BÜTÜN İSTİQAMƏTLƏR ÜZRƏ DAYANIQLI İNKİŞAFIN ÜNVANI: NAXÇIVAN MUXTAR RESPUBLİKASI

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər etməsi Azərbaycanımızın ayrılmaz parçası olan bu bölgənin taleyüklü məsələlərinə diqqət yetirilməsi ilə yanaşı, həm də regionda maraqlı qüvvələrə xüsusi mesajlar verməsi cəhətdən də böyük önəm daşıyır. Muxtar respublikada sosial-iqtisadi inkişafın təməlində iqtisadi inkişafın sosialyönümlü olması, hər bir vətəndaşın maddi rifahının yüksəldilməsi, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, məhdudiyyətlərin aradan götürülməsi, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və iqtisadi təhlükəsizliyin təminatı üçün aparılmış kompleks işlər dayanır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin açılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verir.Naxçıvan Muxtar Respublikasında son 20 il ərzində ümumidaxili məhsulun 10 dəfədən çox artması iqtisadi cəhətdən çox ciddi rəqəmdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində iftixar hissilə qeyd etdi ki, Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Dövlət başçısı daha sonra bir neçə infrastruktur layihəsinin açılışında iştirak etdiyini bildirdi və dedi: “Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Naxçıvanda əsas prioritet sahələr kənd təsərrüfatı, emal sənayesidir. Qəsəbə və kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzlərinin yaradılması, kənd əhalisinin məşğulluğunun təmin edilməsi bol məhsul əldə etməyə şərait yaradıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, keyfiyyətli yol çəkilişləri, təbii qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib. Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə verilən güzəştli kreditlər nəticəsində 2020-ci ildə 537 milyon 584 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, 103 milyon 158 min 200 ABŞ dolları həcmində məhsul muxtar respublikadan ixrac olunmuşdur. 2020-ci ildə muxtar respublikaya, ümumilikdə, 82 milyon 27 min ABŞ dolları dəyərində məhsul idxal olunmuş, 428 milyon 520 min 400 ABŞ dolları dəyərində məhsul ixrac olunmuşdur.

Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış, 2020-ci ilin məhsulu üçün əkilmiş 36 min 879 hektar sahədən 115 min 649 ton məhsul götürülmüşdür. Məlumat üçün bildirək ki, 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır. Bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdur.

Yeri gəlmişkən qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə qurulmuşdur. 2020-ci ilin 9 ayında muxtar respublikada 943 yeni iş yeri yaradılıb ki, bunun da 39,3 faizi daimi iş yerləridir. Dövlətimizin başçısı bölgədə sənaye potensialı inkişaf etdiyinə də diqqət çəkdi: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür”.

Ali Baş Komandan Naxçıvanda hərbi xidmətdə olanların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olduğunu xüsusi qeyd etdi. Bildirdi ki, Hərbi aerodromun və hərbi hospitalın açılışı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində əlamətdar hadisədir. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Prezidentimizin Azərbaycan televiziyasına müsahibəsində həmin gün Naxçıvanda olmağının xüsusi rəmzi mənası olduğu fikrini də bölüşdü: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Prezident müsahibəsində bir daha əminliklə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər zərrə qədər təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Onlar da bunu bilirlər. Azərbaycanın gücü də var, iradəsi də var, cəsarəti də var. Yumruq da yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Yəni Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın hərtərəfli inkişafına xidmət etməkdədir. Dövlətimizin hazırkı parlaq və möhtəşəm nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir qlobal çağırışlara uyğun həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada güclü, nüfuzlu dövlət, sabitlik adası və dinamik inkişafa malik olan ölkə kimi tanınır, qazanılan möhtəşəm nailiyyətlər ölkəmiz qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir.

Könül Məmmədova,

YAP Şamaxı rayon təşkilatının Şura üzvü

Tərəqqi medallı

Bütün xəbərlər Facebook səhifəmizdə