“Rusiya özü qırmızı xətləri müəyyənləşdirir” POLİTOLOQ DETALLARA TOXUNDU
Qərb hərbi birləşməsi Rusiyanın ən güclü birləşmələrindəndir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.
Politoloqun sözlərinə görə, bu birləşmə, Arktikadan Qara Dənizə qədər Rusiya ərazisinə nəzarət edir.
“Nəzərə almaq lazımdır ki, NATO da bir neçə il ərzində şərqi Avropada hərbi bazalarını gücləndirib. Eyni zamanda Belorusiyada cərəyan edən son proseslər və bir neçə ay bundan əvvəl, ilin əvvəlindən Ukraynanın Donbas vilayətində eskalasiyaya doğru addımlar atılırdı və hərbi birləşmələr hər iki tərəfdən münaqişə bölgəsinə yerləşdirilirdi. Yəni, bu nöqteyi nəzərdən Rusiya da yeni məntəqələrin salınmasına qərar verdi. Rusiya, Putinin də dediyi kimi, özü qırmızı xətləri müəyyənləşdirir və eyni zamanda NATO ilə münasibətdə, Ukrayna ilə münasibətdə güc faktorundan daim istifadə edir. Bu məsələni də, yəni, 20-dən çox yeni məntəqələrin formalaşmasını məhz bu yanaşma kontekstində başa düşmək lazımdır.
Bölgə ölkələri üçün bu, birincisi o deməkdir ki, artıq son 5 il ərzində bu bölgə militarizasiyaya doğru, yəni hərbləşməyə doğru gedir. Onun nəticəsidir ki, diplomatik yollarla olan ziddiyətləri aradan qaldırmaq mümkün deyil, sanksiyalar dövrüdür və bu dövrdə də güc faktoru önə çəkilir. Ona görə də məhz hərbləşmə son dövrlərin bir trendinə çevrilibdir.
Cənubi Qafqaz üçün əlbəttə, bu yeni bir şey deyil. Azərbaycan Respublikası hər zaman həm iqtisadi gücə, həm yumşaq gücə, amma ən çox hərbi gücə üstünlük veribdir və 44 günlük müharibə də bunu göstərdi. Dünyada yeni formalaşan trend budursa, Azərbaycan son 25 il ərzində məhz hərbləşməyə üstünlük veribdir və bunun nəticəsini də görübdür”, deyə Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB