həll etməyə nail oldu. Ondan sonrakı dövrlərdə də Ulu Öndər Heydər Əliyevin apardığı siyasət xalqın bütün etimadını qazanaraq yavaş-yavaş dövlətçiliyimizin möhkəmlənməsinə gətirib çıxardı. Məhz buna görə Heydər Əliyevin Milli Məclisin sədri vəzifəsinə seçildiyi 15 iyun tarixini xalqımız haqlı olaraq Milli Qurtuluş günü kimi qeyd edir.
Biz 1991-ci ilin oktyabrında müstəqilliyimizi elan etsək də dövlətimizin həqiqi qurulma tarixi məhz 1993-cü ilin 15 iyun tarixindən başlayır. Məhz həmin hadisədən, 15 iyun tarixindən sonra isə yavaş-yavaş bu siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, Azərbaycan dövlətçiliyi qurulmağa başladı. Bu hadisələrdən bir il sonra, 1994-cü ilin iyun ayının 4-də də Surət Hüseynov analoji bir hərəkətə, qiyama cəhd etdi, amma qiyam qətiyyətlə yatırdıldı. Çünki, xalq Ulu Öndər Heydər Əliyevə inanırdı, xalq öz liderinin arxasında idi və lider-xalq birliyinin həqiqi gücünü o zaman Azərbaycanı istəməyən qüvvələr də gördü.
Sual oluna bilər, Surət Hüseynovun arxasında başqa dövlətlərin xarici xidmət orqanlarının gücü və marağı vardımı? Bəli, təbii ki, var idi və bunlar da məhkəmə yolu ilə qismən sübut olundu. Təbii ki, var idi və müxtəlif güclər də Azərbaycanda qarşıdurma törətməklə dövləti zəiflətmək, parçalamaq, öz təsir dairələrinə salmaq niyyəti güdürdülər”, deyə millət vəkili Musa Quliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB