Azərbaycan Prezidenti İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi ilə nəticələndi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı və hərb tariximizə möhrünü vurdu. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan Vətən müharibəsində Azərbaycan qalib xalq oldu. 30 illik bir həsrətə son qoyuldu və Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmiz böyük nailiyyətlərə imza atdı.
2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", deyərək xoş müjdəni verdi. Cənab İlham Əliyev bütün dünyaya Azərbaycanın gücünü, tarixi ədaləti diplomatik yol ilə bərpa etdiyini göstərdi. Ali Baş Komandanın müdrik siyasəti nəticəsində torpaqlarımız bu gün azad nəfəs alır və bu gün torpaqlarımızda yeni yüksəliş dövrü başlayıb. İşğaldan azad olunan ərazilərdə infrastruktur layihələrə start verilib. Artıq Şuşada elektrik enerjisinin verilişi təmin edilib. Dövlət başçısının "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", eləcə də "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamları Şuşada həyata keçiriləcək tədbirlərin davamlı olmasından xəbər verir.
Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Şuşada reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, bu müqəddəs şəhər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub.
Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərmiş oldu ki, işğaldan azad olunan torpaqlarımızda yeni, qaynar həyat başlanıb. Azərbaycan öz ənənələrinə, dəyərlərinə sahibdir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təşkil olunan "Xarıbülbül" musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması da böyük məna daşıyırdı. Əlbəttə ki, "Xarıbülbül" musiqi festivalı hər bir azərbaycanlı üçün böyük qürur idi. Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi. "Xarıbülbül" musiqi festivalının açılışında çıxışında Cənab İlham Əliyev festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsinin təsadüfi olmadığını bildirib: "Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq".
Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu Sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunub. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması dünyaya bir mesajdır. Bu, Azərbaycan xalqının öz tarixinə, ənənələrinə, mədəniyyətinə sahib oması deməkdir.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin məqbərəsi bərpa olunacaq. Şuşada yeni məscidin təməlinin qoyulması və Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. İyirmi doqquz ildən sonra ilk dəfə Şuşada bayram namazı qılındı, azan səsi eşidildi. Bütün bu və ya digər amillər olduqca qürurvericidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".
Vurğulamaq yerinə düşər ki, "Xarıbülbül" musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim edilməsi də təsadüfi olmadı. Azərbaycan dünyaya bir mesaj verdi ki, Azərbaycan multikultural, tolerant bir dövlətdir. Müxtəlif xalqların birgəyaşam mədəniyyəti baxımından dünya xalqlarına, dünya insanına nümunədir. Müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət olaraq Azərbaycanı təqdim edir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Şuşanın tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması bu məkana xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Cənab Prezident "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etdi.
Habil Qurbanov
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB