"“Zehnlərdə qarışıqlıq, ölkədə əsəbi atmosfer hökm sürür” - Robert Koçaryan

"“Zehnlərdə qarışıqlıq, ölkədə əsəbi atmosfer hökm sürür” - Robert Koçaryan

"Ermənistanda ümumi vəziyyəti dəyişdirmək lazımdır, çünki ölkədə əsəbi, gərgin atmosfer hökm sürür". SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokuna rəhbərlik edən Ermənistanın ikinci prezidenti Robert Koçaryan 30 may tarixində Ararat bölgəsi sakinləri ilə görüşü zamanı söyləyib.

“Cəmiyyətimizə sülh gətirməyə çalışmalıyıq. Bu yaxınlarda Moskvada mənə "Əsəbi dövlətlər" adlı bir kitab hədiyyə ediblər, amma oxumağa hələ vaxtım olmayıb. Mənim ilk arzum belə bir kitabı, "Əsəbi dövlətlər" yox, "Ermənistan" adı altında yazmaq olub, çünki ölkəmizin bugünkü vəziyyəti məhz belədir. Bu yaxşı vəziyyət deyil, pisdir. Bu gün ölkəni bu vəziyyətdən çıxarmaq üçün seçkilərdə iştirak edirik, çünki belə bir atmosferdə insan məntiqsiz olur, məntiqi şeyləri anlamır və qəbul etmir. Biz sakitlik gətirməliyik. İnsanların beynində, zehnində qarışıqlıq yaranıb ki, bunu aradan qaldırmaq hər kəsin öhdəsindən gələ bilməyəcəyi işdir. Bu əsəbilik yuxarıdan, ölkə rəhbərliyindən, hakimiyyətdən gəlir”, - deyə Robert Koçaryan cəmiyyətin psixoloji durumu ilə bağlı sualı cavablandırarkən bildirib.

Koçaryana görə, hazırda Ermənistanda bir idarəetmə böhranı var. O, həmçinin ermənilərin milli kimliyini zədələyən təşkilatların işinin dayandırılmasının vacibliyini də vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə