Rusiyalı ekspert: Ermənistan dəhlizi açmağa məcburdur! ANALİTİK+AKTUAL

Rusiyalı ekspert: Ermənistan dəhlizi açmağa məcburdur! ANALİTİK+AKTUAL

Nikolay Kojanov: “Nəqliyyat dəhlizlərinin mühüm elementi kimi heç bir halda Ermənistan deyil, məhz Azərbaycan çıxış edir”

Rəsmi Bakının nəqliyyat kommunikasiyaları ilə yanaşı, Zəngəzur dəhlizinin açılması, eləcə də Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyasındakı mövqeyi dəyişilməz qalır. Əbəs deyil ki, bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə həmsədri Toyvo Klaarla apardığı telefon danışığında da sözügedən məsələ barədə vurğulayıb. XİN rəhbərimiz bundan öncə də sərhədyanı məsələlərdə gərginliyin aradan qaldırılmasının mühümlüyü barədə fikirlərini vurğulayıb, mövcud fikir ayrılıqlarının danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu qeyd edib, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasında üçtərəfli komissiyanın yaradılması təkflifinin dəstəkləndiyini bildirib.

Prezident İlham Əliyev: “Bu məsələ Azərbaycanın, Rusiyanın və Ermənistanın baş nazirləri çərçivəsindəki formatda müzakirə edilir və yaxşı nəticələr var”

Lakin ən əsası, Azərbaycan Prezidenti İlham Əliyev də bəyan etmişdi ki, erməni tərəfi bu kimi məsələləri müvafiq qaydada analiz edir, Zəngəzur dəhlizi ilə bağlı sualların müsbət cavab tapması istiqamətində anlayışını göstərir. “Sizin bildiyiniz kimi, indi müzakirələr üçtərəfli formatda aparılır. Bu məsələ Azərbaycanın, Rusiyanın və Ermənistanın baş nazirləri çərçivəsindəki formatda müzakirə edilir və yaxşı nəticələr var”, deyə dövlətimizin başçısı vurğulamışdı.

Lakin bununla yanaşı, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan son günlər maraqdoğurucu və bir-birini vuran bəyanatlar səsləndirib. O, Ermənistan vətəndaşlarını Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasından, həmçinin, regional kommunikasiyaların açılmasından qorxmamağa çağırıb. Dövlət başçımız həmçinin bəyan edib ki, İrəvan ilk növbədə dəmir yollarının açılmasını mühüm hesab edir.

Paşinyanın üst-üstə düşməyən fikirləri

Ancaq Paşinyan eyni zamanda qeyd edib ki, Bakı ilə Ermənistan ərazisindən Naxçıvana keçən dəhliz barədə müzakirə aparmayacaq. Buradan isə Ermənistan rəhbərinin sözlərindən məntiq çıxarmaq çətindir. O, bir tərəfdən kommunikasiyaların açılmasından danışır, digər tərəfdən Zəngəzur dəhlizinin əksinə olan bəyanat səsləndirir, üstəlik üçtərəfli bəyanatda bu haqda qeyd olunmadığını iddia edir. Bəlkə də orada “dəhliz” sözü istifadə olunmayıb, amma bəyanatda açıq-aydın vurğulanır ki, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat rabitəsinin təhlükəsizliyinə zəmanət verir və s.

Rusiyalı ekspert: “Moskva Naxçıvanla nəqliyyat rabitəsinin təminatının əhəmiyyətini nəzərə alır”

SİA xəbər verir ki, mövzu ilə bağlı rusdilli mətbuata münasibət bildirən Rusiyanın Elmlər akademiyası nəzdindəki Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institunun baş elmi əməkdaşı, Qətər universitetinin Fars körfəzi ölkələri üzrə araşdırma mərkəzinin dosenti Nikolay Kojanova görə, bu məsələ hazırda Ermənistan üçün daxili siyasi xarakter daşıyır. “Burada düşüncənin müxtəlif səviyyələrinə diqqət etmək lazımdır. Rusiya tərəfindən nəzər salarkən görünür ki, məqsəd nəqliyyat dəhlizlərinin inkişafıdır və onlar Cənubi Qafqaz sərhədlərini aşır. Ermənistan rəhbərliyi isə hər şeyi elə də uzaqda olmayan hadisələr cəhətindən hesablayır, müharibədə məğlubiyyət və s. Beləliklə, məğlub olan tərəfin müharibə sindromundan danışmaq olar. Bir çox məsələlərdə bu amil situasiyaya qərəzsiz şəkildə baxmağa imkan vermir”, Kojanov deyib.

Onun sözlərinə görə, Moskva Naxçıvanla nəqliyyat rabitəsinin təminatının əhəmiyyətini nəzərə alır və eləcə də Cənubi Qafqaz dəhlizləri də təhlükə altında qalmalı deyillər: “Obyektiv danışsaq bu nəqliyyat dəhlizlərinin mühüm elementi kimi heç bir halda Ermənistan deyil, məhz Azərbaycan çıxış edir ki, bu da İrəvanda xoş təsir bağışlamır”.

Ekspert İrəvanda səsli-küylü olmasa da, artıq ayrı-ayrılıqda bir sıra dairələr tərəfindən Ermənistanın əbədi müharibə aparmasının boş bir iddia olması, təcrid vəziyyətindən çıxılması barədəki fikirlərinin səslənməsinə də münasibət bildirib. Konkrert olaraq sərhədlərin açılacağı, nəqliyyat dəhlizlərinin istifadəyə veriləcəyi ilə bağlı sualı cavablandıran Nikolay Kojanov bildirib ki, iqtisadi maraqlar həmişə öncüllük təşkil edir. “Və unutmaq lazım deyil ki, artıq Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat rabitəsi barədə sənəd imzalanıb. Ona görə də bu, qaçınılmazdır”, deyə rusiyalı ekspert vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə