Mürtəza Həsənov: “Beynəlxalq aləm də qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanındır” - (Səs TV)

Mürtəza Həsənov: “Beynəlxalq aləm də qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanındır” - (Səs TV)

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Mürtəza Həsənov və mərkəzin elmi işçisi Ərəstun Baxşəliyevin Səs TV-yə müsahibəsi:

- Azərbaycanın neytrallar hərakatına qoşulması ölkəmiz üçün nə vəd edir?


Mürtəza Həsənov: - Əvvəla, neytrallıq hərəkatının mahiyyəti haqda bir qədər məlumat vermək istərdim. Bu hərəkata qoşulmanın iki yolu var. Bunlardan biri daimi, digəri isə müvəqqəti qoşulmadır. Müvəqqəti qoşulan ölkələr müharibə şəraitində atılan addımları özü müəyyənləşdirir. Lakin daimi qoşulan dövlətlərdə vəziyyət tamam fərqlidir. Belə ki, hərəkatın bir sıra şərtləri var ki, bunlar nəzərə alınmasa, ağır nəticələrə səbəb ola bilər. Neytrallıq hərəkatına daimi qoşulan ölkələrin qarşısına qoyulan şərtlər aşağıdakılardır:

1. Hərəkata qoşulan dövlət əsla müharibəni başladan tərəf olmayacaq

2. Digər müharibə başladan ölkələrin tərəfində durmayacaq

3. Müharibəyə başlayan hər hansı bir ölkəyə iqtisadi yardım etməyəcək

4. Heç bir dövlətin ordusundan başqa dövlətə hücum etmək üçün yardım almayacaq

Ümumiyyətlə, neytrallıq hərəkatı 19-cu əsrin əvvəllərində kiçik dövlətlərin özünü böyük dövlətlərin hücumundan qoruması üçün bir vasitə idi. Belə ki, kiçik dövlətlər torpaqlarının işğal olunmaması üçün tərəfsizlik mövqeyini tuturdular. Azərbaycanın bu hərəkata qoşulmasına gəldikdə isə, Azərbaycan onsuzda tərəfsiz xarici siyasət yeridir. Amma burada bir məqama diqqət yetirməliyik ki, ölkəmizin əsas problemi Dağlıq Qarabağdır və əgər biz bu hərəkata daimi qoşuluruqsa, müharibə variantından uzaqlaşırıq. Yəni neytrallar hərəkatına terminoloji baxımdan yanaşsaq, bu hərəkatın üzvü olan ölkə konkret olaraq müharibəyə başlamayacağına imza atır.

- Yəni belə çıxır ki, Azərbaycanın neytrallar hərəkatına qoşulmasının Dağlıq Qarabağ probleminin həllini uzatması ilə bağlı yayılan iddialar doğrudur?

Ərəstun Baxşəliyev: - Düzdür bu hərəkatın tarixi çox qədim zamanlara gedib çıxır. Amma yenə də mən bu fikirlə razılaşmıram. Çünki, bu hərəkata qoşulmaq o demək deyil ki, Azərbaycan öz torpaqları uğrunda mübarizədən yayınacaq və ya gərəkən anda hansısa imzaya görə müharibə addımından kənar duracaq. Neytrallar hərəkatına əvvəllər qoşulan ölkələrin başqa çıxış yolu yox idi, yəni onlar varlıqlarını qorumaq, başqa ölkələr tərəfindən işğal olunmamaq üçün məcbur idilər ki, bu şərtlərlə razılaşsınlar. Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı hər cür addım atmağa imkanı var. Yəni, bu heç də o anlama gəlmir ki, Azərbaycan müharibə addımı atmaqdan məhrum olunacaq. Əslinə qalsa bilirik ki, Ermənistanla Rusiya arasındakı hərbi əməkdaşlıq müqaviləsinə görə, əgər hansısa ölkə Ermənistan ərazisində müharibəyə başlasa, Rusiya Ermənistanın tərəfində duracaq və onlara kömək edəcək. Yəni Azərbaycan Dağlıq Qarabağla bağlı problemi yalnız öz gücü hesabına həll edəcək. Əslində Azərbaycanın neytrallar hərəkatına qoşulması sadəcə bu günə kimi yeridilən tərəfsiz xarici siyasətinin rəsmiləşdirilməsidir. Yəni Azərbaycan nə NATO-nun, nə də Rusiyanın yardımını almayacağını, sərbəst, tərəfsiz siyasət yeritdiyini dünyaya bəyan edir.

- Prezidentlərin Kazanda keçiriləcək görüşündə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa addımların atılmasına ümid varmı?

Mürtəza Həsənov: - Bildiyiniz kimi, Rusiyanın təkidi ilə dəfələrlə bu istiqamətdə görüşlər keçirilib. Amma bütün görüşlərin nəticəsində Ermənistan yenə öz mövqeyini dəyişməyib. Hər dəfə ümid bəslədiyimiz görüşlərdən sonra Ermənistan atəşkəs rejimini pozmağa davam edib. Yəni artıq hər dəfə keçirilən görüşlərdə ümidlər daha da azalır. Çünki ortada azyaşlı uşaqları öldürməkdən çəkinməyən Ermənistandan söhbət gedir. Amma təbii ki, biz dünya dövlətlərinə inteqrasiya olunmuş müstəqil bir dövlətə sahibik. Bütün bunlarla yanaşı onu da qeyd edim ki, beynəlxalq aləm Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edir. Lakin buna baxmayaraq, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir . Bunun qarşılığında yenə də Azərbaycan məsələnin sülh yolu ilə həll olunması üçün bütün variantlara əl atır.

- Ermənistan qeyri-konstruktiv siyasət yürütdüyünə görə, bu günə qədər bütün danışıqlar nəticəsiz qalıb. Buna əsasən Kazan görüşündə də prinsipial razılıq əldə olunmayacağını demək olarmı?

Ərəstun Baxşəliyev: - Belə düşünürəm ki, keçirilən heç bir görüşdə Azərbaycan nə isə itirməyib. Əksinə bütün dünyaya dəfələrlə sübut edib ki, torpaqlarının alınması üçün sülh yoluna üstünlük verir. Bu gün dünyada elə bir beynəlxalq qurum yoxdur ki, onun gündəmində Dağlıq Qarabağ problemi olmasın. Bu gün Azərbaycan istənilən vaxt müharibəyə gedə bilər. Çünki Ermənistan tərəfi Azərbaycanla heç bir gücünə görə müzakirə olunası səviyyədə deyil. Azərbaycan istər hərbi bazası, istərsə də iqtisadi baxımdan torpaqlarını qaytarmağa hazırdır. Bəlkə bu görüşdə böyük bir razılıq əldə olunmayacaq, amma bu bir faktdır ki, Azərbaycan hər görüşdə özünü biraz daha sübut edir.

Bütün xəbərlər Facebook səhifəmizdə