"28 May xalqımızın tarixində əlamətdar gündür" - MÜSAHİBƏ

"28 May xalqımızın tarixində əlamətdar gündür" - MÜSAHİBƏ

SİA Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyevin müsahibəsini təqdim edir:

- Bir neçə gün sonra 28 May Respublika gününü qeyd edəcəyik. Ümumiyyətlə, Cümhuriyyətə gətirən yolu və yarandığı tarixi şəraiti necə qiymətləndirirsiniz?

- Əvvəla, bu milli bayram münasibəti ilə xalqımızı təbrik edirəm. Şübhəsiz ki, 28 May xalqımızın tarixində əlamətdar gündür və bu günün haqqında Ümummilli Lider Heydər Əliyev çox haqlı olaraq deyirdi ki, “Müstəqillik Azərbaycan xalqının tarixi nəaliyyəti və milli sərvətidir”. Biz bu tariximizlə fəxr edirik. Müəlman şərqində və türk dünyasında ilk demokratik Cümhuriyyəti, insan haqlarını, qadınların səsvermə hüquqlarının tanınmasını, fikir azadlığını, hüquqi dövləti biz qurmuşuq. Bu dövləti quranların qarşısında hər birimiz baş əyərək, onları xoş arzularla yad edirik. Şübhəsiz ki, bu bir tarixi şərait olub. Hər tarixi hadisənin baş verməsi üçün tarixi şəraitin yaranması vacibdir. 1917-ci ildə Rusiyada çarizm dağıldı və yeni hakimiyyət qurularaq, bolşeviklər hakimiyyətə gəldi. Həmin dövrdə artıq çar üsul idarəsinin ləğv edilməsi ilə əlaqədar olaraq, bir sıra ölkələrdə öz müstəqilliyinin elan edilməsi hərəkatı başlanıldı. Azərbaycan bu hərəkata hazır idi və 1900-cu illərin əvvəllərindən başlayaraq Azərbaycanda da partiyalaşma ciddi şəkildə gedirdi, ictimai-siyasi fəallıq var idi. Müxtəlif Azərbaycan ziyalıları və ictimai xadimləri müxtəlif partiyalarda çalışaraq və maariflənmə proseslərində fəal iştirak edərək xalqı müstəqilliyə hazırlayırdılar. Həmin dövrdə artıq, çar Rusiyası dağıldıqdan sonra Zaqafqaziyada əsas üç milləti birləşdirən Zaqafqaziya Federasiyası yarandı. 1918-ci il mayın 26-da Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə bu Federasiya dağıldı. O zaman Azərbaycan Milli Şurası çox dəyərli bir qərar qəbul edərək 28 May tarixində Azərbaycanın “İstiqlal" bəyannaməsini qəbul etdi. Bu çox ağır bir şərait idi. "İstiqlal" bəyannaməsi qəbul olunduqdan sonra Azərbaycan hökuməti Gəncədə quruldu. Çünki, o vaxtlar Bakı bolşevik və ingilislərin işğalı altında olduğu üçün buraya gəlmək mümkün deyildi. Müstəqilliyimizi tanıyan ilk dövlət isə Osmanlı Türkiyəsi olub. Artıq sentyabrın 15-də Bakı işğaldan azad edildikdən sonra milli hökumət Bakıya gəldi, parlament fəaliyyətə başladı və hökumət quruldu. Heç şübhəsiz ki, bu hökumətin qurulmasında bizim o dövrkü milli liderlərimizin böyük rolu və xidmətləri olub. Lakin, çox təəssüflər olsun ki, müstəqilliyimizin uzun müddət yaşaması üçün həm tarixi şərait, həm də o dövrdə xarici basqılara sinə gələ biləcək liderimiz olmadı. Yəni, o insanlar hamısı millətini düşünən maarifli insanlar olublar. Biz 1920-ci il aprelin 28-də müstəqilliyimizi itirsək də, 1991-ci ilin oktyabr ayında onu bərpa etdik. Artıq dekabrda qəbul olunan “Müstəqillik haqqında” qanuna görə, müasir Azərbaycan 1918-1920-ci ildə qurulmuş respublikanın varisi elan olunub. Bu varis indiyə kimi də davam edir. Müstəqil dövlətimizin qurulması və çiçəklənməsi 1993-cü il iyunun 15-dən başlayır və həmin dövrdə Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gələrək, həm müstəqil dövlətçiliyimizi xilas etdi, həm vətəndaş müharibəsinin qarşısını aldı, həm də müasir Azərbaycanın qurulmasının təməl prinsiplərini müəyyən edərək həyata keçirdi.

- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının Azərbaycan tarixində rolu və əhəmiyyəti nədən ibarətdir?

- Bayaq qeyd etdiyim kimi, ilk demokratik Cümhuriyyətin qurulması, insan haqlarının müəyyənləşdirilməsi, qadınlara seçki hüququnun verilməsi, ədalətin bərpa olunması, fikir və söz azadlığı bəşəriyyətin uzun illər arzu etdiyi və heç də hər bir dövlətə nəsib olmayan nemətlərdir. Hətta biz bu demokratik dəyərləri elan etdikdə indi dünyanın demokratiya beşiyi sayılan Amerikada və Avropanın qərb dövlətlərində bunların heç biri yox idi. Bu böyük bir tarixi nailiyyətdir və Azərbaycan ziyalısının ədalətini, zəkasını göstərir, Azərbaycanın nə qədər böyük hüquqi dövlət kimi formalaşmasında milli potensialının olduğunu sübut edir. Eyni zamanda, parlament təyin olunsa da, o zaman səsvermə keçirilmədi. Bu seçki çox ədalətli şəkildə müəyyənləşdirilmişdi və Azərbaycanda yaşayan bütün azsaylı xalqların, bütün partiyaların, dini qurumların nümayəndələrini təmsil edir. Əslində, bu birlik, bərabərlik, dostluq nümayişi idi. Eyni zamanda, biz həmin dövrdə milli ordumuzu yaratdıq və "Dilimiz" haqqında qanun qəbul etdik, qəzetlər buraxdıq, Azərbaycan ərazisinin coğrafiyasını müəyyənləşdirdik. Həmçinin, "Təhsil" və "Torpaq" haqqında qanun da qəbul etdik. Ümumiyyətlə, o dövrdə 300-dən çox qanun qəbul edilmişdi və hamısı milli əhəmiyyət daşıyırdı. Müstəqillik elan edildikdən sonra da yeni qanunlar qəbul edərkən bunlardan bəhrələndik. Həmçinin, daha irəliyə baxaraq dünyaya inteqrasiya etmək, tanınmaq və Cümhuriyyətin beynəlxalq nüfuzunu müəyyənləşdirmək üçün də tədbirlər gördük. Yadınızdadırsa, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir heyət Parisə getdi və Paris Sülh konfransında iştirak etdi. Hər bir millət öz şərəfli tarixi ilə fəxr edir və o fəxarətin ən yüksək zirvəsi millətin müstəqilliyidir. Biz həm müstəqiliyyimizi, həm də öz torpağımızın sahibi olduğunu dünyaya bəyan etdik. Doğrudur, Azərbaycanın Cümhuriyyət tarixi çox qədimdir. Amma demokratik bir Cümhuriyyətin, respublikanın və hüquqi dövlətin olması 1918-ci il 28 maydan başlayır.

- Ötən illərə nisbətən bu il bayramı qalib dövlət kimi qeyd edəcəyik. Bu barədə nə deyə bilərsiniz?

- Tamamilə doğrudur və yenə də paralellər apararaq söyləyə bilərik ki, indi cənab Prezident İlham Əliyevin həll etdiyi problemlər Cümhuriyyət dövründə də var idi. O zaman da məhz Dağlıq Qarabağa, Zəngəzura, Naxçıvana iddialar olub və o iddialar da müxtəlif güclər tərəfindən dəstəklənirdi. Nəhayət, həmin o güclərin, xüsusilə Sovet, bolşevik Rusiyasının təsiri altında 1920-ci ildə noyabrın 19-da Ermənistandakı Sovet hökuməti elan olundu. Ondan bir gün sonra isə Zəngəzurun Ermənistana birləşdirilməsi və Dağlıq Qarabağa muxtariyyət verilməsi barəsində qərar qəbul edildi. Amma problemlər sovet dönəmində müəyyən qədər sakitləşsə də, son illərində separatizm hərakatı yenidən qalxdı. Artıq, 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizi işğal olundu və işğaldan azad edilməsi üçün isə uzun illər mübarizə aparmalı olduq. Cənab Prezident 44 günlük müharibə dövründə çox dəyərli fikirlər söylədi və o fikirlərdən biri də, bütün dünyaya mesaj olan “Nəyi nə zaman, necə etməyi mən hamıdan yaxşı bilirəm!” mesajdır. Cənab Prezident torpaqlarımızın işğaldan azad olunması üçün bu mücadiləni başlatdı və 44 günlük müharibə ərzində torpaqlarımızı azad edərək, bütün dünyaya sübut etdik ki, Azərbaycan güclü xalqdır və güclü ordusu var.

- 28 May Respublika Günü münasibəti ilə xarici dövlət başçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarının təbliğinə dair nə deyə bilərsiniz?

- Bu məktubların arxasında xoşniyyət dayanır ki, onlar Azərbaycanı özlərinə dost hesab edərək xoş arzularını çatdırırlar. Bu sadə və təsadüfi məsələ deyil. Dost olmaq üçün qarşılıqlı addımlar atılmalıdır. Digər tərəfdən isə bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir ki, dünyanın ən böyük dövlətlərinin başçıları cənab Prezidentə zəng edib məktublar göndərirlər. Həmçinin, bu təbriklə müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq duyğularının olması da göz qabağındadır. Bu da Azərbaycanın iqtisadi cəhətdən maraqlı ölkə olduğunu göstərir.

- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının beynəlxalq əhəmiyyəti nədən ibarətdir?

- Beynəlxalq əhəmiyyəti olduqca böyükdür. İlk növbədə dünya xəritəsinə yeni bir müstəqil dövlət qoşulurdu. Eyni zamanda bu dövlətin niyyəti xoş və demokratik idi. Müsəlman şərqində ilk belə bir dövlətin yaranması digər xalqların da oyanmasına səbəb idi. Həmçinin, bu Cümhuriyyət çar imperiyasının parçalanmasına da təkan verdi. Eyni zamanda bu həm də, şərəfli bir tarix idi və xalqları bir daha inandırırdı ki, əgər xalqın iradəsi, lideri olarsa, müstəqillik əldə edilə bilər.

- AXC dövrünün tarixi araşdırması qaneedici səviyyədədir? Bu işlərin görülməsi üçün daha nələrə ehtiyyac var?

- Mən hesab edirəm ki, böyük işlər görülüb. Düzdür, 70 il ərzində bu tarix bizdən gizlədilib. Hətta müstəqil dövlətimizin qurucularını da düşmən adlandırıblar. Lakin, 1990-cı illərin əvvəllərindən biz müstəqillik əldə etdik arxivlər açıldı, araşdırmalar aparıldı, kitablar yazıldı və hər kəsin haqqı özünə qaytarıldı. Mən hesab edirəm ki, bu proses hələ də davam etməlidir.

- Sizcə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hansı problemlərinin öyrənilməsi üzərində dayanmağa daha çox ehtiyac hiss olunur?

- Orda öyrənilməli məsələlər çoxdur. Xüsusən də, mən düşünürəm ki, Cümhuriyyət niyə süqut etdi? Həmin dövrdə hakimiyyətdə olan şəxslərin şəxsi keyfiyyətləri və müəyyən dövlətlərlə gizli əlaqələri də araşdırılmalıdır. Araşdırmalıdır ki, İrəvan niyə Ermənistana paytaxt kimi verildi? İrəvanı qoruyub saxlamaq olardımı? Cümhuriyyətin 23 ayının hər günü bizim üçün qiymətli, əhəmiyyətli və şərəflidir.

- Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair hansı kitabları xüsusi qeyd etmək olar?

- Xüsusi ensiklopediyalar və alimlərimizin kitabları var. Bizim dəyərli araşdırmaçılar o prosesləri davam etdirir. Yalnız, kitabı yazmaqdan ötrü mənbə lazımdır. Yeni mənbələr varsa, yeni əsərlər də ortaya çıxacaq. Mənbəsiz yazılan kitab tarixi əhəmiyyət kəsb etmir. Tarixi kitablar elmə və mənbələrə əsaslanmalıdır.

- Zəngəzur dəhlizi açılarsa ölkəmizə hansı dividentlər qazandıra bilər?

- Azərbaycan artıq neçə illərdir ki, regionun aparıcı dövlətidir. Bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmiryolunun qurulması Azərbaycanın, cənab Prezidentimizin layihəsi idi və bu layihənin həyata keçməsinə beynəlxalq güclər maneəçilik törədirdilər və heç kəs istəmirdi ki, Qədim İpək Yolunun bərpası Azərbaycan üzərində baş tutsun. Biz buna nail olduq. Artıq İpək Yolu Azərbaycan üzərindən keçərək, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə, Asiyanı Avropa ilə birləşdirir. Eyni zamanda, Cənub Şimal Dəhlizi də deyilən dəmiryolu koridoru var ki, bu da, yenə də, Azərbaycanın təşəbbüsü ilə Astara İran astanası və Azərbaycan astanası üzərində dəmir yolu dəhlizinin yaradılması ilə artıq Fars körfəzindən yüklərin, sərnişinlərin Azərbaycan üzərindən Fin körfəzinə qədər birbaşa daşınmasını mümkün edib. Hansı ki, Almaniya, Fransa, İngiltərə kimi dövlətlər 200 il bu məsələni reallaşdırmaq üçün mübarizə apardılar. Azərbaycan dünyanın böyük loqistika mərkəzlərindən birinə çevrildi. Zəngəzur dəhlizinin açılması isə ikinci alternativ bir İpək Yolunun olması deməkdir. Bu dəhlizin açılması ilə Azərbaycan artıq Avropaya quru sərhədi açmış olur. Zəngəzur dəhlizi açılandan sonra həm avtomobil yolu, həm də qatar yolu fəaliyyət göstərəcək. Avropada olan orta statistik bir turist öz avtomobili ilə Türkiyə, Naxçıvan üzərindən Zəngəzur dəhlizi vasitəsi ilə Qarabağa gələcək, istirahət edəcək, Qarabağın mədəniyyəti, təbiəti, mətbəxi ilə tanış olacaq, Azərbaycanın buradakı biznes imkanlarını öyrənəcək və qayıdanda Azərbaycan haqqında çox gözəl təəssüratla qayıdacaq və burada pul xərcləyib gedəcəklər. Bu bunun turistik əhəmiyyətidir. Azərbaycan böyük bir yol nəqliyyat qovşağının tərkib hissəsidir. Bu ölkədə yerləşən Rusiyanın, Gürcüstanın, Türkiyənin, İranın, Azərbaycanın və arzu edərsə Ermənistanın iştirakı ilə daha sıx inteqrasiya qurmaq olacaq. Bilirsiniz, bütün müharibələr bir gün sülhlə bitir. Dünyada əbədi düşmən olan xalqlar yoxdur və bütün yaraları da zaman sağaldır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə