“Çin bu münasibəti yalnız Azərbaycana göstərir” DEPUTAT ŞƏRH ETDİ

“Çin bu münasibəti yalnız Azərbaycana göstərir” DEPUTAT ŞƏRH ETDİ

"Hazırkı dövrdə böyük iqtisadiyyata malik ölkələrdən biri kimi Çinin beynəlxalq miqyasda siyasi rolunun da getdikcə artması müşahidə olunur və artıq yeni yaranmış vəziyyətdə Pekinin xüsusi diqqət mərkəzində yer alan məkanlardan biri Cənubi Qafqazdır". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili vurğulayıb ki, Çinin də burada əsas müttəfiq qismində Azərbaycanı qəbul etməsi aydın görünür.

“Ümumiyyətlə, son dövrlərdə Çin Azərbaycanla iqtisadi, siyasi, hərbi və digər istiqamətlər üzrə əməkdaşlığı genişləndirir. Qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycanın və Çinin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün əlverişli imkan yaradır.

Son vaxtlar iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan davamlı yüksəliş, o cümlədən Azərbaycandan Çinə ixracın artmasında Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq komissiyasının rolu böyükdür. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan məhsullarının Çin bazarında təşviqi məqsədilə kompleks addımlar atılır, Azərbaycan Çində təşkil olunan beynəlxalq sərgilərdə "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur. Bu tədbirlərin nəticəsi olaraq Azərbaycan məhsullarının Çinə ixracı istiqamətində bir sıra razılaşmalar əldə olunub, müqavilələr imzalanıb. Hazırda Azərbaycan məhsullarının Çinin "BHG" və "DIG" kimi irimiqyaslı supermarketlər şəbəkəsində satışı həyata keçirilir. "Made in Azerbaijan" brendinin Çin bazarında təşviqi məqsədilə bu ölkədə Azərbaycanın ticarət və şərab evləri yaradılıb. Yaxın zamanlarda Çində daha bir neçə şərab və ticarət evinin açılması nəzərdə tutulur.

Azərbaycanın Çinlə hərbi sahədə də əlaqələrinin yeni inkişaf dövrü başlanır və region ölkələri arasında Çin bu münasibəti yalnız Azərbaycana göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Çin kimi böyük bir ölkənin timsalında özünə mühüm bir tərəfdaş qazanır. Bundan isə ən çox narahat olanlardan biri Ermənistandır. Çünki Ermənistanın indiyə qədər Çinlə yaxınlaşmaq niyyəti hansısa ciddi nəticələr verməyib”, deyə Müşfiq Cəfərov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə