Tehran Bakını qələbə münasibəti ilə təbrik edti - İrəvan isə yenə də havada qaldı

Tehran Bakını qələbə münasibəti ilə təbrik edti - İrəvan isə yenə də havada qaldı

Məhəmməd Cavad Zərif İlham Əliyevə: “Biz inanırıq ki, Siz Azərbaycan torpaqlarının azad edilməsində tarixi xidmətlərinizi göstərmisiniz və Sizi təbrik edirəm”

Hər il ölkəmizdə qeyd edilən 28 May Respublika Günü ərəfəsində dünya liderlərinin Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları göndərilir. Belə ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, İsveç, Misir, İndoneziya, Türkiyə, Pakistan, Əfqanıstan və s. çoxsaylı ölkələrin rəhbərləri Azərbaycanın milli bayramını təbrik edir, qarşıdakı illərdə xalqımıza, dövlətimizə inkişaf, tərəqqi və çiçəklənmə arzu edirlər.

Lakin belə bir məqamda xüsusi təbrik ünvanlayanlardan biri də İran İslam Respublikasının (İİR) xarici işlər naziri Məhəmməd Cavad Zərif oldu. O, Bakını ziyarət etməklə təbrikini çatdırdı. Prezidentlə görüşündə o, Respublika Günü ilə yanaşı, İlham Əliyevi Qarabağ müharibəsində qələbənin qazanılması münasibəti ilə də təbrik etdi. Ancaq bununla yanaşı, Cavad Zərif əldə edilən zəfərdə Prezident İlham Əliyevin şəxsi xidmətlərinin olduğunu xüsusilə vurğuladı. “Biz inanırıq ki, Siz Azərbaycan torpaqlarının azad edilməsində tarixi xidmətlərinizi göstərmisiniz və Sizi təbrik edirəm”, deyə İİR XİN-nin rəhbəri qeyd edib.

Beləliklə, Cənub qonşumuzun xarici işlər idarəsinin rəhbəri tərəfindən müvafiq təbrikin ünvanlanması xüsusi əhəmiyyət daşıyır.

İrəvan bu dövrdə Tehranla dialoqunda bu ölkəni həm strateji, həm də müttəfiq kimi özünə tərəf cəlb etməyə çalışdı

Lakin bu günə qədər İranın münaqişə, daha dəqiq desək, işğal dövrü Ermənistanın siyasi manipulyasiyalarında oyunçuya çevrilməsi faktını da unutmayaraq qeyd edə bilərik ki, qonşu ölkə işğalçı Ermənistan üçün nəfəs borusu rolunu oynayıb. Yəni İran ötən 30 ildə həm Azərbaycanla, həm də Ermənistanla münasibətlərini balanslı şəkildə qurmağa çalışıb. Lakin özü-özlüyündə faktdır ki, Türkiyədən fərqli olaraq, qonşu İran işğalçı Ermənistanla sərhədlərini bağlamadı, bu vasitə ilə Azərbaycan torpaqlarına silahlı müdaxiləyə qarşı qəti etirazlı münasibət nümayiş etdirmədi. O da əbəs deyil ki, İrəvan bu dövrdə Tehranla dialoqunda bu ölkəni həm strateji, həm də müttəfiq kimi özünə tərəf cəlb etməyə çalışdı.

Təbii ki, erməni tərəfinin belə bir xətti tutması istər-istəməz öz milli maraqlarını müdafiə edən Azərbaycanın İranla münasibətlərinə müəyyən dərəcədə mənfi təsirlərini göstərirdi. Maraqlıdır ki, Ermənistan hazırda da bu xətti tutur və hələ də ümid edir ki, hər hansı üstünlük əldə edə biləcək. Misal üçün, əgər bu gün regionumuz tarixi nəqliyyat-kommunikasiya sistemlərinin blokadadan çıxarılması astanasında dayanıbsa, bu əsnada İrəvan Zəngəzur dəhlizinin perspektivi məsələsində narazılığını ifadə edirsə, hər cəhətdən Tehrana yarınmağa cəhdlər göstərir, ümidlərinin ölmədiyini nümayiş etdirməyə çalışır. Həmin Tehranla ki, məhz erməni tərəfinin iddiasına görə, guya o, yəni Tehran Ankaranın Cənubi Qafqazda Azərbaycanla bir yerdə Zəngəzur dəhlizi prosesi ətrafındakı mövqelərinin güclənməsindən narahatdır və s.

İİR-lə sərhədlərin bir hissəsi də daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərinə de-fakto nəzarət edən Ermənistan İran tərəfi ilə, hətta ən kiçik birgə layihələri belə icra edə bilməyib

Ancaq Ermənistanın problemi həm də ondadır ki, Qarabağın 30 illik işğalı müddətində və xüsusilə indi – Azərbaycanın işğalçı qüvvələri məhv etdiyi bir zamanda, real perspektiv cəhətdən məhz Bakının maraqları onun regional partnyoru İranın maraqları ilə üst-üstə düşür. Ermənilərin bu məsələdəki ümidləri də puça çevrilir. Belə ki, Ermənistan nə əvvəl, nə də indi İran üçün heç bir partnyorlu dəyərləri daşımamaqdadır. Buna isə sübut var – ötən onilliklər boyu İİR-lə sərhədlərin bir hissəsi də daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərinə de-fakto nəzarət edən Ermənistan İran tərəfi ilə hətta ən kiçik birgə layihələri belə icra edə bilməyib.

Hazırkı məqamda isə İran Qafqazdakı postmünaqişə reallığını tanıyır və bu xüsusda rəsmi şəkildə Azərbaycanın şanlı qələbəsini təbrik edir. Bu qələbə İran üçün də xüsusi, eləcə də prinsipial əhəmiyyət daşıyır. Əsasən, Qarabağın erməni işğalçılarından təmizlənməsi nəticəsində ölkələrimizin sərhədlərinin bərpa olunması məsələsində. Bundan əlavə, Tehran öz maraqları qarşılığında Bakı ilə münasibətlərinin daha da möhkəmləndirilməsində, yaxın perspektivdə nəhəng layihələrdə yer almasında Azərbaycana güvənir, etimad və etibar edir. Əbəs deyil ki, İran yaxın qonşumuz və tərəfdaşımız olmasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında rol alması istəyi ilə də izhar etməkdədir.

Azərbaycan isə bir daha İranla qarşılıqlı münasibətlərin qardaşlıq münasibətlərinə qədər inkişaf etdirilməsinin tərəfdarı olduğunu sübut edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə