Çətin seçim, növbəti yanlışlıq astanasında TƏHLİL

Çətin seçim, növbəti yanlışlıq astanasında TƏHLİL

Müharibədə üzləşdiyi məğlubiyyəti səbəbindən etirazlar, qarışıqlıqlar və xaos hökm sürən Ermənistan cəmiyyətində hazırda bir də əlavə olaraq, seçkiqabağı hərcmərcilik yaşanır. Hakimiyyətə iddialı qüvvələr və tərəflər bir-birini ittiham edir, bu işğalçı ölkənin mövcud acınacaqlı durumunda bir-bini günahlandırmaqda davam edirlər. Belə olan halda, işğalçı ölkədə hakimiyyətin kimə həvalə olunacağı ermənilərin özlərini də müəmmalı, çətin duruma salıb.

Ermənistan cəmiyyətində hakimiyyətə iddialı olan heç bir qüvvə qarşı tərəfi, sadə dildə desək, bəyənmir, hətta hər biri ayrı-ayrılıqda digərlərinin hakimiyyətə layiqli olmadığını, uyğunsuz olduğunu bəyan edir. Belə bir bəziyyəti müşahidə etdikdə sual yaranır ki, görəsən, erməni cəmiyyətində həqiqətən də hakimiyyətə layiqli bir siyasi qüvvə, lider, ümumiyyətlə, kimsə varmı? Belə görünür ki, yoxdur və məhz bu səbəbdən də erməni cəmiyyəti çox çətin seçim qarşısında, çox güman ki, növbəti yanlışlıq astanasındadır.

Təsadüfi deyil ki, hakimiyyətə iddialı qüvvələrin bir qismi erməni cəmiyyətinin düşüncəsində qarışıqlıq olduğunu bəyan edir və bu fikirlərinə görə onlarla mübahisə etmək, bunu təkzib etmək fikrimiz də yoxdur, çünki, həqiqətən də bu cəmiyyət başını itirib, deməkdə belə, hər kəs haqlıdır. Nümunə üçün qeyd edək ki, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan, “Zehnlərdə qarışıqlıq, ölkədə əsəbi, gərgin atmosfer hökm sürür”, deyib. O, bu ümumi gərgin vəziyyəti dəyişdirməyin ən vacib məsələ olduğunu, işğalçı ölkənin sakitliyə, sükunətə ehtiyac duyduğunu düşünür və düşündüyünü də açıq-aşkar bəyan edir.

“Cəmiyyətimizə sakitlik, sükunət, sülh gətirməyə çalışmalıyıq. Hazırki vəziyyət heç də yaxşı vəziyyət deyil, pisdir. Bu gün ölkəni bu vəziyyətdən çıxarmaq üçün seçkilərdə iştirak edirik, çünki belə bir atmosferdə insan məntiqsiz olur, məntiqi şeyləri anlamır və qəbul etmir. Biz sakitlik gətirməliyik. İnsanların beynində, zehnində qarışıqlıq yaranıb ki, bunu aradan qaldırmaq hər kəsin öhdəsindən gələ bilməyəcəyi işdir. Bu əsəbilik yuxarıdan, ölkə rəhbərliyindən, hakimiyyətdən gəlir”, deyə Robert Koçaryan cəmiyyətin psixoloji durumu ilə bağlı sualı cavablandırarkən bildirib.

Eks-prezident, “Ermənistan” blokunun rəhbəri Koçaryan, hətta, Moskvada ona hədiyyə edilən, "Əsəbi dövlətlər" adlı kitabın adının əslində “Ermənistan” olmalı olduğunu deyərək, məhz bu bənzətmə ilə ölkəsinin durumunu xatırlatmağa çalışıb. Bəlkə də Koçaryan buna nail olub, çünki həqiqətən də hazırda işğalçı ölkəni elə əsəbi dövlət kimi xarakterizə etmək olar, hansıki, beyinlər işləmir, əsəbi, məntiqsiz hərəkətlər müşahidə edilir. Bu məntiqsizliyi ölkənin idarə edilməsindən tutmuş, seçki öncəsi proseslərə qədər hər müstəvidə görmək çətin deyil və belə bir vəziyyət erməni cəmiyyəti üçün gələcəkdə də çox acınacaqlı durum vəd edir.

Əslində, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın özünün də vəziyyəti əsəbidir, onun Paşinyan və komandasına qarşı intiqam hissi göz qabağındadır. Heç eks-prezidentin özü də məntiqi davranış sərgiləmir və bunu müşahidə edən erməni ekspertləri onun hakimiyyətə gəlmək istəyini Ermənistan üçün nə isə etmək yox, intiqam alovu, qisas yanqısı ilə əlaqələndirirlər. Bəlkə də Koçaryan elə öz duyğularını rəhbər tutaraq ölkəsində əsəbi, gərgin atmosfer olduğu barədə belə bir qənaətə gəlib. Amma hər bir halda, həqiqətən də bu işğalçı ölkəni əsəbləri tarama çəkilmiş insanlar idarə edir, təbii ki, əgər buna idarə edir, demək mümkünsə.

Hazırki və müvəqqəti hesab etdikləri Ermənistan hakimiyyətinə müxalif qüvvələr də işğalçı ölkənin həyati problemlər içərisində olduğu qənaətindədirlər. Əslində, bu problemli vəziyyəti inkar etmək də mümkünsüzdür, çünki işğalçı ölkədə problemli olmayan nə isə yoxdur axı. Bu ölkənin daxili və xarici olmaqla, siyasəti problemli, iqtisadiyyatı problemli, sosial sfera problem içərisində boğulur, ictimai vəziyyət daha acınacaqlı, yaşayış şəraiti sıfır səviyyəsindədir, üstəlik gələcəyə ümid etmək üçün də əsas yoxdur. Ümidsizlik girdabına düşən bu işğalçı ölkə vətəndaşları yalançı vədlər, populist çıxışlarla aldadılır, daxili auditoriyaya hesablanan sözlərlə müvəqqəti sakitləşdirilir. Amma bu hara qədər davam edə bilər?

Məsələ burasındadır ki, bəzi qüvvələr ölkədə həyati problemlərin olduğunu doğru desələr də, əsas problemlər, yəni saddaladığımız faciəvi hallar qalır, ölkələri, bəlkə də özləri üçün hansısa ağrılı məsələni problem olaraq qabardırlar. Məsələn, Ermənistanda "Mənim şərəfim var" bloku, seçkilərdə qələbə qazanacağı təqdirdə, bir sıra lazımlı qanunvericilik dəyişikliklərinə başlamaq niyyətində olduğunu bəyan edir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Mənim Qürurum Var" blokundan baş nazirliyə namizəd olan Artur Vanesyan bunu öz Facebook səhifəsində yazır. Yenə də mübahidə etmirik, Ermənistanda bir sıra qanunvericilik dəyişikliklərinə də ehtiyac var. Amma daha vacib dəyişikliklər, hətta köklü dəyişiklik, yenidən başlamaq, normal yaşayış seçimi lazım olduğu daha vacib məsələdir ki, erməni cəmiyyəti qeyd etdiyimiz kimi bunu ya anlamaq istəmir, ya anladığını qəbul etmək niyyətində deyil, öz xislətlərinə müvafiq olaraq.

Müvəqqəti olaraq baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan isə bir növ etiraflar edir və bununla həm ittihamlardan canını qurtarmaq istəyir, həm də məhz elə həmin o canı üçün bir də hakimiyyət arzusunu gizlədə bilmir. Məsələn, “Açıq şəkildə deyirəm ki, ordunun siyasətlə heç bir əlaqəsi olmamalıdır”, deməklə Paşinyan məğlubiyyət damğasını alnından silmək istəyir və erməni əsgərlərinin rüsvayçı məğlubiyyətinin ona aid olmadığına vətəndaşları inandırmaq istəyir. O, Silahlı Qüvvələrdə islahatların aparılması məsələsində ciddi ehtiyacla qarşılaşdıqlarını etiraf etməklə də özünü sığortalamaq niyyətini biruzə verir. Hakim qüvvənin, yəni öz komandasının 2019-cu ildə aldığı etimad mandatının müharibədəki məğlubiyyət səbəbindən zəiflədiyini deyən Nikol verdiyi vədləri bir də təkrarlamağa da üz tapır, hansıki, eyni zamanda, “Söz verdik, amma bacarmadıq”, deyə bacarıqsızlığını da özü etiraf edir.

“Mandatımızı gücləndirmək istəyirik. Əgər istəyiniz məxməri bitirməkdirsə, seçkiyə gedin və bizə bu səlahiyyəti verin, biz yenə bunu edəcəyimizə söz veririk. Buna bir neçə ay əvvəl söz vermişdik amma edə bilmədik, çünki müharibə zamanı zəiflədik, insanların yanımızda olmadığından şübhələndik”, deyə Paşinyan, 2018-ci ildə olduğu kimi yenə də daxili auditoriyanı aldatmağa, bunla da hakimiyyəti ələ keçirməyə çalışır.

Təbii ki, Nikol Paşinyanın yenə də hakimiyyət istəyi və hətta ən böyük arzusu göz qabağındadır. Bunun üçün o utanmadan vədlər verməkdə davam edir və əslində, onun erməni xalqına verəcək başqa bir şeyi də yoxdur. Nə isə qazanmayıb. Qazandığı yalnız hakimiyyətin, vəzifənin imtiyazlarından, dövlət mülkündən, malından istifadə etmək olub ki, indi bunların heç biri ona yardımçı deyil, əksinə, əleyhinədir. Elə bir zamanlar Milli Təhlükəsizlik Xidmətinə direktor təyin etdiyi Artur Vanesyan da onun əleyhinədir və nə olur-olsun, Nikol Paşinyan olmasın, istəyini gizlətmir, hansıki, bu əqidə də Ermənistan naminə düşüncə tərzi deyil, intiqam, qəzəb, Koçaryanın dediyi kimi, əsəbi dövlətdə olanların sindromudur. Bu sindromla isə ölkəyə layiqli hakimiyyətin gələcəyi, ümulikdə, ölkənin gələcəyi inandırıcı deyil.

Koçaryan, Ermənistana, sakitlik, sükunət lazımdır deməklə, əslində erməni cəmiyyətinin tarixində heç zaman olmayan, olması da müşkülə bənzər bir hal barədə danışır. Çünki, bu dövlət, bu toplum mövcudluğu dövründə hər zaman iğtişaş, təxribat, terror olmadan yaşam tərzi təsəvvür etmir. Öz daxilindən başlamış, qonşu dövlətlərə, dünya ölkələrinə qədər bu erməni cəmiyyətinin çürük məfkurəsi, terrorçuluq ideyaları təsirsiz ötüşməyib və hər zaman da bu nörmal olmayan təfəkkür tərzinin acı nəticələrini həm daddırıblar, həm də yekunda daha ağır şəkldə özləri dadıblar, eyni ilə 44 günlük müharibə dönəmində və müharibə bitdikdən sonra olduğu kimi. Məhz bu baxımdan deyə bilərik ki, Koçaryanın sakitlik, sükunət, sülh barədə dedikləri erməni cəmiyyəti tarixində inqlabi dönüş ola bilər. Bəli, insan kimi, vətəndaş kimi, mehriban qonşuluq şəraitində yaşayanlar kimi yaşamaq istəyirlərsə, sakitliyə, sülhə riayət etməlidrlər ermənilər. Yox, əgər öz işğalçılıq, terrorçuluq, separatçılıq, vandallıq məllərini qorumaq, xislətlərinə uyğun davam etmək istəyirlərsə, bu önların öz seçimidir və yəqin ki, insan kimi, vətəndaş kimi, mehriban qonşuluq şəraitində yaşayanlar kimi yaşamaqdan özlərini məhrum etmək qərarındadırlar.

Göründüyü kimi, Ermənistanda hakimiyyətə iddialı bir dənə də olsun sağlam qüvvə yoxdur. Hakimiyyət iddiasında olanlardan bəzilərinin qisas, intiqam hissi özünü biruzə verir, digərləri sadəcə, Nikol Paşinyana mane olmaq üçün siyasi meydandadırlar, kimlərsə xarici ölkələrin bölgədə arzuladığı çirkin niyyəti və layihəsidir, bir başqaları və ən çox gündəmdə olanlar isə söz verməkdən başqa çarələri olmayan çarəsizlərdir. Belə bir bəziyyətdə görəsən, erməni cəmiyyəti həqiqətən də hakimiyyətə hansı siyasi qüvvəni, hansı lideri, ümumiyyətlə, kimi “layiq” biləcək? Mövcud durum təsdiq edir ki, belə bir layiqli yoxdur və məhz bu anlamda, sözün əsl mənasında Ermənistan, erməni cəmiyyəti çox çətin seçim qarşısında, daha doğrusu növbəti yanlışlıq astanasındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə