Haqqın carçısı dünya miqyasında - Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Prezidenti İlham Əliyev: “Cənubi Qafqaz regionunda yaranmış yeni vəziyyət yeni yanaşmalar tələb edir”
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. “Nizami Mərkəzinin təklif etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusu qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmalar tələb edir”.Bu fikri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxış edərkən söyləyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzini pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə təbrik edən dövlətimizin başçısı deyib: “Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir”.
“Hesab edirəm ki, çox böyük səhvə yol verdiklərini Ermənistanın özü də başa düşür”
Azərbaycan Prezidenti onu da bildirib ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik: “Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər”.
Dövlət başçısı vurğulayıb ki, əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır: “Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır», - deyən Azərbaycan Prezidenti Ermənistanın vaxt itirdiyini, Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum olduğunu qeyd edib: «Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub”.
“Ermənistanın siyasi dairələrindən heç bir müsbət açıqlama görmürük”
“Ermənistanın siyasi dairələrindən - nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük”, -deyən dövlət başçısı bildirib ki, azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib: “İyunda keçiriləcək seçkilərdən (Ermənistanda - red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb. İndi sahib olduqları üçün də yalnız özlərini və liderlərini günahlandırmalıdırlar”.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox insan öz evlərindən məcburi şəkildə didərgin salınıb. Lakin barışığın əldə olunması üçün düzgün yanaşmaya ehtiyac var: «Münasibətlərin pozulmasına məhz Ermənistanda mövcud olan Azərbaycanofobiya, təcavüzkar ideyalar səbəb olub. Ermənistan daim dünya ictimaiyyətini aldatmağa və özünü qurban kimi göstərməyə çalışıb”. “Ermənistandakı bugünkü vəziyyətə baxsaq, bunun Ermənistanın müstəqil dövlətə çevrildiyi dövrdən daha pis olduğunu görə bilərik. Ermənistanın ordusu qalmayıb, o, tamamilə məhv edilib». Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistanda davamlı siyasi böhran hökm sürür, cəmiyyətdəki yüksək inamsızlıq səviyyəsi, qarşılıqlı ittihamlar, bəzi erməni siyasətçilərinin ritorikası qəbul edilən bütün çərçivələri aşır: “Onlar vaxt itirdilər, enerji layihələri və nəqliyyatın inkişafı çərçivəsində Azərbaycanın təşəbbüsləri xaricində qaldılar, işğal etdikləri və heç tarixən də və ya beynəlxalq hüquqa görə onlara aid olmayan əraziləri itirdilər”.
“Dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın bu quruma sədrliyini dəstəkləyiblər. Bu qurumun sədri kimi Azərbaycan COVID-lə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın təşkil edilməsi təşəbbüsünü irəli sürüb və bu sessiya keçirilib”,-deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan bir çox ölkələrin tələbatlarından dəfələrlə daha çox vaksin sifariş etməsinə qarşı çıxıb, vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin “Sinovac” peyvəndləri ilə təmin olunmasında göstərdiyi dəstəyə görə Çinə təşəkkür edib: “Xahişimiz dərhal təmin edildi və bunun sayəsində bu gün Azərbaycan bu pandemiyaya qarşı mübarizədə aparıcı ölkələr sırasındadır. Bunun sayəsində indiyədək 1,9 milyon insanı vaksinasiya edə bilmişik. Bu, ümumi əhalimizin təxminən 20 faizini təşkil edir, peyvəndlərin 99,9 faizi isə Çin peyvəndi idi”.
“Avropa İttifaqı post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər”
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurlu əməkdaşlıq edirik: “Avropa İttifaqının 28 ölkəsindən 9–u ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını, yaxud qəbul edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu da bizim Aİ ilə yaxşı strateji tərəfdaşlığımızın olduğunu nümayiş etdirir. Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin mətninin demək olar ki, 90 faizdən çox hissəsi razılaşdırılıb. Biz Cənub Qaz Dəhlizinin daha da genişləndirilməsini planlaşdırırıq. Bu da Avropanın təbii qaz təchizatının şaxələndirilməsinə töhfə verəcək. Aİ post-münaqişə dövründə regional əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər və biz daha fəal əməkdaşlıq etmək istərdik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
“Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”
“Biz indi gələcəyə baxmalıyıq. Otuz illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır”,-deyən Prezident İlham Əliyev Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır: “Çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”. “ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”,- deyə dövlət başçısı qeyd edib ki, Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etməyə, işğal altındakı torpaqlarını azad etməyə və bir milyondan çox məcburi köçkünün geri qaytarılmasına çalışırdı. Bütün bunları beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həyata keçirirdi.
“Ermənistan cəmiyyəti yeni yaranmış bu reallığa uyğunlaşmalıdır. Bu, ədalətin zəfər çalması idi. Təəssüflər olsun ki, bu gün Ermənistan cəmiyyətində revanşist meyillər və Azərbaycanofobiya hökm sürməkdədir. Biz gələcəyə baxmalıyıq. Biz artıq təklif etmişik, dəfələrlə demişəm ki, biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Lakin bütün bunlar birgə səylər tələb edir”.
“Noyabr Bəyanatından sonra bir çox addımlar ataraq göstərdik ki, biz əməkdaşlıq etmək istəyirik”
Azərbaycan Prezidenti İlham Əliyev Noyabr Bəyanatından sonra bir çox addımların atıldığını deyərək vurğulayıb ki, biz əməkdaşlıq etmək istəyirik: “Biz humanitar sahədə addımlar ataraq müharibədən sonra münaqişə zonasında qalan Ermənistan vətəndaşlarını vətənlərinə geri göndərdik”.
Dövlətimizin başçısı bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır: “Biz Rusiyadan Ermənistana qazın təmin olunmasına icazə vermişik. Amma buna görə Azərbaycana heç təşəkkür də etməyiblər. Biz Zəngəzur dəhlizinin açılmasını təklif etmişik və düşünürəm ki, bu proses çətin olsa da, artıq işə başlamışıq”. Prezident İlham Əliyev Çin şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak etdiyini də vurğulayıb: “Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak edirlər. Çin ilə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanları var. Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlətimizin başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur”. Prezident İlham Əliyev Azərbaycanla İsrail arasında ticarət münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin daha da inkişaf etməkdə olduğunu deyib.
Dövlətimizin başçısı bildirib ki, İsraildə çox fəal Azərbaycan diasporu var. Həmçinin Azərbaycanda da çox fəal İsrail diasporu mövcuddur: “Diaspor nümayəndələri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verirlər. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində İsrail ilə geniş əməkdaşlıq aparılır”.
Bir sözlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görməklə yanaşı, həm də torpaqlarımız işğalda olduğu müddətdə, Vətən müharibəsi günlərində, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizin ərazi bütövlüyünə və haqq işinə güclü dəstək verəcək. Dövlət başçımızın dediyi kimi, «Azad edilmiş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə baxmağa hazırdır».
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB