"COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsi" - MƏQALƏ
Bir ildən artıqdır ki, dünya COVİD-19 pandemiyasının əsarətindədir. Bu müddət ərzində ölkələr bir sıra problemlərlə qarşılaşmışdır. Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilib. Bu sessiya “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmişdir. Mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilmişdir. Prezident öz çıxışında bildirmişdir ki, pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanları səfərbər olunmuşdur. İqtisadiyyata mənfi təsirin azaldılması məqsədilə hökumətimiz tərəfindən ötən müddət ərzində sistemli tədbirlər görülmüşdür. Pandemiyanın mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində yardım paketləri hazırlanmış, həyata keçirilmişdir.
Azərbaycan pandemiya ilə ilk günlərdən mübarizə aparmış, bu münasibətlə 13 modul tipli, 1 daimi xəstəxana inşa edilmişdir. Hal-hazırda pandemiya ilə mübarizə aparmağın əsas yolu əhalinin vaksinasiya olunmasıdır. Ölkəmizdə indiyə qədər əhalinin təxminən 20%-i vaksinasiya olunmuşdur. Azərbaycanda "Sinovac", "AstraZeneca" və "Sputnik" peyvəndlərindən istifadə edilir. Peyvəndləmə könüllü şəkildə həyata keçirilir.
Azərbaycan hər zaman olduğu kimi, pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalmış, humanitar təşəbbüslərlə çıxış edən ölkələrdən olmuşdur. Buna görə də Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Prezident qeyd etmişdir ki, belə hallar ciddi narahatlıq doğurur.
Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik vacib amillərdəndir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini qeyd etmiş, Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Həm Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, həm də 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası zamanı Azərbaycan bu problemlərə toxunmuş, az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.
Prezident, həmçinin bildirmişdir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Biz dövlətimizin pandemiya dövründə xalq üçün, vətəndaşlar üçün gördüyü bir sıra işlərin şahidi olmuşuq. İlk gündən xəstəxanaların tikilməsi, yardım paketlərinin hazırlanması, insanların tibbi ləvazimatlarla təmin olunması və bir çox tədbirlərin həyata keçirilməsi xalqa verilən dəyərin göstəricisidir. Azərbaycan, nəinki öz vətəndaşlarına, hətta bütün dünya əhalisinə qarşı humanistlik göstərmiş 30-dan çox ölkəyə yardım etmiş, vaksinlərin ədalətli bölgüsünü tələb etmişdir. Əbəs yerə deyil ki, ölkəmiz ÜST tərəfindən nümunəvi ölkə kimi təqdim edilmişdir. Bütün bunlar aparılmış düzgün siyasətin, vaxtında atılmış addımların, uğurlu islahatların nəticəsidir. Biz inanırıq ki, ölkəmiz zamanında başlamış və problemsiz davam edən vaksinasiyanın sonunda COVİD-19 pandemiyasından xilas olacaq, həyat öz axarına geri dönəcəkdir.
Seyran Cəfərli
237 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB