“Ermənistan bütün razılaşmalara əməl etməyə məcburdur” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan bütün razılaşmalara əməl etməyə məcburdur” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Paşinyanın Azərbaycanla Ermənistan arasında yeni sənədlər imzalanacaq məsələsi ilə bağlı açıqlaması yəqin ki, keçən ilin noyabrında və bu ilin yanvarında Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında əldə edilmiş razılıqların həyata keçirilməsini özündə ehtiva edir”. Bunu politoloq Elşən Manafov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyanın imzalanması nəzərdə tutulan sənədlə bağlı bəyanatı Ermənistanda müxalifətin kəskin narazılığına səbəb olub: “Ermənistan parlamentində iki partiyanın tələbi ilə parlamentinin növbədənkənar toplantısının çağırılması barədə qərar qəbul olunub. Müxalifətdə olan partiyalar yəqin ki, Paşinyandan həmin razılıqların detalları ilə bağlı məsələlərə aydınlıq gətirilməsini tələb edəcəklər. Amma Paşinyanın bütövlükdə bu sənəd Ermənistanın dövlət maraqlarına cavab verir fikri ilə razılaşmaq mümkün deyil. Bütün hallarda həmin razılaşmanın yerinə yetirilməsi Ermənistanın gerçəkdən iqtisadi blokadadan çıxarılması olacaq, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı məsələdə həm Ermənistanın, Rusiyanın maraqlarına cavab verən bir tendensiya olacaq və nəzərə alsaq ki, Rusiyanın Ermənistanla birbaşa dəmir yol əlaqəsi yoxdur. Gürcüstanla məlum problemlərə görə Rusiya istədiyi səviyyədə müttəfiqi olan Ermənistana yardım göstərə bilmir. Ona görə də, nəqliyyat-kommunikasiya xətlərinin açılması, əslində, Rusiyanın bilavasitə bölgə və Ermənistanla bağlı maraqlarına cavab verən bir amildir. Qalır orda “Zəngəzur dəhlizi” ilə bağlı məsələlər indi Ermənistan müxalifəti bu məsələ ətrafında ajiotaj yaratmaq istəyir. Əslində, nəzərə alsaq ki, həmin dəhlizə rus qoşunları nəzarət edirlər, burada Ermənistanın maraqlarına kəskin şəkildə zərbə vura biləcək bir mənzərə olmayacaq. Bir daha qeyd edirəm ki, bütün Ermənistan iqtidarı bu razılıqların həyata keçirilməsi istiqamətində siyasi iradə nümayiş etdirsə, perspektivdə Türkiyə ilə də münasibətlərin normal axına düşməsinə Türkiyə tərəfdən nəqliyyat dəhlizinin açılmasına və deməli, Ermənistanın Avropa ölkələri ilə də ticarət, iqtisadi əlaqələrin inkişafına şərait yarada bilər. Sadəcə olaraq, burada Ermənistan müxalifəti siyasi divident qazanmaq istəyir. Seçkilər ərəfəsində Paşinyanın ünvanına səsləndirəcək tələbləri daha da kəskinləşdirmək və özlərinin maraqlarını təmin etmək istəyirlər. Ermənistanın bu gününü və gələcəyini düşünən qüvvələr bu cür hərəkətlərdən uzaq olmalıdırlar. Təəssüflər olsun ki, Ermənistanın hakimiyyətində və müxalifətində də erməni xalqına və erməni maraqlarına deyil, özlərinin konyuktur və korporativ maraqlarına işləyən qüvvələr üstünlük təşkil edirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə