Səfir Şahin Abdullayevin “The Oil and Gas Year” jurnalında müsahibəsi dərc edilib

Səfir Şahin Abdullayevin “The Oil and Gas Year” jurnalında müsahibəsi dərc edilib

Dünya boyunca yayılan və neft-qaz sənayesi üzrə aparıcı beynəlxalq jurnallardan hesab olunan "The Oil and Gas Year" jurnalının 2010-cu ilin yekunlarına həsr olunmuş növbəti sayında Səfir Şahin Abdullayevin Azərbaycanın neft sənayesinin tarixi, "Əsrin müqaviləsi", respublikamızın neft-qaz ixrac infrastrukturu, Azərbaycanın Mədən sənayesində şəffaflıq təşəbbüsündə iştirakı və neft-qaz və iqtisadiyyatın digər sahələrində Azərbaycan ilə Misir arasında əməkdaşlığın perspektivlərinə dair müsahibəsi dərc edilib. Azərbaycanın Misirdəki səfirliyindən SİA-ya verilən xəbərə görə, müsahibədə XIX əsrdə Azərbaycanın dünya neft sənayesində aparıcı dövlət olduğunu və XX əsrin əvvəllərində dünya neft hasilatının yarısının Azərbaycanın payına düşdüyünü qeyd edən Səfir Ş.Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyası əsasında 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladığı barədə məlumat verərək, bu sazişin Azərbaycanın neft tarixində yeni başlanğıc olduğunu və bu sazişin ardınca 19 ölkədən 41 neft şirkəti ilə 26 neft-qaz sazişinin imzalandığını oxucuların diqqətinə çatdırıb.

Bu sazişlə Xəzər dənizində yeni əməkdaşlıq mühitinin təşəkkül tapdığını deyən Səfir hal-hazırda Azərbaycanın şaxələndirilmiş neft-qaz ixrac kəmərləri vasitəsilə qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayaraq, uğurlu neft strategiyasının davamı kimi, Azərbaycanın potensial qaz ixracatçısına çevrildiyini və dünya qaz bazarının sabit inkişafına töhfə verdiyini qeyd edib.

Neft-qaz gəlirlərinin şəffaf və səmərəli şəkildə idarə olunması üçün Azərbaycanda Dövlət Neft Fondunun təsis edildiyini və gəlirlər barəsində bütün məlumatların ictimaiyyətə tam açıq olduğunu bildirən Səfir Ş.Abdullayev Azərbaycanın Mədən sənayesində şəffaflıq təşəbbüsünə ilk qoşulan və onun icrasını uğurla həyata keçirən qabaqcıl dövlət olduğunu nəzərə çatdırıb.

Azərbaycan-Misir əlaqələrinə toxunan Səfir Azərbaycanın tarixən İslam dünyasının bir hissəsi olduğunu və İslam sivilizasiyasının mütərəqqi dəyərlərini və irsini bölüşdüyünü qeyd edərək, müstəqilliyini əldə etdikdən etibarən Azərbaycanın ərəb-İslam dünyası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini və bu strateji xətt üzrə Azərbaycan-Misir əməkdaşlığının inkişaf etdiyini bildirib. Misir ilə Azərbaycan arasında enerji, ərzaq və kənd təsərrüfatı, əczaçılıq, turizm, informasiya və kommunikasiya texnologiyaları kimi sahələrdə perspektiv əməkdaşlıq imkanlarının olduğunu bildirərək o əlavə edib ki, Misirin keçmiş Neft naziri S.Fəhmi və Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Ə.Əliyevin qarşılıqlı səfərləri neft-qaz sahəsində birgə işbirliyi üçün yeni üfüqlər açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə