"Cənab Prezidentin media strategiyası çox uğurludur" MEDİA EKSPERTİ ŞƏRH ETDİ

“Cənab Prezidentin media ilə təmaslarında son vaxtlar diqqət çəkən bir sıra nüanslar var. Bu nüanslar nədən ibarətdir? Mən bunlar haqqında məlumat vermək istəyirəm”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Mətbuat Şurasının sədr müavini vurğulayıb ki, Prezidentin media ilə təmaslarında diqqət çəkən ilk məqam onun əlçatımlığıdır.

“Diqqət etsək görərik ki, cənab Prezident informasiyanın operativ yayılması və əlçatımlığının təmin olunması üçün bir neçə üsuldan istifadə edir, bunlardan biri də onun sosial şəbəkələr üzərində aktiv olmasıdır. Yəni, cənab Prezidentin həm "twitter", həm "facebook" üzərində, həm də digər sosial şəbəkələr üzərində olan hesabları gün ərzində bir neçə dəfə yenilənir və əhəmiyyətli informasiyalar operativ olaraq bütün oxuculara çatdırılır. Bu bir neçə ildir ki, belə davam edir, təkmilləşir və bu, çox əhəmiyyətlidir. Çünki, insanlar lazım olan informasiyanı ilk mənbədən ala bilirlər.

Məsələnin ikinci tərəfi, ənənəvi media üçün, yəni, televiziyalar, radiolar, qəzetlər üçün əlçatımlıq məsələsidir. Bu yöndə də cənab Prezidentin fəaliyyətində çox ciddi yeniliklər müşahidə olunur. Ötən il Ermənistanla 44 günlük müharibə vaxtı cənab Prezident özü şəxsən media ilə təmaslara çox ciddi əhəmiyyət verdi və çox qısa müddətdə dünyanın tanınmış təqribən 26 media qurumuna müsahibələr verdi. Bundan başqa cənab Prezident özü bir neçə dəfə yerli media qurumları ilə görüşdü, müsahibələr verdi və çox aktiv şəkildə informasiya təminatı işini qurmuş oldu.

Məsələ ondadır ki, müharibə başa çatdıqdan sonra da cənab Prezident media ilə iş sahəsində aktivliyi davam etdirir və bu günə qədər də intensiv şəkildə həm xarici media nümayəndələrini qəbul edir, həm də ölkənin kütləvi informasiya vasitələrinə, televiziyalara həm ayrı-ayrılıqda müsahibələr verir, həm də, məsələn fevral ayında olduğu kimi, toplum şəkildə jurnalistləri qəbul edərək, onlara müsahibələr verir və onları maraqlandıran sualları cavablandırır.

Cənab Prezidentin fəaliyyətində, media ilə təmaslarında şəxsən diqqət çəkən üçüncü məqam ondan ibarətdir ki, ölkə başçısı öz müsahibələrində ən yeni texnologiyaları tətbiq edir. Bu texnologiyalar nədən ibarətdir? Mən istəyirəm məhz onlara toxunum, çünki, baxıram ki, bu sahədə digərləri danışmırlar. Məsələ ondan ibarətdir ki, cənab Prezident media sahəsində öz müsahibələrində jurnalistika sahəsində gündəmdə olan ən yeni çağırışlara müraciət edir, ən yeni texnoloji imkanlardan, innovasiyalardan istifadə edir. Bu da ondan ibarətdir ki, cənab Prezident öz çıxışında data jurnalistikanın prinsiplərini tətbiq edir. Qısa, lakonik, təsirli, statistika ilə dolu müsahibələr verir. Siz fikir verirsizsə, cənab Prezident öz çıxışında Ermənistana qarşı məsələlərdə məhz o data jurnalistikanın prinsplərindən istifadə etdi və Ermənistanın yalançı, riyakar olduğunu arqumentlərlə, statistik məlumatlarla sübuta yetirmiş oldu. Məsələn, bir nümunə göstərim ki, cənab Prezident öz çıxışında deyirdi ki, tutaq ki, Ermənistanın hərbi büdcəsi filan məbləğdədir, o konkret məbləğ deyirdi, onların hərbi texnikası bu saydadır, amma biz həmin sayda olan texnikaları ləğv etmişik. Onda Ermənistan necə fəaliyyət göstərir? Belə çıxır ki, onlar dünya ictimaiyyətini aldadıblar və yalançı büdcə və yalançı texnika sayı təqdim edirlər. Bax, cənab Prezident bu cür, rəqəmlərlə danışmaqla, data jurnalistikanın prinsplərini tətbiq etməklə, rəqəmlərin müqayisəsini aparmaqla, həm yerli auditoriyanı, həm də dünya ictimai rəyini təsirləndirirdi, öz çıxışlarını rəqəmlərlə isbata yetirdi. Sizə deyim ki, bu, çox mühüm addımdır. Çünki, müasir dünyada data jurnalistika çox ciddi şəkildə tətbiq olunur, önə verilir və inandırıcı qəbul olunur. Cənab Prezidentin bu taktikası da ciddi nəticə verdi və təsadüfi deyil ki, dünyanın ən məşhur transmilli KİV-ləri özləri üçün ehtiyac duydular ki, cənab Prezidentlə görüşüb, ondan müsahibə götürsünlər.

Yəni, bu məsələlərin hamısını cəm şəklində biz birlikdə cənab Prezidentin yeni media strategiyası kimi qiymətləndirə bilərik. Bu strategiyanın üstünlüyü ondan ibarətdir ki, burada jurnalistikanın yeni prinsipləri, data jurnalistikanın prinspləri, qısa, lakonik və eyni zamanda rəqəmlərlə isbat olunmuş çıxışlar tətbiq olunur. Eyni zamanda bu çıxışları intensiv şəkildə etməklə, medianı zəruri informasiyalarla təmin etmiş olur.

Dünya media məkanını izləyən bir şəxs kimi öz tərəfimdən deyə bilərəm ki, cənab Prezidentin bu strategiyası çox uğurludur, həm də rəqib tərəfin, Ermənistanın imkanlarının böğulması, məhv edilməsi üçün çox ciddi təsir imkanlarına malikdir”, deyə Müşfiq Ələsgərli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə