"Surət Hüseynov və digərləri yerli xanlıqlar yaradırdılar" - DEPUTAT DANIŞDI

"Surət Hüseynov və digərləri yerli xanlıqlar yaradırdılar" - DEPUTAT DANIŞDI

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi 15 iyun 1993-cü ilə qədər çox dramatik səhifələrini yaşayıb. Bütün bunlar hamısı hakimiyyətə hazır olmayan təsadüfi qrupların hakimiyyətə gəlməsi, Azərbaycanın milli maraqlarının nəzərə alınmaması və müstəqilliyin bərpasının ilk illərinin çox böyük imkanlarının əldən verilməsi idi. 4 iyun 1993-cü il qiyamı da məhz bu səbəblərdən qaynaqlanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bir-birinin ardınca hakimiyyətə iddialı şəxslərin addımları Azərbaycanda gərginlik, vətəndaş müharibəsi təhlükəsi, ən pisi isə dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinə gətirib çıxarırdı: “Surət Hüseynov məsələsinə ancaq şəxsi baxımdan baxmaq düzgün deyil. Ümumi prosesin bir hissəsidir. Əbülfəz Elçibəy, İsa Qəmbər hakimiyyətə küçədən heç bir hazırlıq olmadan gəlmişdilər. Hazırlıqsız komandanın Azərbaycan qarşısında duran ağır məsələləri həll edə bilməməsi hakimiyyət daxilində qrupların mübarizəsinə, hakimiyyət yorğanını daha çox öz tərəfinə çəkməsinə gətirib çıxarır”.

Deputat sözlərinə belə davam edib: “Tək Surət Hüseynov deyil, digərləri də bu və ya digər formada hakimiyyətə tabe olmayaraq, yerli xanlıqlar yaradırdılar. Nəticədə isə Azərbaycanın müstəqilliyi itirilmək təhlükəsi qarşısında idi. Heç də təsadüfi deyil ki, həmin dövrdə yeganə stabil bölgə və dövlətçiliyin inkişaf modeli Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan bölgəsindədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi buraya təsadüfi qrupların gəlməsinin qarşısını aldı. O, hakimiyyətə gəlişin qiyam, çevriliş, küçədə təzyiq vasitəsilə deyil, ancaq seçkilər yolu ilə olmasının əsasını qoydu. Ən əsası isə Azərbaycan xalqı gördü ki, gərgin mübarizə aparan qrupların hakimiyyət uğrunda mübarizəsindənsə, bütün enerjini yeni Azərbaycanın qurulmasına yönəltmək hər bir kəsin marağındadır. Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığını özünün bir çox bəlalardan xilası kimi qiymətləndirir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə