Aydın Mirzəzadə: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat problemin həllini yaxınlaşdıra bilər\"- AÇIQLAMA
"Artıq bir neçə ildir ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ məsələsinə dair bəyanatların imzalanması çox diqqət çəkən bir məsələdir". Bu sözləri Millət vəkili Aydın Mirzəzadə bu gün Fransanın Dovil şəhərində keçirilən "G-8" sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, bu üç ölkə eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir.
Onun sözlərinə görə, bu üç ölkənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi əslində Ermənistana qarşı çox ciddi bir mesajdır: "Düzdür, Ermənistan beynəlxalq aləmdə müəyyən dairələrin dəstəyindən istifadə edərək hələ də işğal faktorunu uzada bilir. Ancaq bu gün həm real vəziyyət, həm böyük dövlətlərin mövqeyi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırır".
Bir neçə gündən sonra Rusiyanın təşkilatçılığı ilə Kazan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün keçiriləcəyini xatırladan millət vəkili söyləyib ki, həmin görüşdə Rusiya, Fransa və ABŞ prezidentlərinin Dağlıq Qarabağla bağlı mövqeyi də ortaya qoyulacaq.
"Şübhəsiz ki, Ermənistan bundan çox ciddi nəticə çıxarmalıdır. İşğal faktoru Azərbaycanın inkişafına çox böyük zərbə vurursa, Ermənistana bundan qat-qat çox zərər vurur. Hesab edirəm ki, bu ölkələrin mövqeyi çox ciddi mövqedir və bu mövqeyə həm Ermənistan, həm dünya ciddi sürətdə diqqət yetirməyi bacarır. Bu bəyanatın Dağlıq Qarabağ münaqişəsinin gedişində dönüş yaratmasını gözləməyə dəyər. Azərbaycan indiyə qədər mümkün güzəştləri edib. Azərbaycanın bu münasibəti və son proseslər problemin həllini yaxınlaşdırmalıdır"- deyə A. Mirzəzadə əlavə edib.
Qeyd edək ki, bu gün Fransanın Dovil şəhərində keçirilən "G-8" sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat imzalayıblar.
Prezidentlər bəyanatda Azərbaycan və Ermənistan liderlərini "əhalini müharibəyə deyil, sülhə hazırlamağa, iyunda keçiriləcək sammitin gedişində əsas nizamlanma prinsipləri üzərində işi başa çatdırmağa" çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB