2010-cu ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ümumi büdcəsinin yarıdan çox hissəsi Afrika ölkələri üstünlük təşkil etməklə yardım proqramlarına ayrılıb. BQXK-nın 2010-cu il üçün açıqladığı əsas fakt və rəqəmlərlə bağlı yaydığı açıqlamada bildirilir. BQXK-nın Bakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, bunun bir hissəsi Malinin şimalında və Nigerdə həyata keçirilən geniş miqyaslı yardım əməliyyatları zamanı ciddi təhlükəsizlik problemləri yaşayan ərazilərdə quraqlıqdan və müxtəlif növ zorakılıqlardan əziyyət çəkən 300 000 insanın vəziyyətini yüngülləşdirmək üçün xərclənib.
Ümumilikdə, 2010-cu il ərzində BQXK 4,9 milyon insana ərzaq paylayıb ki, bu da 2009-cu ildə yardım göstərilmiş 4,07 milyondan çoxdur. 3.2 milyondan çox insan davamlı ərzaq istehsalı proqramlarından və ya mikro-iqtisadi təşəbbüslərdən yararlanıb. BQXK-nın su, sanitariya və tikinti sahəsində gördüyü işlər nəticəsində 10 milyon insana yardım edilib.
Tibbi və sağlamlıqla əlaqəli digər fəaliyyətlər BQXK-nın 2010-cu ildəki əməliyyatlarının əsas xüsusiyyəti olaraq qalıb və bu fəaliyyətdən dünya üzrə 5,2 milyon insan bəhrələnib. Əfqanıstanın Qəndəhar əyalətində BQXK tərəfindən dəstəklənən Mirveys hospitalında müalicə olunan yaralıların sayı 2010-cu il ərzində ən yüksək həddə çatıb. Somali paytaxtı Moqadişoda BQXK tərəfindən dəstəklənən hospitalda müalicə olunan müharibə yaralılarının sayı da kəskin artıb.
BQXK 2010-cu il ərzində 1,783 azadlıqdan məhrum etmə yerində saxlanılan 500 928 məhbusa baş çəkib ki, onlardan da 30 674 nəfərinin vəziyyəti fərdi qaydada monitorinq edilib. Bu başçəkmələrin məqsədi, məhbusların ləyaqətinə hörmət edildiyinə əmin olmaq və onlarla işgəncə verilməsinin, onlarla qeyri-düzgün davranışın və ya hüquqlarının pozulmasının qarşısını almaq olub. Başçəkmələr, həmçinin, beynəlxalq humanitar hüququn tələb etdiyi kimi, saxlanma şəraitinin normal olduğuna və azadlıqdan məhrum edilmiş şəxslərin öz ailələri ilə ünsiyyət yaratmaq imkanlarının təmin edildiyinə əmin olmaq üçün edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB