Bu səfər ciddi geosiyasi və iqtisadi əhəmiyyət daşıyan səfərdir POLİTOLOQDAN MARAQLI FAKTLAR
İranın xarici işlər naziri cənab Məhəmməd Cavad Zərifin regiona, bölgəyə, Azərbaycana və Ermənistana səfəri bu gün təqdim edildiyi kimi, sıradan bir səfər kimi təqdim edilə bilməz. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Politoloqun sözlərinə görə, İran elə bir dövlət deyil ki, onun nəinki xarici işlər naziri, hətta prezidenti belə dəyişiləndə, bu dövlətin regional maraqlara xidmət edən regional siyasətinə, ümumiyyətlə, xarici siyasətinə ciddi dəyişikliklər baş verə bilsin.
“İran məhz elə bir dövlətlərdəndir ki, onun regional maraqlarını həyata keçirən, regional maraqlarına hədəflənən xarici siyasəti məhz onillərlə hazırlanmış konsepsiyalar, ideologiyalar əsasında həyata keçirir və dəyişən şəxslərin rolu orada demək olar ki, çox cüzidir. Bu mənada hesab edirəm ki, cənab Zərifin regiona səfəri, müddəti bitməkdə olan İran hökumətinin bir nümayəndəsinin, bir nazirinin bölgəyə səfəri yox, məhz İran kimi çox güclü regional bir dövlətin xarici işlər nazirinin, xüsusilə də Ermənistanla Azərbaycan arasında baş verən proseslərdə ciddi dövlət maraqlarını hər zaman göz önünə gətirən, diqqət mərkəzinə çıxaran bir dövlətin xarici işlər nazirinin regiona səfəri kimi qiymətləndirilməlidir.
Əvvəla məqsədlər, hədəflər nədir bu səfərdə? Hesab edirəm ki, bu səfərdə başlıca məqsəd Ermənistan və Azərbaycan arasında son günlər baş verən gərginliklər, xüsusilə də delimitasiya və demarkasiya prosesi həyata keçirilməsi mərhələsində qarşıya çıxan hansısa xırda narazılıqları Ermənistan tərəfinin böyük şouya çevirməsi və böyük bir problem kimi, xüsusən Azərbaycanın Ermənistana müdaxiləsi kimi, hərbi müdaxiləsi kimi qiymətləndirməyə cəhd etdiyi proseslərin Azərbaycan tərəfinin rəsmi münasibətinin bir daha öyrənilməsi, araşdırılmasıdır. İkincisi, çox mühüm məqsədlərdən biri, mən hesab edirəm ki, İranın Azərbaycan və Ermənistanla münasibətlərdə Azərbaycanla müttəfiq münasibətlərini, Ermənistanla isə strateji müttəfiq münasibətlərini bir daha region dövlətlərinə və regionda maraqları olan dövlətlərin diqqətinə çatdırmaq məqsədi daşıyır.
Eyni zamanda, hesab edirəm ki, son günlər Azərbaycan tərəfindən həm də ən yüksək səviyyədə, rəsmi şəkildə İranın son addımları ilə bağlı ifadə olunan müəyyən narahatlıqlara və narazılıqlara aydınlıq gətirilməsi ilə bağlı bir səfər ola bilər. Çox böyük ehtimalla səfər zamanı, görüşlər zamanı bu məsələlər də müzakirə olunacaq. Bu, hansı məsələlər, hansı narahatlıqlardır? Mən hesab edirəm ki, İran tərəfinin Ermənistan-Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi ilə bağlı mənasız, hüquqa zidd açıqlaması, sərhədlərin dəyişdirilməsi ilə bağlı İranın narahatlıqlarının qeyd olunması, açıqlanması Azərbaycan tərəfindən ciddi narahatlıqla qarşılanmışdı. Çünki delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsi münaqişədə olan və demək olar ki, heç bir müstəvidə, hətta diplomatik müstəvidə belə münasibətləri olmayan Ermənistan və Azərbaycan arasında işğal faktı aradan qalxdıqdan sonra, iki dövlət arasında sərhədlərin dəqiq müəyyənləşdirilməsi prosesi həyata keçirilməlidir və İranın bu prosesə narahatçılıq nümayiş etdirməsi, təbii ki, müsəlman həmrəyliyi gözlədiyimiz İranın belə bir davranışı Azərbaycan tərəfindən, Azərbaycan dövləti və xalqı tərəfindən narazılıqla qarşılanıb. İkincisi, ən mühüm narahatlıqlardan biri, bir neçə müddət bundan öncə Qarabağ ərazisində, Azərbaycanın Qarabağ bölgəsində Rus Sülhməramlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə İran dövlətinə məxsus yük avtomobillərinin qeyd olunması, videoçəkilişlərin aparılması və həmin avtomobillərdə separatçı rejimə hansısa yüklərin, gizli, qaranlıq yüklərin daşınması ilə bağlı məlumatların gündəmə çıxması və İran tərəfinin hələ də bu qədər əhəmiyyətli və həssas məsələyə heç bir rəsmi münasibət bildirməməsi narahatlığını aydınlaşdırmaq lazımdır və mənə elə gəlir ki, bu görüşlərdə bu məsələlər də aydınlaşdırılacaqdır”, deyə politoloq bildirib.
Anar Əliyev xüsusilə qeyd edib ki, İran üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğal faktının aradan qalxması İran dövləti tərəfindən, rəsmi Tehran tərəfindən xoş qarşılanmadı.
“Paytaxt Bakıda keçirilən Zəfər Paradında Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bir bayatını, səsləndirdiyi bir folklor nümunəsini dövlətinin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirən Tehran rəsmiləri çox təəssüf ki, digər dövlətlər, xüsusilə, Ermənistan və eyni zamanda İran dövləti öz dövlətləri, özləri tərəfindən Azərbaycanın dövlət suverenliyinə təhdid yarada biləcək konkret addımlar atılması və bu addımların aydınlaşdırılması ilə bağlı heç bir reaksiya verməmələri Azərbaycan tərəfindən ciddi narahatlıqla qarşılanır və hesab edirəm ki, görüşdə bu məsələlər də müzakirə olunacaqdır.
Digər tərəfdən, mən hesab edirəm ki, mühüm məsələlərdən biri də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri və bu seçkilərlə bağlı İranın müəyyən narahatlıqlarıdır. Mən hesab edirəm ki, Paşinyan rejiminin Azərbaycanla və Türkiyə ilə münasibətlərin qurulması istiqamətinə meyilliliyi və bunu zaman-zaman dilə gətirməsi İran tərəfindən o qədər də xoş qarşılanmır, Türkiyənin regiona, bölgəyə bu qədər nüfuz etməsi İran tərəfindən narahatlıqla izlənilir. Mən hesab edirəm ki, səfərin əsas məqsədlərindən biri də İranın ayaqda olduğunu, İranın prosesləri nəzarətdə saxladığını, Qafqaz, ümumiyyətlə, bölgəmizin İranın nəzarətindən kənar bir bölgə olmadığını bir daha diqqətə çatdırmaq istəyir. Ona görə, hesab edirəm ki, bu səfər çox ciddi əhəmiyyət daşıyan, çox ciddi siyasi, geosiyasi və eyni zamanda iqtisadi əhəmiyyət daşıyan bir səfərdir. Hesab edirəm ki, Azərbaycan dövləti rəsmi şəxslərlə görüşdə rəsmi Tehran qarşısında, xarici işlər naziri qarşısında bəzi qaranlıq məqamlara, bəzi narahatedici məqamlara aydınlıq gətirməklə bağlı suallar qaldıracaqdır və çox böyük ehtimalla Azərbaycan dövlətinin də bir çox istiqamətlərdə narazılıqları rəsmi Tehran nümayəndəsinin diqqətinə çatdırılacaqdır”, deyə politoloq Anar Əliyev əlavə edib və fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB