"Zəngəzur dəhlizinin əhəmiyyətini saymaqla bitirmək olmaz" - POLİTOLOQ DANIŞDI
“Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında 10 noyabr birgə bəyannaməsi və 11 yanvar 2021-ci il razılaşması kommunikasiyanın açılmasını özündə ehtiva edirdi. Təbii ki, burada Naxçıvanla Azərbaycanı, həmçinin Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması da yer tutur. Zəngəzur dəhlizinin açılması yeni bir regional layihədən əlavə, beynəlxalq layihədir. Burada bir çox dövlətlərin öz maraqları var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyası olacaq: “Zəngəzur dəhlizi regionda ümumi olaraq sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edəcək. Düşünürəm ki, bu istiqamətdə atılacaq addımlar və xüsusilə Azərbaycanın addımları Zəngəzur dəhlizinin açılmasını daha da tezləşdirəcək. Nəticədə, artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu istiqamətdə işlərin getdiyini və müsbət prosesin olduğunu qeyd etdi. Bu onu göstərir ki, artıq Zəngəzur dəhlizi açılacaq və bu regionda ümumi təhlükəsizliyə töhfə verəcək”.
Politoloq sözlərinə belə davam edib: “Xüsusilə, bu Azərbaycanın həm logistik imkanlarını artıracaq, həm də Azərbaycan regionun nəqliyyat qovşaqlarının kəsişdiyi bir ölkə statusu alacaq. Həmçinin, burada Azərbaycan beynəlxalq müstəvidə nəqliyyat arteriyalarının birləşdiyi bir ölkə kimi mühüm əhəmiyyət kəsb edəcək. Həqiqətən də, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan siyasi-hərbi qələbə qazanıb. Bu birbaşa Pekinlə Londonun birləşməsinə gətirib çıxarır. Zəngəzur dəhlizi həm də buna xidmət edir. Bu dəhlizin əhəmiyyətini saymaqla bitirmək olmaz. Bu yalnız iqtisadi rifaha, əməkdaşlığa, sülhə və təhlükəsizliyə, Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB