Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür - Azərbaycan XİN

Azərbaycan XİN Ermənistan XİN-in nümayəndəsinin Azərbaycanı sərhəd gərginliyində ittiham edən, Azərbaycanın guya ki, beynəlxalq hüququ pozaraq Qarabağ ərazisini işğal etdiyini iddia edən açıqlamasına cavab verib.

SİA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Öncə Ermənistan XİN-inə xatırladırıq ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdalanması, son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsl səbəbidir.

Ermənistanın 30 ildən sonra nəhayət beynəlxalq hüququ yada salması ümumilikdə müsbət bir haldır. Lakin, Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür.

Azərbaycanı guya ki, güc tətbiq edərək, əraziləri işğal etməkdə ittiham edən Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir.

Bir daha Ermənistanı özünün istinad etdiyi beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və hər hansı fikir ayrılıqlarının həllində konstruktivlik nümayiş etdirməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə