Əli Məmmədov: \"Azərbaycanın dövlətçilik tarixi çox qədim köklərə söykənir\" (Səs tv)

Əli Məmmədov: \"Azərbaycanın dövlətçilik tarixi çox qədim köklərə söykənir\" (Səs tv)

Tarix elmləri doktoru, professor Əli Məmmədov və tarix elmləri namizədi dosent Səmayə Mustafayevanın Səs Tv-yə müsahibəsi:

-28 May Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi, siyasi əhəmiyyəti nədən ibarətdir?

Əli Məmmədov: - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və bu gün də öz tarixi əhəmiyyətini qoruyub saxlaması bütün dünya azərbaycanlılarının şərəf tarixidir. 28 May tarixi xalqımızın 150 ilə yaxın bir dövr ərzində azadlıq uğrunda müstəmləkəçiliyə qarşı verdiyi mübarizənin tarixi, faktiki qələbəsidir. Xalq Cümhuriyyətinin qurulmasında və inkişafında yüzlərlə gəncin, maarifçilərin əməyi var. Azərbaycanın dövlətçilik tarixi antik dövrlərdən başlayaraq çox qədim köklərə söykənir. Yəni burada söhbət əslində 20 ildə qazanılan dövlətçilikdən getmir. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrinin yaradılması üçün sıfırdan başladı. Çünki, o dövrlərdə ölkədə nə iqtisadi, nə sosial, nə də siyasi proses bu vəziyyət üçün uyğun deyildi. Lakin böyük məharətlə görülən işlər nəticəsində dövlətçiliyin yaradılması sahəsində ciddi addımlar atıldı və nəticədə Azərbaycan xalqı demokratik adını qazandı.

-İstiqlal Bəyannaməsinin qəbul olunmasının əsas prinsipləri nədən ibarət idi?

Səmayə Mustafayeva: -Azərbaycan Xalq Cümhuriyyətindən söhbət açanda yada salmaq lazımdır ki, bu cümhuriyyət bizim itirilmiş azadlığımızı geri qaytardı, milli şüurun formalaşmasını təsdiq etdi və xalqımızı müstəmləkəçilikdən azad etdi. Bununla da sübut olundu ki, Azərbaycan xalqı öz tarixi müqəddəratını özü təyin etməyə hazırdır. O dövrdə rus burjuaziyasının siyasi və iqtisadi zəifliyi elə bil məqama çıxarmışdı ki, burada müstəqillik qazanmaqla bağlı düşünmək tamamilə xəyal idi. İstiqlal Bəyannaməsi qəbul olunduqdan sonra Azərbaycan Milli Şurası təşkil edildi. Ümumiyyətlə, o dövrdə Azərbaycanda ikihakimiyyətlilik hökm sürürdü. Belə ki, bunlardan biri, Bakıda Stepan Şaumyanın başçılığı altında fəaliyyət göstərən Xalq Komissarlar Soveti və 1918-ci ilin avqust ayından isə Mərkəzi Kaspi Diktaturası idi. Ancaq 1918-ci ilin sentyabr ayında Bakı türklər və könüllü Azərbaycan qoşunları tərəfindən azad edildikdən sonra Xalq Cümhuriyyəti Bakıya köçdü və Azərbaycanda ikihakimiyyətliliyə son qoyuldu. İstiqlal Bəyannaməsi qəbul olunduqdan sonra ordu sahəsində islahatlar, dövlət atributlarının yaranması və qorunmasına nail olundu. O dövrün liderlərinin ən gözəl tərəfi də onların məmur deyil, dövlətə qulluq edən xadimlər olması idi.

-Parlament sədri Əli bəy Topçubaşovun 1919-cu ildə Vilsonla görüşü Azərbaycan Xalq Cümhuriyyətinin xarici diplomatik uğuru sayıla bilərmi?

Əli Məmmədov: -Əvvəla qeyd edim ki, ziyalılarımızın dediyi kimi, dövləti yaratmaq nə qədər çətindirsə onun mühafizə olunması ondan da çətindir. Düzdür, Azərbaycan 30 dövlət tərəfindən beynəlxalq aləmdə müstəqilliyi ilə tanındı, lakin ölkəmizin tarixi arenaya çıxması heç də Vilsonun xeyir-duası ilə əlaqəli deyil. Qeyd etmək lazımdır ki, Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də bu qısa zaman kəsiyində çox böyük və önəmli işlər görüb.

-Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu xarici, yoxsa daxili amillərlə əlaqələndirmək lazımdır?

Səmayə Mustafayeva: -Xalq Cümhuriyyətinin süqutunu birmənalı şəkildə xarici qüvvələrlə əlaqələndirmək lazımdır. Çünki, 11-ci Qızıl Ordu artıq gəlmişdi və Azərbaycan rus ordusuna tabe edilmişdi. Əslində Qızıl Ordu Atatürkə yardım etmək məqsədilə gəlmişdi. Amma təbii ki, bu bir bəhanə idi. Əsas səbəb Azərbaycanda bolşeviklərin hakimiyyətini təmin etmək idi. Bunun kimi bir sıra xarici təsirlər Xalq Cümhuriyyətinin süqutuna gətirib çıxardı.

Bütün xəbərlər Facebook səhifəmizdə