Rusiya Ermənistan-Azərbaycan sərhəd münaqişəsini necə həll etməyi təklif edir? - ANALİZ

Rusiya Ermənistan-Azərbaycan sərhəd münaqişəsini necə həll etməyi təklif edir? - ANALİZ

Moskva-Baku portalında İnna Lisovskayanın təqdimatında yayımlanan "Moskva-Bakı xəbərləri” proqramında son günlərdə regionumuzda gedən proseslər, həmçinin Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı yaranan problemlər ətrafında maraqlı məqamlara toxunulub. Proqramda qeyd olunanları mətn və yazı formasında oxucularımıza təqdim edirik.

Bakı İrəvana: Bölgədə çaxnaşma yaratmayın

Ermənistanın sərhəd gərginliyinə qeyri-adekvat reaksiyası və bu məsələni beynəlmiləlləşdirmək cəhdləri bölgədə gərginliyin artmasına səbəb ola bilər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sullivanla telefon danışığı zamanı söyləyib. Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət əsnasında İlham Əliyev Azərbaycanın bölgədə sülhün təmin olunmasına sadiq olduğunu söyləyib və münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit qaldığını bildirib. Eyni zamanda, Əliyev Ermənistanın sərhəd gərginliyinə əsəbi reaksiyasının və müxtəlif ölkələri bu məsələyə cəlb etmək cəhdlərinin bölgədə daha da gərginliyə səbəb ola biləcəyini vurğulayıb. Azərbaycan dövlətinin başçısı bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.

İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri ilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlara başlamaq zərurəti barədə də razılığa gəlib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq bu prosesin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərdən məmnunluqlarını ifadə ediblər. Həm də bu münasibətlərin hər iki ölkə və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Xatırladaq ki, mayın 12-də rəsmi İrəvan Azərbaycan hərbçilərinin Ermənistanın dövlət sərhədini keçərək ölkəyə 3,5 kilometr irəlilədiyini elan etmişdi. Üstəlik, bəzi məlumatlara görə, Azərbaycan tərəfi Sünik (Zəngəzur-red) bölgəsindəki Qara Gölü nəzarətə götürüb. Həmin gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistan tərəfi ilə danışıqlar aparmaq üçün Azərbaycan-Ermənistan sərhədinə gəlib. Daha sonra Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov və 102-ci Rusiya bazasının nümayəndələri danışıqlara qatılıb. Danışıqlar davam edərkən Paşinyan KTMT-yə müraciət edib, həmçinin Rusiya prezidentindən hərbi yardım istəyib.

Azərbaycan Xarici İşlər Nazirliyi mövcud vəziyyəti şərh edərkən İrəvanı çaxnaşmamağa çağırıb və Azərbaycan sərhədçilərinin Qarabağla bağlı razılaşmalar çərçivəsində hərəkət etdiyini bildirib. Beş günlük danışıqların nəticələrindən sonra rəsmi İrəvanın açıqlamalarına görə, Azərbaycan hərbçiləri Qara Göldə olmağa davam edirlər. Paşinyan vəziyyəti böhran adlandırmağa davam edir və "sərhəddə artan gərginlik tendensiyası" olduğuna inanır.

Rusiya problemin həllinə kömək göstərməyə hazırdır

Rusiya hər iki dövlətdən belə bir tələb gəlsə, sərhəddəki gərginliyin həllində Ermənistana və Azərbaycana kömək edəcəkdir. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bunu bir gün əvvəl jurnalistlərə açıqlayıb. O, Rusiya tərəfinin bu kimi məsələlərdə vasitəçi kimi təcrübəyə sahib olduğunu və bunun üçün bir müraciət olarsa, Rusiyanın yardım göstərəcəyini qeyd edib.

Sitat: “Belə bir mühitdə tərəflərin bizə kömək, vasitəçilik üçün müraciət etmələri normal bir vəziyyətdir, xüsusən də 9 noyabr və 11 yanvar bəyanatlarının inkişafı kontekstində təcrübəmiz var. Buna görə də, belə bir müraciət yalnız bir iştirakçıdan deyil, bütün iştirakçılardan gəlsə, mən Azərbaycandan və Ermənistandan demək istəyirəm-, o zaman əlimizdən gələn köməyi göstərməyə hazır olacağıq".

Rudenko, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin mayın 19-da Düşənbədə Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyi müzakirə edəcəklərini söyləyib.

Sitat: “Xarici işlər nazirləri gündəmdəki bütün məsələləri müzakirə etmək üçün Düşənbəyə toplaşırlar. Bu məsələnin orada müzakirə ediləcəyini istisna etmirəm, əsas müzakirənin Düşənbədə nazirlərin görüşü zamanı baş verəcəyini düşünürəm”

Rusiya Xarici İşlər Nazirliyi də geniş bir şərhlə Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma məsələsinə toxunub və münaqişənin həllini sonrakı demarkasiya ilə sərhəd delimitasiyası prosesinin başlanmasında gördüyünü bildirib.

Sitat: “Bütün bu hadisələrin müstəsna olaraq sülh və danışıqlar yolu ilə həll edilməsi lazım olduğunun vacibliyindən irəli gələrək, Azərbaycan-Ermənistan sərhədinin sonrakı demarkasiyası ilə delimitasiya prosesinin başlamasına uzunmüddətli həll yolu kimi baxırıq. Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin ardıcıl normallaşmasını təşviq etmək üçün hər cür şəkildə davam etməyə hazırdır"

Rusiya Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izlədiyini, hərbi və sərhəd xidmətləri vasitəsi ilə operativ əlaqələr saxladığını qeyd edib.

Tarixi münasibətlər üzərində əməkdaşlığın inkişafı

Mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıya işgüzar səfərə gəlmiş Belarusiya Müdafiə naziri Viktor Xrenini qəbul edib.

Qəbul zamanı Azərbaycan dövlətinin başçısı Bakı ilə Minsk arasında hərbi və hərbi-texniki sahələrdə uğurlu əməkdaşlığı qeyd edib.

Sitat: “Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq uzun bir tarixə malikdir və çox yaxşı nəticələr verir. Bu səbəbdən həmkarınızla müzakirələrin və fikir mübadiləsinin bu sahədə əməkdaşlığın daha da inkişafı üçün faydalı olacağına əminəm"

Prezident Belarus tərəfini hərbi-texniki əməkdaşlıq da daxil olmaqla bütün digər sahələrdə fəal əməkdaşlığa və qarşılıqlı dəstəyə davam edəcəyinə əmin edib. Əliyev Belarus şirkətlərinin Qarabağda görüləcək işlərdə iştirak etməkdə maraqlı olduqlarını da əlavə edib.

Sitat: “Belarus şirkətlərini Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə dəvət etdim. Daha sonra sizə bu yerlərdə çəkilmiş fotoları göstərəcəyəm. Bunlar 30 ilə yaxındır işğal altında olan torpaqlarımızdakı vandalizmin və dağıdıcılığın səviyyəsini açıq şəkildə göstərir. Bildiyim qədər bu məsələlərdə iştirak etməyə artıq maraq var”

Prezident vurğulayıb ki, yaxın gələcəkdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya son səfəri zamanı əldə olunan razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin başçılıq etdiyi nümayəndə heyəti Minskə səfər edəcək.

Gürcüstandakı etnik qarşıdurmanı, nəhayət, dayandırdılar

Gürcüstanın Dmanisi şəhərində gürcülər və azərbaycanlılar arasında baş verən kütləvi davadan sonra vəziyyət sabitləşib, lakin əlavə polis qüvvələri orada qalır. Gürcüstan mətbuatının yazdığına görə, gərgin vəziyyət, Gürcüstan hakimiyyəti və ruhanilərinin nümayəndələrinin müdaxiləsindən sonra aradan qaldırılıb. Parlament üzvləri aralarında münaqişənin baş verdiyi yerli sakinlərlə görüşüblər və Şərqi Gürcüstan Müftisi Etibar Eminov və Gürcüstan Patriarxlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, keşiş Andria Caqmaidze də hadisə yerinə gəliblər. Söhbətdən sonra tərəflərin barışığı təmin edilib.

Xatırladaq ki, Dmanisidə etnik azərbaycanlılarla yerli gürcülər arasında kütləvi toqquşmalar demək olar ki, bir gün davam edib. İğtişaşlar bazar günü axşam başlayıb. Daha sonra məlum olduğu kimi, beysbol ağacları və digər əlaltı vasitələrindən istifadə edərək qanlı bir toqquşmaya çevrilən qarşıdurma, yerli mağazalardan birinin sahibinin oğlanlara nisyə pivə satmaqdan imtina etməsindən sonra başlayıb. Təhqir olunmuş uşaqlar kömək gətiriblər və mağaza sahibi ilə yumruqları ilə məşğul olmağa çalışıblar. Mübarizəyə onlarla gənc cəlb edilib. Bəziləri ağır yaralanıb.

Qarşıdurmanın ertəsi günü Dmanisidə vəziyyət yenidən kəskinləşib- küçələrdə kütləvi davalar başlayıb. Toplananlar hətta jurnalistlərə hücum ediblər və münaqişə tərəfləri arasında canlı bir kordon yaradan polislərə təcavüz göstəriblər.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri şəhərə gəlib. Daxili İşlər Nazirliyi əlavə qüvvələr səfərbər edərək uzun müddət ictimai asayişi bərpa etməyə çalışıb, amma boş yerə. Polis, yalnız xüsusi keçidlərlə daxil oluna bilən şəhərdən giriş-çıxışı məhdudlaşdırıb. Yalnız yerli din xadimlərinin səyi sayəsində qarşıdurmanı dayandırmaq və hamını barışığa dəvət etmək mümkün olub.

Pilotsuz təyyarələrlə havadan kəşfiyyat

Azərbaycan ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimlər davam edir. Pilotsuz hava vasitələri, simulyasiya edilmiş bir düşmənin müdafiəsinin dərinliyindəki hədəflər daxil olmaqla mövqelərinin aşkarlanması və müvafiq məlumatların komanda məntəqələrinə ötürülməsi problemini həll edir.

Xatırladaq ki, 16 may bazar günü Azərbaycan ordusunda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər başlayıb. Təlimlərdə 15 minədək hərbçi, 300-ə qədər tank və zirehli texnika, 400-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğusu, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları iştirak edir.

Eyni zamanda, ASELSAN tərəfindən hazırlanmış yeni bir Saka dronu bu gün Türkiyədə uğurla sınaqdan keçirilib. Türk pilotsuz təyyarəsi kəşfiyyat və nəzarət məqsədi ilə hazırlanmışdır. Çəkisi təxminən 600 qramdır. Layihənin birinci mərhələsi çərçivəsində bir avtopilot sistemi, bir enerji qurğusu, qatlanan qollar və dəyişdirilə bilən batareyalı kompakt bir pilotsuz platforma hazırlanıb. Layihənin 2-ci mərhələsində komponentlərin ixracından asılılığın minimuma endirilməsi və sistemlərin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bundan əlavə, şirkətin mühəndisləri bir hədəfi müəyyənləşdirmək və izləmək üçün avtonom bir sistem üzərində işləyir, həmçinin qapalı məkanlardan şəkillər əldə etmək və quru nəqliyyat vasitələrinin müəyyən məsafələrdəki marşrutlarını izləmək üçün bir sistem hazırlayırlar.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Verilişə buradan baxa bilərsiniz

https://www.youtube.com/watch?v=htflqRc1oKE&feature=youtu.be

Bütün xəbərlər Facebook səhifəmizdə