"Zəngəzur dəhlizinin əhəmiyyəti" MƏQALƏ

"Zəngəzur dəhlizinin əhəmiyyəti" MƏQALƏ

Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi son addımlar zamanımızın ən aktual məsələlərindəndir. İstər ölkə ictimaiyyəti, istər region ölkələri, istərsə də dünya bu prosesi maraqla izləyir.

Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 10 noyabrda imzaladığı bəyanatda əksini tapmışdır. Bu əlaqə Zəngəzur Dəhlizi tərəfindən təmin edilməlidir. Hazırda Azərbaycan tərəfindən bu dəhlizin açılması istiqamətində ciddi işlər görülür.

Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artmasına şərait yaradacaqdır. Bununla da bölgədə ticarət artacaq və əhalinin yaşayış səviyyəsində ciddi irəliləyişlər müşahidə olunacaqdır.

İqtisadi baxımdan bu dəhliz, nominal ÜDM-si 1,1 trilyon ABŞ dollarından çox olan türkdilli ölkələri birləşdirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini də artıracaqdır. Bu isə türk dövlətlərinin güclənməsini, beynəlxalq və regional siyasi proseslərdə iştirakını daha təsirli edəcəkdir. Eyni zamanda türk dövlətləri, eləcə də bölgə ölkələri arasında inteqrasiya proseslərini gücləndirəcəkdir.

Dəhlizin açılması ilə Azərbaycanın bölgədəki nəqliyyat qovşağına çevriləcəyi bəllidir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal iştirak edir, birbaşa inkişafına maliyyə dəstəyi verir, bu nəqliyyat dəhlizlərinin regional hissəsinin gücləndirilməsində aktiv rol oynayır.

Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisindən bu nəqliyyat dəhlizlərinə çıxmasını təmin edəcəkdir. Xüsusilə, Naxçıvan işgüzar dairələrinin Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından vacibdir. Dəhliz eyni zamanda Azərbaycanın Türkiyə ilə əlaqələrini gücləndirəcək və ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaqdır.

Azərbaycan Respublikası dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyətinə xüsusi ilə böyük önəm verməkdədir. Çıxışlarının birində Prezident İlham Əliyev bildirib ki, hazırda Asiya ilə Avropanı Azərbaycan ərazisi ilə birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək Zəngəzur nəqliyyat dəhlizi üzərində işləyirik. Bu dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsinə imkan verəcəkdir. Ölkə başçısı Asiya-Sakit okean bölgəsindəki tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət etmişdir.

Zəngəzurla bağlı olaraq Azərbaycanın qətiyyətli mövqeyi ölkə başçısının Naxçıvan səfərində də özünü göstərmişdir. Burada çıxış edən dövlət başçısı bildirib ki, Ordubad dəmir yolu stansiyası ilə tanış olmaq təsadüfən deyildi. Çünki bunun da böyük simvolik əhəmiyyəti var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr aralıda yerləşən Mincivan kəndində ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında olan Dövlət Başçısı oradakı vəziyyətlə tanış olub. Ermənilər bütün dəmir yolu infrastrukturunu məhv etdiyi fakt olaraq ortadadır. Bərpa edildikdən sonra Zəngilan Naxçıvandan yalnız açılacaq 40 kilometrlik Zəngəzur dəhlizi ilə birləşəcəkdir.

Azərbaycan siyasi rəhbərliyi Ermənistan ərazisində tərəfdaş olaraq isə Rusiyanı görür. Bu məqamlar da cənab Prezident İlham Əliyevin çıxışlarında aydın şəkildə ortaya qoyulur. Çünki Ermənistanın dəmir yolları anlayışı yoxdur. Rusiya Dəmir Yolları Ermənistanın bütün dəmir yollarına sahibdir. Bu o deməkdir ki, onlar Ermənistanın dəmir yollarına sahibdirlər. Ona görə də bu məsələni ən çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzurda yerləşən Zəngilanın qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubaddan Naxçıvan və Türkiyə ilə əlaqəsi növbəti tarixi nailiyyətimiz olacaqdır.

Bu gün Ermənistanda bəzi dairələr Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Ancaq onların fəaliyyətinin nəticəsizliyi ölkə rəhbərimiz tərəfindən dəfələrlə ifadə edilmişdir. Ermənistanın başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi ya könüllü olaraq açılacaq, ya da Ermənistan buna məcbur olacaq. Bölgənin gələcəyi çoxtərəfli əməkdaşlıqla əlaqəlidir və Zəngəzur dəhlizinin açılması bu mənada əsas məqamdır.

Ermənistanın hərbi-sənaye kompleksi Azərbaycana rəqib olmaq və müqavimət göstərmək iqtidarında deyil. Münaqişənin yenidən başlaması Ermənistanın dünya xəritəsindən tamamilə yox olması deməkdir. Buna görə də, iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 75 faizini təşkil edən çiçəklənən Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün faydalıdır.

Əks təqdirdə, Ermənistanın demoqrafik problemləri daha da kəskinləşməyə davam edəcəkdir. Hazırda bu ölkədə təbii əhali artımı yoxdur. Ölkə demoqrafik böhrandan keçir. Eyni zamanda, insanlar çirkin idarəetmə və köklü korrupsiya üzündən gedirlər. Buna görə də Ermənistan inkişaf istəyirsə, revanşizmi unutmalı və Azərbaycanın təklif etdiyi əməkdaşlıq formulunu qəbul etməlidir.

Bəxtiyar Nəbiyev

Dosent, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini

Bütün xəbərlər Facebook səhifəmizdə