Prezident İlham Əliyev: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”
Prezident İlham Əliyev işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti tarixi səfəri əlamətdar bir günə - 28 may Respublika Gününə təsadüf edir. Dövlət başçımızın tarixi bir gündə Ağdama səfər etməsi ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsidir. Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edən Prezident İlham Əliyev mayın 28-də Respublika Günündə şəhərin Baş planının təqdim olunmasının çox böyük rəmzi mənasının olduğunu bildirib: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək”.
Dövlətimizin başçısı deyib: “Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək”.
Prezident qeyd edib ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. “Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.
Sözün təsdiqi
Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev bütün sahələrdə, son 18 ildə özünü dəfələrlə isbatlayıb. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Ən əsası isə dövlət başçısının hər atdığı addımı el ağsaqqalları, rayonun ictimai fəalları, tanınmış şəxsləri ilə birgə məsləhət edir. Bu, həm ölkəmizin milli adət-ənənələrinə Prezidentin sadiqliyinin, həm də demokratik dəyərlərə verdiyi qiymətin təzahürüdür. Bütün komponentləri birləşdirəndə əmin oluram ki, şübhəsiz cənab İlham Əliyev ən böyük Azərbaycanlıdır!
“Bilirsiniz ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi”. Bu barədə Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə İkinci Qarabağ müharibəsi zamanı keçirdiyi hisslərdən danışarkən deyib.
«Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir” – deyə dövlətimizin başçısı vurğulayıb.
Yanvarın 14-də Şuşada birinci dəfə olarkən ən xoşbəxt günlərini yaşadığını qeyd edən Prezident İlham Əliyev deyib: “Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun», -deyən dövlət başçısı bildirib ki, tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq.
“Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq”
Aəzərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu, şanlı Qələbə tarixdə əbədi qalacaq: “Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq”.
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu: “Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq».
Prezident qeyd edib ki, müharibə şanlı tariximizdir və bu tarix əbədi qalacaq, bu tarix dərindən öyrənilməlidir və öyrənilir: «Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar”.
“Bütün Qarabağ “yaşıl enerji” zonası olacaq, bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq”
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir və hazırda Şuşa şəhərinin Baş Planının hazırlandığını və bir müddətdən sonra təsdiqlənəcəyini qeyd edib: “Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir”.
Prezident bildirib ki, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir.
“Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir”, - deyə Prezident İlham Əliyev Ağdamda və bütövlükdə Qarabağda həyata keçirilən və keçiriləcək layihələr haqqında danışıb.
“Biz Ağdamı bir güllə atmadan azad etdik və bundan sonra burada əbədi olacağıq”
“Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik”,- deyən dövlət başçısı bildirib ki, hər zaman deyirdim ki, biz torpaqlara qayıdacağıq: «Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq”.
Müharibə dövründəki çıxışlarında və “Twit”lərində hər zaman həqiqətləri dediyinı və yazdığını diqqətə çatdıran Prezident deyib: «Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik».
Prezident İlham Əliyev deyib ki, Ermənistan tərəfi də bunu dərk edərək ağ bayraq qaldırmağa məcbur oldu: “Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq”.
“Biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, heç kim bizə təzyiq edə bilməz”
Prezident İlham Əliyev Ağdam ictimaiyyəti ilə görüşü zamanı bildirib ki, biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik: “Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz».
«İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq», - deyə dövlətimizin başçısı bildirib.
Prezident vurğulayıb ki, qırx dörd günlük müharibə və müharibədən sonrakı altı aylıq dövr bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcək. “Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik»,-deyən dövlət başçısı bildirib ki, onlar da bizim gücümüzü bilirlər və görürlər: «Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır».
Otuz il ərzində ermənilərin dövlət qura bilmədiklərini qeyd edən Prezident deyib ki, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi.
“İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir” – deyə Prezident İlham Əliyev vurğulayıb.
“Qırx dörd günlük müharibənin hər bir günü qəhrəmanlıq dastanıdır”
Dövlət başçısı bildirib ki, 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq: “Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın müharibə dövründə də özünü ləyaqətlə apardığını və müharibənin bütün qaydalarına riayət etdiyini bildirən Prezident deyib: “Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur”.
Prezident İlham Əliyev qeyd edib ki, bunu hansısa yad planetlilər deyil, bizim qonşumuz olan, çörəyimizi yeyən, torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər: “Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin”.
Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə müharibəni qaçılmaz edən səbəblərdən danışıb
Görüş zamanı dövlət başçısı müharibəni qaçılmaz edən səbəblərdən danışıb: “Çalışırdıq ki, məsələni sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi”. Dövlət başçısı bildirib ki, əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər: “Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil”. Prezident İlham Əliyev qeyd edib ki, əgər birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. “Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi”.
Bir sözlə, ölkə başçısının qeyd etdiyi kimi, müharibə ilə bağlı çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəyimiz, Qarabağımızın dirçəldilməsi barədə danışmalıyıq.
Ümumilikdə isə Azərbaycan liderinin Respublika Günündə Ağdama səfərini, şəhərin təməlinin qoyulmasını və yerli sakinlərin uzun illərdən sonra ilk dəfə doğma yurdlarına qayıdışını tarixi hadisə adlandırmaq olar. Azərbaycan Cümhuriyyətin qurulmasından 103 il sonra eyni gündə daha bir tarixi ana şahidlik etdi - Yeni Ağdamın inşasına start verildi.
Bu gün həm də fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Şübhəsiz, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının, bütün Qarabağa yeni nəfəs veriləcəyinin, bu torpaqlarda həyatın qaynayacağının, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq. Çünki Qarabağ bizimdir! Çünki Qarabağ Azərbaycandır! Çünki Qarabağ Azərbaycanındır!».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB