Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər ” mövzusunda dəyirmi masa keçirilib

Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər ” mövzusunda dəyirmi masa keçirilib

Avropa Parlamentində Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin təşəbbüsü, Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə, Avropa Parlamentinin nüfuzlu deputatlarından olan britaniyalı Qraham Vatsonun himayəsi altında "Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.


SİA-nın məlumatına görə, tədbirə Avropa Parlamentinin bir sıra üzvləri və katibliyin rəsmiləri, Brüsseldəki diplomatik korpusun təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri tədbirə qatılıblar.


Dəyirmi masada çıxış edən Avropa Parlamentinin Latviyadan olan üzvü İnese Vaydere və Almaniyadan seçilmiş türk əsilli deputat İsmayıl Ərtuğ Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ölkəmizin geosiyasi baxımdan daşıdığı əhəmiyyəti, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib və eləcə də əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etdiyi Azərbaycanın dünyəvi və müasir bir dövlət modelini tərənnüm etdiyi göstərib. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş əraziləri və doğma torpaqlarından məhrum edilmiş azərbaycanlı məcburi köçkünlərdən bəhs edən deputatlar beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirib və Avropa İttifaqının münaqişənin tezliklə həllinə öz fəal dəstəyini verməli olduğunu bəyan ediblər. Azərbaycan xalqının dünya mədəniyyətinin zənginləşməsi və elmin tərəqqisinə verdiyi töhfələri xatırladan Qraham Vatson Cənubi Qafqazda mövcud mürəkkəb siyasi durum haqqında fikirlərini bölüşüb və bu mənada xüsusilə Azərbaycan torpaqlarının işğal olunması faktını önə çəkib. O, Azərbaycan və Avropa İttifaqı arasında bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoqun vacibliyini vurğulayıb.


Azərbaycandan bu dəyirmi masaya qatılmış Milli Məclisin deputatı və "Avronest" Parlament Assambleyasının üzvü Azay Quliyev Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı sahəsində artıq qət olunmuş yolu və əldə olunan nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb və Avropa Qonşuluq Siyasəti və xüsusilə "Şərq Tərəfdaşlığı"nın təqdim etdiyi yeni əməkdaşlıq perspektivlərini qeyd edib. Millət vəkili Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüz və etnik təmizləmə siyasətinin doğurduğu ağır nəticələri vurğulayıb və avropalı həmkarlarını münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə həllinə dəstək verməyə çağırıb.


O, həmçinin Avropa Parlamentinin 12 may tarixdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Azərbaycan ictimaiyyəti və eləcə də Milli Məclis tərəfindən qərəzli və birtərəfli sənəd kimi qəbul edildiyini söyləyib və Avropa İttifaqının tərəfdaşı olan Azərbaycanla qətnamə dilində danışılmasının qəbuledilməz olduğunu göstərib.


Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov öz növbəsində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görüşülən işlərdən bəhs edib və Avropa inteqrasiya sahəsində vətəndaş cəmiyyəti qurumlarını üzərinə düşən işlərdən danışıb. O, da öz növbəsində Dağlıq Qarabağ münaqişənin ədalətli nizamlanması və Azərbaycanın haqq səsinin ucaldılmasının ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti üçün bir nömrəli məsələ olduğunu bildirib və Azərbaycan torpaqlarının işğalı və məcburi köçkünlər probleminin digər sahələr kimi vətəndaş cəmiyyətinin tam şəkildə inkişafına mənfi təsir etdiyini söyləyib.


Azərbaycan Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəsi Emin Eyyubovun da iştirak etdiyi müzakirələr zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin müxtəlif sahələrini əhatə edən mövzulara dair səsləndirilmiş suallar cavablandırılıb.


Brüsseldə fəaliyyət göstərən iki erməni təşkilatının təmsilçilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrikedici suallarına azərbaycanlı natiqlər tərəfindən tutarlı cavablar verilib. Bu cavablar qarşısında erməni iştirakçı yenidən Dağlıq Qarabağ münaqişəsinə dair ancaq özlərinin inandığı məlum tarixçəni təqdim etməyə başladıqda isə onun çıxışı tədbirə sədrlik edən Qraham Vatson tərəfindən yarımçıq kəsilib. Dəyirmi masaya yekun vuran Qraham Vatson aparılan müzakirələri yüksək qiymətləndirib və tərəflərin bir-birini daha yaxından dərk etmələri üçün belə tədbirlərin gələcəkdə vaxtaşırı təşkilini əhəmiyyətli sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня