"Azərbaycan artıq verdiyi qərarda qətidir" - MÜSAHİBƏ

"Azərbaycan artıq verdiyi qərarda qətidir" - MÜSAHİBƏ

SİA politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir:

- Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyevin Ağdama səfəri oldu. Burada bir çox obyektlərin, inzibati binaların açılışları oldu. Ermənistana yönəlik bir sıra mesajlar verildi. Səfər başlıca olaraq nəyə istiqamətlənmişdi?

- Ölkə başçısı cənab İlham Əliyevin Ağdama səfəri və bu səfər çərçivəsində bir çox obyektlərin təməl qoyma mərasiminin keçirilməsinin Azərbaycan və bölgə, ümumiyyətlə dünya üçün önəmli əhəmiyyəti var. Bunun da ən böyük əhəmiyyəti ondan ibarətdir ki, məhz işğaldan sonrakı prosesdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasının ilk addımlarıdır. Burada bir neçə əsas məsələ var. Birincisi bir çoxlarının həm dövlət olaraq, həm də ayrı-ayrı siyasi şəxslər olaraq, gözləntilərinin əksinə olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidənqurmasına sürətlə başladı. Əksər ekspertlərin fikrincə, bu proses uzun müddət davam edəcək. Çünki Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindən sonra ora basdırılmış minaların xəritəsinin Azərbaycana verilməsini ləngidir. Bunun fonunda belə Azərbaycan qardaş ölkə Türkiyənin dəstəyi ilə həmin bölgədə minaaxtarma fəaliyyətini davam etdirir. Bununla bərabər Azərbaycan sürətli bir şəkildə Ağdamda yenidənqurma və bərpa işlərinə başlayıb. Ağdam şəhərinin yeni vizual görüntüsünə baxdıqda orada çox maraqlı detalları görürük. Bu şəhərin layihəsinə baxanda bütün detalların olduqca incəliklə işləndiyinin şahidi ola bilərik. Bəzi dövlətlər tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası qısqanclıqla qarşılanır. Hətta azad edilmə prosesi də qısqanclıqla qarşılanır. Ölkə başçısı elan etdi ki, əhalinin köçürülməsi prosesi yavaş-yavaş başlayacaq. Bu da onu göstərir ki, Azərbaycan artıq verdiyi qərarda qətidir.

- Kəlbəcər rayonu istiqamətində erməni diversantlarının təxribatçı əməlləri oldu. Hədəf nə idi? Ümumiyyətlə bunlar hansı xislətdən xəbər verir? Onların niyyəti nə idi, nəyə nail olmaq istəyirdilər? Biz hansı addımı atmalıyıq?

- İyun ayında Ermənistanda seçkilər başlayır. Paşinyanın indiki vəziyyətdə Ermənistan hakimiyyətində və digər strukturlarda nüfuzu aşağıdır. Keçmiş prezident Robert Köçəryan tərəfdarlarının sayı güc strukturlarında daha çoxdur. Baş verən proseslər də məhz oradan qaynaqlanır. Bu iki faktordan irəli gəlir. Birinci amil odur ki, Ermənistanda daxili proseslərə nəzərə saldıqda 20 gündən sonra burada parlament seçkilərinə gediləcək. Burada da bir neçə əsas rəqib var. Onlardan da ən başlıcası hazır ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və keçmiş prezident Robert Köçəryandır. Təbii ki, bu rəqiblərin tamam fərqli qütblərdə dayanadıqlarını və tamam fərqli qütbləri təmsil etdiklərini görə bilərik. Robert Köçəryan daha çox Rusiyaya meyilli siyasətçi kimi tanınır və hər addımında da Rusiya ilə əməkdaşlığa üstünlük verir. Bu gün Ermənistanda güc strukturlarının içində əsas nöqtələrdə yerləşən əməkdaşların əksəriyyəti Robert Köçəryana bağlı, Rusiyaya bağlı qüvvələri təmsil edir. Robert Köçəryan seçkiyə "Daşnakstyun" qruplarla gedir. "Daşnakstyun" ermənilərin ən çox qatı şovinist ruhda tərbiyə olunmuş təşkilatıdır. Zaman-zaman Azərbaycana və Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirmiş bu və ya digər formada vəhşilik törətmiş qrupdur. Əgər Köçəryan bu təşkilatla seçkiyə gedirsə, Azərbaycanla razılığa gəlmək niyyətində deyil deməkdir. Köçəryanın məqsədi Azərbaycanla münasibətləri yaxşılaşdırmaq deyil, əksinə daha çox pisləşdirməkdir. Düşünürəm ki, diversant qruplarının bu cür aktivləşməsinin arxasında da Köçəryan dayanır. Bu gün sərhəddə baş verən proseslərin kökündə məhz bu durur. Bu cür addımları atmaqla Nikol Paşinyanı seçkidə məğlub etməyə çalışır. Ermənistandan bu gün bütün çətinliklərə baxmayaraq Paşinyanın reytinqi Köçəryandan daha yüksəkdir. Əgər fövqəladə hal baş verməzsə Paşinyanın seçilmə ehtimalı daha çoxdur. Paşinyanın hakimiyyətdə qalması regionda hadisələrin axarının tamamilə dəyişməsinə səbəb ola bilər. Bu da Azərbaycan üçün müsbət mənada qeyd olunan proseslərə gətirib çıxara bilər.

- Zəngəzur bölgəsində baş verən proseslərdə sizin şəxsi fikriniz nədən ibarətdir?

- Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün priortet məsələdir. Ümumi Ermənistan siyasi elitasının çıxışlarına baxdıqda orada fikir ayrılığının olduğunu görə bilərik. Müxalifəti dəstəkləyən qüvvələrin əksəriyyəti Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Hansılar ki, onlar müxtəlif ölkələrin siyasi dairələrini təmsil edirlər. Xüsusilə də Rusiyanın bəzi dairələrini təmsil edənlər Zəngəzur dəhlizinin açılmasını Ermənistan üçün fəlakət kimi qiymətləndirirlər. Amma hakimiyyətdə olan qüvvələrin bəziləri açıq şəkildə etiraf edirlər ki, Ermənistanın iqtisadi cəhətdən dirçəldilməsi, normal vəziyyətə düşməsi və dünyaya bir çıxış əldə etməsi üçün Zəngəzur dəhlizi bir fürsət rolunu oynayır. Burada Ermənistana daxili qüvvələrlə yanaşı xarici qüvvələrin də təsiri var. Burada təbii ki, qonşu dövlətlərin təsiri var. Amma fakt faktlığında qalır. 10 noyabr və 11 yanvar bəyanatları da bunu diqtə edir ki, Zəngəzur dəhlizi açılmalıdır.

- Artıq üçüncü sənədin imzalanması prosesi gözlənilir. Bununla bağlı müxtəlif açıqlamalar yayılır. Paşinyan da bununla bağlı fikirlərini bildirib. Ümumiyyətlə bu sənədin imzalanması baş tutacaqmı?

- Burada öz əksini tapa biləcək məsələlər sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Sülh prosesi uzun və çox vaxt aparan prosesdir. Sülh müqaviləsinin imzalanması o deməkdir ki, artıq tərəflər arasında heç bir problem qalmır və ölkələrarası diplomatik siyasi-iqtisadi, mədəni əlaqalər qurulur. İndiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında bu əlaqələrin qurulması real görsənmir. Amma sərhədlərin delimitasiyası və demarkasiyası işləri gedə bilər. Bununla bağlı üçüncü sənəd imzalana bilər.

- Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaqlarmı?

- Əgər sülh prosesinə doğru addımlar atılacaqsa bir neçə sənədin imzalanması lazım olacaq. O zaman məcburiyyətdən tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb, beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazi bötövlüyünə hörmət etməyə məcbur olacaqlar. Təbii ki, Azərbaycan tərəfindən bunun heç bir problemi yoxdur. Azərbaycan həmişə qeyd edir ki, Ermənistanı beynəlxalq birlik tərəfindən qəbul olunmuş ərazilərini qəbul edə bilərik. Amma Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycanın suveren ərazisidir və Azərbaycan bu suveren ərazisini nə Ermənistana, nə də digər ölkəyə güzəştə getmək fikrində deyil və bundan sonra da getməyəcək. Sadəcə olaraq hadisələrin gedişatı, indiki siyasi şərait bəzi məqamlarda diqtə edir ki, Azərbaycan müəyyən mənada biraz gözləsin. Hesab edirəm ki, bununla bağlı gələcəkdə hər hansı bir addımlar atılacaq.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə