"Fars körfəzi-Qara dəniz" dəhlizi Ermənistana Zəngəzuru qorumağa və blokadadan çıxmağa imkan verəcəkmi? - ANALİZ

"Fars körfəzi-Qara dəniz" dəhlizi Ermənistana Zəngəzuru qorumağa və blokadadan çıxmağa imkan verəcəkmi? - ANALİZ

İranın təşəbbüskarı olduğu "Fars körfəzi-Qara dəniz" beynəlxalq tranzit dəhlizinin geosiyasi perspektivləri “Sputnik Armenia”nın əməkdaşı Artyom Erkanyan tərəfindən nəzərdən keçirilib. Məqalənin maraqlı olduğunu nəzərə alıb oxucularımıza təqdim edirik.

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin İrəvana və Bakıya regional səfəri, ilk növbədə sabitliyi İran üçün son dərəcə vacib olan Sünik (Zəngəzur-E.B.) bölgəsində davam edən sərhəd hadisələrindən qaynaqlandı. Bu bölgədəki siyasi varlıq Tehran üçün prinsipial bir məsələdir. Və bu mənada İslam respublikası rəhbərliyinin təşviq etdiyi "Fars Körfəzi-Qara dəniz" qlobal nəqliyyat dəhlizinin yaradılması layihəsi olduqca böyük əhəmiyyət qazanır. Yerevanda aparılan danışıqlar, görünür, bu layihənin həyata keçirilmə mərhələsinə gətirilməsinə kömək edəcəkdir. Ermənistan qlobal nəqliyyat zəncirinin bir halqasına çevrilməklə hansı geosiyasi üstünlükləri qazana bilər?

Qərblə İran arasındakı münasibətlərin istiləşməsinə meyil yeni reallıqlar yaradır. ABŞ sanksiyalarının ləğvinin İranda iqtisadi böyüməyə səbəb olacağı şübhəsizdir. Ölkənin coğrafi mövqeyi, Asiya bazarlarını Cənub-Şərqi Avropadakı istehlakçılarla birləşdirən böyük bir tranzit mərkəzi olma fürsətinə etibar etməyə imkan verir. İran iqtisadiyyatına 400 milyard dollar sərmayə qoymağı vəd edən Çinlə bağlanmış son müqavilə İranın çiyinlərini tez bir zamanda düzəltməsinə kömək edəcək. Bundan əlavə, İran, Çin mallarının Avropaya çatdırılması üçün Pekində əsas tərəfdaş kimi qəbul edilir. Süveyş Kanalında baş verən son hadisə- bir konteyner gəmisinin digər gəmilərin yolunu uzun müddətə bağlaması- daşıyıcıları alternativ variantları düşünməyə sövq etdi.

İranın Avropaya çatmaq üçün bir neçə marşrutu var. Onlardan biri Azərbaycandan - Xəzər dənizi sahillərindən keçir. Bu məqsədlə Qəzvin-Rəşt-Astara dəmir yolu çəkilir, hansı ki, istifadəyə verilməsi göründüyü kimi, uzaqda deyil. Ancaq keçən il Qarabağdakı müharibə, Tehranı mənafeləri İranla həmişə üst-üstə düşməyən Türkyə və Azərbaycanı atlayaraq rabitə qurmağın zəruriliyi barədə düşünməyə vadar etdi. Bu, Ermənistan ərazisindən keçən "Fars körfəzi-Qara dəniz" nəqliyyat dəhlizinin yaradılması layihəsinin aktuallığını izah edir.

Azərbaycanın Ermənistanın Sünik bölgəsinə meyilliliyi danışıqların sürətlənməsinə səbəb oldu. Şübhəsiz ki, Zərifin Paşinyan administrasiyasının nümayəndələri ilə apardığı danışıqlar zamanı bu layihənin perspektivlərinin müzakirəsinə xüsusi diqqət yetirilmişdir. Zərifin səfəri ərəfəsində respublika hökuməti yaxın gələcəkdə İrandan tranzit üçün alınan rüsumların bir neçə dəfə azaldılacağı barədə məlumatı təsdiqlədi. Bu, danışıqların yeni mərhələyə keçməsini göstərən çox vacib bir siqnal idi.

Layihə nədir və iştirakçıları kimlərdir? Ermənistan və Gürcüstandan əlavə, İran əvvəlcə Bolqarıstan və Yunanıstanı əməkdaşlığa cəlb etdi. 2016-cı ildən bu günə qədər bu beştərəfli formatda - Tehran, Sofiya, Tbilisi və Yerevanda beş mərhələ məsləhətləşmələr aparılmışdır.

Hindistan və Çin də layihədən faydalananlar hesab olunur, lakin Dehli və Pekin hələ də məsləhətləşmələrə qoşulmayıb. Təklif olunan logistika aşağıdakılardır: Hindistan və Çindən mallar İranın Bəndər Abbas limanına çatır, oradan Ermənistana avtomobil yolu ilə, daha sonra dəmir yolu ilə Gürcüstanın Potisinə, oradan Qara dənizdən keçərək, Bolqarıstan və Yunanıstan limanları. Nəqliyyat dəhlizinin işləmə prinsiplərinə dair ilkin razılaşma layihəsi artıq hazırdır. Sənədin yaxın gələcəkdə Sofiyada imzalanacağı və daha sonra qalan bütün texniki məsələlərin həlli üçün səlahiyyət veriləcək bir koordinasiya şurası yaradılacağı güman edilir.

Layihənin aşkar üstünlükləri var. Hər şeydən əvvəl, bu dəhlizin mümkün olanların ən qısası olduğu nəzərə çarpır. Bundan əlavə, Ermənistan və İranın heç bir ziddiyyətinin olmadığı və gözlənilmədiyi ölkələrin ərazisindən keçir. İrəvan üçün Sünik bölgəsindən keçən dəhlizin Tehranı bu bölgənin bütövlüyü və təhlükəsizliyini təmin etmək məsuliyyətini hiss etdirməsi son dərəcə vacibdir. Nəqliyyat dəhlizinin fasiləsiz işləməsini təmin etmək ehtiyacı, Tehranın Sünikdəki siyasi və gələcəkdə, hətta hərbi mövcudluq iddiasını əsaslandıracaq qanuni bir motiv verir.

İndi çatışmazlıqlar barədə. Onlar da üzdədirlər. Əsas çatışmazlıq yük daşınmasının çoxmodallığıdır. Konteynerlər bir neçə dəfə yenidən yüklənməlidir, əvvəl yük gəmilərindən qoşqulara, daha sonra dəmir yolu vaqon platformalarına, sonra yenidən yük gəmilərinə, daha sonra yenidən platformalara. Baha başa gəlir və çox vaxt aparır.

İkinci problem maliyyədir. Layihə üçün lazım olan bütün infrastrukturun qurulması üçün 100 milyon dollardan çox pul lazımdır. İran bütün xərcləri öz üzərinə götürməyəcək. Göründüyü kimi, ölkələrin hər biri işi öz ərazisində maliyyələşdirəcəkdir. Bolqarıstan hökuməti artıq öz vəsaitlərindən istifadə edərək Burqas və Varnada xüsusi terminallar tikməyə hazır olduğunu təsdiqləyib.

Gürcüstan əlavə investisiya qoyulmadan işə başlaya bilər. Limanları və yolları, prinsipcə, lazımi tələblərə cavab verir.

Nəqliyyat infrastrukturu hələ belə bir qlobal layihədə iştirak etmək üçün lazım olan səviyyədən çox uzaq olan Ermənistanla daha çətindir. Bizim vəzifəmiz Şimal-Cənub magistral yolunun inşasını ən qısa müddətdə başa çatdırmaqdır; hansı ki, 2016-cı ildə başa çatdırılması planlaşdırılırdı. Keçən illər ərzində marşrutun 490 kilometrindən 100-ə yaxını çəkilib, keçən ilin yayında yenidən inşaat işləri aparılıb, lakin heç kim işin başa çatma vaxtı barədə konkret bir şey deməyə cürət etməyib. Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankı tərəfindən verilən kreditlər yetərli olmaya bilər.

Şimal-Cənub avtomobil yolunun tikintisinə dəstək Ermənistan-İran danışıqlarının əsas mövzularından biri oldu. Tehrana səfəri zamanı Baş nazir Nikol Paşinyan prezident Həsən Ruhani ilə məsələni müzakirə etdi. Martın 19-da Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan İran xarici işlər nazirinin müavini Möhsün Baharvəndlə eyni mövzuda danışdı. 19 aprel tarixində İran İslam Respublikası Yollar və Şəhərsalma Nazirliyinin Tranzit şöbəsinin müdiri Amin Tarfa bu mövzunu İrəvanda müzakirə etdi. 16 mayda Ermənistan səfiri Artaşes Tumanyan 24 mayda İrəvana səfər edən yollar naziri Məhəmməd Eslami ilə məsləhətləşmələrini davam etdirdi. Zərifin səfəri zamanı, görünür, bir sıra ən əsas məsələlər həll edildi.

Qlobal nəqliyyat layihəsi bütün qonşu dövlətlərin maraqlarına təsir göstərir. Regiondakı geosiyasi proseslərin ən vacib iştirakçısı kimi Rusiyanın maraqları da gözardı edilə bilməz. Bəzi ekspertlər nəqliyyat dəhlizinin Moskvanı ciddi narahat etdiyinə inanırlar, çünki bu layihə Rusiyadan yan keçərək bir marşrut yaratmaq üçün hazırlanmışdır.

“Reportyor” nəşri yazır: "Tehran bu işdə uğurlu olarsa, böyük bir logistika mərkəzi ola bilər və bu, əhəmiyyəti kəskin şəkildə azalacaq Rusiyaya ciddi bir zərbə olacaq".

Ancaq hər kəs bu fikirlə razı deyil. Məsələn, iqtisadçı Stanislav Tkaçenko "layihənin tamamilə Rusiyanın maraqlarına cavab verdiyinə" və Moskvanın "ən azından onun həyata keçirilməsinə mane olmayacağına və bəlkə də vəsait yatıracağına" əmindir.

İndiyə qədər Rusiya layihəyə görünən bir maraq göstərməyib. Ancaq Rusiya ilə Gürcüstan arasında nəqliyyat əlaqələrini bərpa etmək üçün real şanslar yaranan kimi İran-Ermənistan layihəsi dərhal Moskva üçün cəlbedici olacaq. Dövlət Dumasının Avrasiya İnteqrasiyası Komitəsi sədrinin 1-ci müavini Konstantin Zatulin bu yaxınlarda Abxaziya ərazisindən rabitənin bərpası perspektivlərinin müzakirə edilməsinin təsadüfi olmadığını söylədi.

Tiflis və Moskva arasında dialoq aparmaq üçün səlahiyyətli olan danışıq iştirakçılarına təkan verən "Fars Körfəzi - Qara dəniz" dəhlizi ilə bağlı müqavilənin yaxın zamanda imzalanması istisna deyil. Bildiyiniz kimi, mayın 21-də xüsusi nümayəndələr Zurab Abaşidze və Qriqori Karasinin növbəti iclası baş tutdu. Rəsmi press-relizin mətninə görə, digər məsələlərlə yanaşı, Qarabağ müharibəsinin nəticələrindən sonra üçtərəfli bəyanatın imzalanması nəticəsində ortaya çıxan yeni reallıqlar baxımından nəqliyyat layihələrinin perspektivlərini nəzərdən keçirdilər.

Abaşidze “Sputnik Armenia”ya verdiyi müsahibədə tərəflərin Abxaziya və Cənubi Osetiya üzərindən nəqliyyat dəhlizlərindən istifadə etmədən məsələni həll etmək üçün hazırlanmış 2011-ci ildə bağlanmış Rusiya-Gürcüstan sazişinin həyata keçirilməsi mexanizmlərinin müzakirəsinə qayıtmağa hazır olduqlarını bildirdi.

Gələcəkdə Abxaziya üzərindən davam edib etməyəcəyindən asılı olmayaraq Gürcüstanın layihəyə marağı sabitdir. Tbilisi, Qarabağdakı 44 günlük müharibə nəticəsində yaranan reallığın onu bölgənin əsas tranzit mərkəzi kimi statusundan məhrum edə biləcəyini başa düşür. Baş nazir İrakli Qaribaşvilinin Bakıya səfəri zamanı İlham Əliyev onu inandırmağa çalışdı ki, Naxçıvan və Meğri ərazisindən keçən dəmir yolunun istifadəsi Gürcüstanın mənafeyinə xələl gətirməyəcək.

Ancaq bəzi ekspertlər fərqli düşünür. Azərbaycan Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov bu yaxınlarda nəqliyyat layihələri reallaşacağı təqdirdə Gürcüstanın zərər görəcəyini və "bölgədə yeni bir geosiyasi kimlik axtarmalı olacağını" söylədi.

“Vesti Kavkaza” qəzeti isə Gürcüstanın Qarabağ münaqişəsi nəticəsində regional bir tranzit mərkəzinə çevrildiyini və Naxçıvan dəhlizi istifadəyə verildikdə Gürcüstanın regional əhəmiyyətinin azalacağını yazır. Bu proqnoz reallığa çevrilənə qədər Tbilisi tələsik tranzit ölkə statusunu qorumaq üçün yeni yollar axtarır. Bu mənada "Fars körfəzi-Qara dəniz" layihəsi Gürcüstan üçün ən yaxşı çıxış yoludur.

Bölgədə İran, Ermənistan, Gürcüstan və Bolqarıstanın ortaq planlarına məqsədyönlü və ardıcıl maneçilik törədən yalnız iki ölkə var. Bunlar Azərbaycan və Türkiyədir. Bakı və Ankara bu dəfə bütün bölgəyə öz iradələrini tətbiq edə biləcəklərmi?

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə