Azərbaycan dünya xalqlarını sülhə və ədalətə çağırır ŞƏRH

Azərbaycan dünya xalqlarını sülhə və ədalətə çağırır ŞƏRH

Müstəqil Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Amma 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi.

Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişdi. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamədə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Azərbaycan müharibə yolu ilə öz torpaqların işğaldan azad etdi və tarixi qələbəsini qazandı. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələri zamanı dövlət başçısı çıxışında bildirib. Cənab Prezident qeyd edib ki, biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bunun xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlı olduğunu diqqətə çəkən dövlət başçısı bu layihənin həyata keçirilməsi ilə bağlı işin artıq başlanıldığını vurğulayıb: "Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik".

"MÜNASİBƏTLƏRİN POZULMASINA MƏHZ ERMƏNİSTANDA MÖVCUD OLAN AZƏRBAYCANOFOBİYA, TƏCAVÜZKAR İDEYALAR SƏBƏB OLUB"

Bildiyimiz kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixindəşairin vətəni Gəncəşəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Cənab İlham Əliyevin dəstəyi ilə fəaliyyətini davam etdirən qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Mərkəz Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edib və ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir. Cənab Prezidentin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dialoq və sülhün, mədəniyyətlərarası və dinlərarası münasibətlərin, əməkdaşlığın, tolerantlığın təşviqi baxımından zəngin təcrübəsi olduğu baxımından Azərbaycanla Ermənistan arasında barışığın təmin olunmasında mühüm rol oynaya bilər. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə həyata keçirdiyini diqqətə çəkən dövlət başçısı bir milyondan çox insanın öz evlərindən məcburi şəkildə didərgin salındığını bilirib. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var: "Münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb".

"ONLARIN HEÇ BİRİ ÖZLƏRİNƏ SUAL VERMİRDİ Kİ, BƏS NİYƏ ONDA BU ƏRAZİ "QARABAĞ" ADLANIR?"

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan torpaqlarımıza səfər edərək, erməni vandallarının törətdiyi əməlləri bir daha xalqımıza göstərir və bu ərazilərdə görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verir. Əlbəttə ki, dağıntılara məruz qalmış ərazilərimizi bütün dünya görmüş olur. Təbii ki, ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, ərazilərimizi viran qoysalar da, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub. Dövlət başçısı çıxışı zamanı ermənilən tərəfindən Azərbaycan ərazilərində törədilmiş vəhşilikləri gəlincə bildirib ki, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. "Uzun illər ərzində Ermənistanın liderləri özləri haqqında, öz tarixləri haqqında bir mifologiya quraraq vətəndaşlarının beyinlərini zəhərləyirdi", deyən Cənab Prezident bildirib ki, onlardan bəziləri, bəlkə də bir çoxu bu miflərə həqiqətən də inanmağa başladılar: "Orada baş verənlərə yaxından nəzər saldıqdan sonra gördük ki, indiki Ermənistan cəmiyyətinin faciəsi ondan ibarətdir ki, onların bir çoxu Qarabağın onların olmasına həqiqətən də inanmağa başlamışdır: "Onların heç biri özlərinə sual vermirdi ki, bəs niyə onda bu ərazi "Qarabağ" adlanır? Hansı ki, bu söz erməni dilində heç bir məna kəsb etmir. Əgər bu qədim erməni torpağıdırsa, niyə sovet dövründə Qarabağın, o zamankı Dağlıq Qarabağın əsas şəhərinə, bolşevik-terrorçu Stepan Şaumyanın şərəfinə Stepanakert adı verilmişdi? Əgər ora qədim erməni şəhəri idisə, onlar niyə onun adını dəyişdirmədilər? Onların heç tarixdən xəbərləri yoxdur. Şuşanın Azərbaycan xanı Pənahəli xan tərəfindən 1752-ci ildə əsası qoyulduğunu bilmək üçün təkcə vikipediyaya baxmaq yetərlidir".

Tarixi mənbələrdə göstərildiyi kimi, qədim tarixi olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırıblar. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib, dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.1992-ci ildə Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini və s. dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.

"ERMƏNİSTAN CƏMİYYƏTİNİN FACİƏSİ"

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırıblar. Bəzi mənbələrdə isə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Cənab Prezident bildirib ki, onlar Şuşanın adını dəyişdirib "Şuşi" etmişdilər. Yenə də "Şuşi" sözünün erməni dilində heç bir mənası yoxdur: "Lakin Şuşanın mənası var. Şuşa "şüşə" deməkdir. Şüşə, çünki orada hava şüşə kimi təmizdir. Ağdamın adını dəyişdirib, Akna adlandırmışdılar. Füzulinin adını dəyişdirib Varandi və ya buna bənzər bir şey etmişdilər. Onlar hər şeyi dəyişmişdilər və inanmağa başlamışdılar ki, bu ərazilər həqiqətən də onlara məxsusdur. Bu, faciədir. Ermənistan cəmiyyətinin faciəsi"

.Qeyd edək ki, Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi, iki yüz ildən artıq bir zamanı əhatə edir. Ermənilərin tarixi torpaqları olmadığından, özlərini təsdiqləmək məqsədi ilə müxtəlif məqamlara əl atır, öz tarixi keçmişlərini oğurladıqları və hiylə ilə əldə etdikləri sənədlər üzərində qurmağa çalışırdılar. Bəllidir ki, ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır. Bu da, bir həqiqətdir ki, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idi. Tarixçi-alimlər ermənlərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək, bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir. İlk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək, Aleksandrovka qoyulub. Bu ilk addım sonralar daha geniş miqyası əhatə edərək, günümüzə qədər gəlib çıxmışdır. Bu gün ilk addəyişilmə zamanından 200 ildən artıq zaman ötür."Vaxtlarını boşa sərf etdiklərini anlamaları üçün onlar həqiqətən də öz ideoloji doqmalarını dəyişməlidirlər, müalicə almalıdırlar", deyən Prezident vurğulayıb ki, doğrudan da, onlar psixologiyalarını dəyişməli və özlərinin yaratdıqları və inanmağa başladıqları mifik ideoloji doqmalara son qoymalıdırlar. Bu xüsusda, bir müddət keçəndən sonra düşünürəm ki, onlar bunu başa düşəcəklər və ümid edirəm ki, Nizami Mərkəzi öz səyləri ilə onlara bu işdə köməklik göstərə bilər".

"AZƏRBAYCANDA "DAĞLIQ QARABAĞ" DEYİLƏN BİR MƏFHUM-QURUM YOXDUR"

Rumıniyanın Baş naziri Romanın sualı cavablandıran dövlət başçısı bildirib ki, münaqişə sona çatmışdır. Dağlıq Qarabağ münaqişəsi mövcud deyil: "Azərbaycanda "Dağlıq Qarabağ" deyilən bir məfhum-qurum yoxdur. Hazırda biz bir-birimizlə əməkdaşlığa əngəl yarada biləcək bir problem görmürük. Əslində, biz artıq əməkdaşlıq edirik. Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar. Buna görə də, prinsipcə, düşünürəm ki, erməni siyasətçilərin Nizami Mərkəzində təşkil olunan tədbir və müzakirələrdə iştirakları mümkündür. Lakin bir məsələ də aydındır ki, Nizami Mərkəzi, bu nadir beynəlxalq institut eyni dəyərləri paylaşan insanlar sayəsinə yaranıb. Nizami Mərkəzindəki böyük şəxsiyyətlərin sayı artıq insani keyfiyyətlər və baxış nöqteyi-nəzərindən meyarları müəyyən edir. Hamınızı əməkdaşlıq, təhlükəsizlik, yaxşı qonşuluq siyasəti və digər nəcib fikirlər birləşdirir".Dövlət başçısı "Əgər bəzi erməni siyasətçilərin Mərkəzə qatılmalarından söz gedirsə, Mən etiraz etmirəm", deyə bildirib: "Lakin həmin şəxs Nizami Mərkəzini qarşıdurma, iddia və iddialar məkanına çevirməmək üçün bu meyarlara cavab verməlidir".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə