"Azərbaycan bütün xalqlara, dillərə, dinlərə hər zaman işıq olub" - DEPUTAT ŞƏRH ETDİ

“Dünən dünyanın gözləri önündə bir daha möhtəşəm Azərbaycan canlandı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətləri, Azərbaycanın gücü, qüdrəti bir daha bütün dünyaya nümayiş olunub: “Dünən Şuşada uzun bir aradan sonra yenidən başlayan beynəlxalq musiqi festivalı əlbəttə ki, dünyaya yönəlmiş bir mesaj idi. Biz qayıtmışıq, biz buradayıq, biz bu torpaqların əzəli və əbədi sahibiyik. Biz 32 il öz torpaqlarımızdan didərgin düşsək də, torpaqlarımız yağı düşmən altında qalsa da, biz ədalətsiz müharibə ilə qarşı-qarşıya qalsaq da nəticədə ilahi ədalət, hüquq, Azərbaycan xalqının haqqı öz sözünü dedi. Biz torpaqlarımızın hər qarışının uğrunda canımızla, qanımızla mübarizə apararaq geri aldıq. Əlbəttə biz bu günümüz üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, onun ətrafında üzük qaşı kimi toplanan xalqımıza və Müzəffər Ordumuza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Dünən cənab Prezident növbəti dəfə tarixi çıxışını etdi. Ölkə rəhbərinin etdiyi hər bir çıxışın arxasında güclü iradə, dəmir bilək prinsipləri dayanır. Dəfələrlə cənab Prezidentin bəyan etdiyi kimi biz bu torpaqlara qayıtmışıq, bu torpaqlar əbədi olaraq Azərbaycanındır. Bundan sonra da düşmən çaşarsa, yenidən əvvəlki əməllərini etməyə çalışarsa, düşmən və onun havadarları yenə də qarşılarında Azərbaycanı görəcəklər amma 32 il əvvəl ki Azərbaycan deyil, güclü qüdrətli azad, müstəqil, Qarabağlı Azərbaycanı görəcəklər.

Dünənki festival sıravi festival kimi, bir mədəniyyət hadisəsi kimi dəyərləndirilməməlidir. Bu strateji bir hadisə idi. Bu festival özlüyündə sadəcə öz ölkəsində güclənən Azərbaycanı deyil, bölgədə, Cənubi Qafqazda və həm də bütün dünyada söz sahibi olan, nüfuz sahibi olan bir Azərbaycanı bir daha dünyaya nümayiş etdirdi. Festivalın rəngarəngliyi musiqilərin seçimi müxtəlif xalqların mədəniyyətinin nümayişi əslində Azərbaycan siyasətində, Azərbaycanda keçirilən multikultural siyasətin qlobal dəyərlərə əsaslanan, dünyəvilik mexanizminə əsaslanan siyasətin bir daha bəlirtisi oldu”.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan bütün xalqlara, dillərə, dinlərə hər zaman işıq olub: “Yetər ki, bu xalqlar Azərbaycanı layiqincə qiymətləndirməyi bacarsınlar. Azərbaycana hörmətlə, ehtiramla yanaşan hər bir ölkə və onun nümayəndəsi əlbəttə ki, Azərbaycanda hər zaman bir azərbaycanlı kimi bütün imkanlardan, bütün resurslardan istifadə edəcəkdir. Dünən ki, festivalda seçilən nümunələr də mədəniyyət nümunəsi ilə bərabər eyni zamanda bir siyasi mesaj idi ki, biz bunu bütün dünyaya çatdırdıq. Eyni zamanda cənab Prezidentin dilindən çıxan hər bir ifadə bir çox dünya ölkələrinə sadəcə Ermənistana deyil bu günə qədər də onun havadarlığını etməyə çalışan, ikiüzlü siyasət yeridən, ikili standartlarla siyasət həyata keçirən ölkələrə, onların rəhbərlərinə əhəmiyyətli bir mesaj verib. Bu gün bu bayram münasibətilə hər bir Azərbaycanlını təbrik edirəm. Arzu edirik ki, bundan sonra bütün bayramlarımız Qarabağımızın hər bir guşəsində qeyd edilsin və bundan sonra yayılan azan səsləri, imana, dinə səsləniş Azərbaycandan, Qarabağdan yayılmış olsun”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...