Çin Azərbaycanı bölgədə özünə vacib tərəfdaş hesab edir

Çin Azərbaycanı bölgədə özünə vacib tərəfdaş hesab edir

Çin Xalq Respublikasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Pekində səfərdə olan Azərbaycan nümayəndə heyətinin mayın 27-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsində görüşü olub. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

ÇKP MK-nın idarə rəisi Tien Yonqsianq Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafının məmnunluq hissi doğurduğunu qeyd edərək bildirib ki, Çin Azərbaycanı bölgədə özünə vacib tərəfdaş hesab edir və Azərbaycanın sürətli, stabil inkişafına sevinir. Bu da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.

Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan rəhbərliyinin Çin ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.

Ölkələrimizin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini vurğulayan millət vəkili bildirib ki, mövcud siyasi, iqtisadi, mədəni, sosial və s. istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsi üçün daha böyük potensial mövcuddur.

Görüşdə iki ölkənin hakim partiyaları – Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyəti vurğulanıb və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret təkliflər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə