Çörçillin anası hesabına “mühüm” dövlətə çevrilən Fransa REZÜME

Çörçillin anası hesabına “mühüm” dövlətə çevrilən Fransa REZÜME

Yaxud, Allah dünyanın üzünə baxıb...

Artıq sirr deyil və tamamilə açıq-aydın görünür ki, son vaxtlar Fransanın adı yalnız qalmaqallı bəyanatlar, əsassız ittihamlar, mənasız siyasi manevrlər və digər ölkələrin siyasətinə qarışmaq cəhdləri ilə bağlıdır. Sanki bu Robespyerin, Napoleonun və Şarl de Qollun ölkəsi deyil. Vaxtı ilə kifayət qədər nüfuzu olan bu ölkə son dövrlərdə cılız və uğursuz siyasi avantüralarla məşğul olur: Liviyada Həftarı, Belarusiyada Tixanovskayanı və nəhayət - Ermənistanı və Paşinyanı dəstəkləyir. Yəni Makron indi özünə əl qatıb ki, de Qollun, Jak Şirakın, Fransua Mitteranın dövründəki rolu oynasın, amma sabiq Rusiyanın mərhum baş naziri Çernomırdin demişkən: “İstəyir ki, yaxşı alınsın, amma yenə həmişəki kimi alındı”.

İndi də Emmanuel Makron, qaş düzəltmək istəyərkən, hər dəfə vurub göz çıxarır. Görün nə yerə çatıb ki, Fransa hərbçiləri ölkələrində çevriliş təhlükəsi haqqında artıq üç ardıcıl bəyanat veriblər. Fransa dağılır və olan-qalan nüfuzunu itirir, üstəlik, Ermənistan kimi cılız və saxta dövlətin səviyyəsinə düşərək onunla “bir nömrəli müttəfiqə” çevrilir!

Allah sənə rəhmət eləsin, Mirzə Fətəli, yaxud Emmanuel Makron Müsyö Jordandan hansı ibrəti götürməlidir?

Allah sənə rəhmət eləsin, Mirzə Fətəli Axundov! Yəqin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsərindəki hadisələrinin həqiqətdə lakin bir az da fərqli formada nə vaxtsa baş verəcəyini bilmirdi. Yəni fransız botaniki Müsyo Jordan gəlib Qarabağda təbii təbabət araşdırmaları aparan müddətdə Parisdə inqilablar baş verir və elə eyni qaydada Makron da bu regionu tərk edib Parisə dönsə daha yaxşı olar. Yoxsa Parisi partladacaqlar...

Yeri gəlmişkən, belə bir ideya ilə də çıxış edə bilərik ki, bizim Fransadakı səfirliyimiz bu möhtəşəm əsərin fransız dilində olan ilk çap nümunəsini cənab Makrona göndərsin. Makron da özünün sərsəm siyasi baxışlarından, uyğunsuz yuxularından ayılsın və bəlkə də, nəhayət (!) Qarabağın harada olduğunun və ora etdiyi müdaxilənin necə nəticələnə biləcəyini anlasın...

Amma yəqin bir çoxları onu da bilmirlər ki, Fransa BMT Təhlükəsizlik Şurasına necə üzv seçilib, süni olaraq dünyada “söz yiyəsinə” necə çevrildi. Cavab isə bir o qədər də dərində deyilmiş...

Çörçill Ruzvelti necə yola gətirdi?

İkinci Dünya Müharibəsi təzə qızışırdı. Artıq Almaniya SSRİ-yə qarşı müharibə aparırdı və 1941-ci ilin avqust ayında ABŞ Prezidenti Franklin Ruzvelt Britaniyanın lideri Uinston Çörçillə görüşdə təklif edir ki, İkinci Dünya Müharibəsindən sonra güclü dövlətlərdən ibarət yeni beynəlxalq qurum yaradılmalıdır və həmin qurum “dünya polisi” funksiyalarını yerinə yetirməlidir. Müharibənin gedişi və yaponların ABŞ-ın hərbi bazası olan Perl-Harbora hücumundan sonra Teodor Ruzvelt öz təklifini daha da təkmilləşdirərək, onu “Dörd Polis” konsepsiyasına çevirir. Konsepsiyanın əsas ideyası onda idi ki, “Dörd Böyüklər”, yəni ABŞ, Britaniya, SSRİ və Çin bütün dünyanın nəzarət dairələrinə bölməklə məsuliyyət daşıdıqları ərazilər üzrə təhlükəsizliyin təminatı funksiyalarını həyata keçirirlər. Sonralar məhz bu konsepsiya BMT və onun Təhlükəsizlik Şurasının yaradılması üçün əsasa çevrildi. BMT-nin yaradılmasına dair ilk qərarlar 1944-cü ilin avqustun 21-dən oktyabrın 7-dək davam edən “Beynəlxalq Sülhün və Təhülkəsizliyin Təşkilinə dair Vaşinqton Danışıqları” zamanı müzakirə edilib təsdiq olunmuşdu.

Fikir versək, Fransa bu proseslərin heç birinə cəlb olunmamışdı. Lakin 25 avqust 1944-cü ildə Paris nasistlərdən azad olunduqdan sonra Çörçill yeni yaranacaq BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına Fransanın daxil edilməsinə dair bu təşəbbüsün qəti əleyhdarı olan Ruzveltə təzyiqlər etməyə başlayır. Uzun və yorucu danışıqlardan sonra ABŞ Fransanın da TŞ daimi üzvləri siyahısına daxil edilməsinə qismən razılıq verir, lakin Fransa BMT-in yaradılmasına dair heç bir proseslərə cəlb edilmir.

Uinstonun anası Cenni Spenser Çörçill ABŞ-ın tanınmış Fransa mənşəli maliyyəçisi Leonard Valter Jeromenin qızı idi

Və indi də gəlirik əsas məsələyə, yəni Çörçillin Fransanı bu qədər sevməyinin səbəblərinə. Səbəblər isə çox adidir. Belə ki, Uinstonun anası Cenni Spenser Çörçill ABŞ-ın tanınmış Fransa mənşəli maliyyəçisi Leonard Valter Jeromenin qızı idi. Jeromenin kökü fransız huqenotlarından gəlir və bu tayfanın ilk nümayəndələri ABŞ-a hələ 1717-ci ildə mühacirət etmişdilər və ata tərəfdən isə onun hətta Corc Vaşinqtona da qohumluğu çatır.

Uzun sözün qısası, anasını sevən Uinston Fransa tarixinə və mədəniyyətinə daima böyük sevgi bəxş edirdi və o səbəbdən hesab edirdi ki, Fransaya mütləq böyük dövlət statusu verilməlidir. Beləliklə də, Çörçillin anasına olan sevgisi bütün dünyanı bax beləcə Fransanın yekəbaşlığı qurbanına çevrib.

Yaxşı ki Çörçillin anası erməni olmayıb, yoxsa dünya ümumiyyətlə, baş-ayaq dayanardı

Nəticədə, indi bu dövlət hesab edir ki, BMT TŞ-nın üzvü olaraq digər dövlətlərin daxili işinə qarışa, hansısa regionlardakı proseslərə müdaxilə edə bilər. Bir sözlə, Fransa sözlə layiq olmadığı və sırf təsadüf nəticəsində əldə etdiyi səlahiyyətlərindən sui-istifadə etməklə məşğuldur. Özü də Fransanın ona hədiyyə edilən TŞ-dakı yerindən səmərəsiz istifadə etdiyini bütün dünya şox yaxşı görür və dərk edir. Əbəs yerə deyil ki, hələ 2018-ci ilin noyabrında Almaniyanın maliyyə naziri Olaf Şolts Fransaya təklif etmişdi ki, Paris TŞ-dəki öz yerini Avropa İttifaqına versin ki, Avropa İttifaqı beynəlxalq müzakirələrdə daha fəal iştirak etsin. Lakin fransızlar böyük hay-küy, əsl fransızsayağı şivənlər qaldıraraq guya bunun mümkün olmadığını deyib, almaniyalı nazirin, əslində, münbit olan təklifi rədd etdilər.

Və baxın, indi Ermənistan bizi, regionda söz sahibinə çevrilmiş Azərbaycanı bu əhəmiyyətsiz və nüfuzsuz bir dövlətlə qorxudur. Nə deyək, yaxşı ki Çörçillin anası erməni olmayıb, yoxsa dünya ümumiyyətlə baş-ayaq dayanardı. Necə deyərlər, Allah dünyanın üzünə baxıb və Çörçillin anasını fransız edib…

Aydınoğlu,

Rövşən NURƏDDİNOĞLU,

Bütün xəbərlər Facebook səhifəmizdə