“Lavrovun bölgəyə gəlişi heç də Azərbaycanın xeyrinə deyil” POLİTOLOQUN MARAQLI ŞƏRHi

Lavrovun Azərbaycana qarşı münasibəti birmənalı olaraq yaxşı deyil və bu aydın məsələdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq vuröulayıb ki, Lavrovun bölgəyə gəlişi heç də Azərbaycanın xeyrinə deyil.

“Lavrov nə zaman Azərbaycana gəlibsə, onun arxasınca da bir problem çıxıb. O, nə zaman Azərbaycan-Ermənistan məsələsinə qarışıbsa, o zaman həll olunası məsələlər də yarımçıq qalıb. Təbii ki, ölkə başçısı Cənab İlham Əliyev məsələnin sülh yolu ilə həllini uzun illər təklif elədi və illərdə gözlədi, lakin iş o vəziyyətə gəldi ki, artıq daha bıçaq sümüyə dirənmişdi. Aydın məsələdir ki, bundan sonrakı mərhələdə artıq söz deyil, silahlar işə düşdü. Nikol Paşinyan təbii ki, İkinci Qarabağ Müharibəsindən bir il öncə “Qarabağ Ermənistandır və nöqtə” dedi və aydın məsələdir ki, bundan sonra problem başladı.

Qaldı ki, Lavrovun məsələsinə, ümumiyyətlə, bu məsələnin tamamilə həll olunmasında Rusiyanın marağı yoxdur. Yəni, əgər Cənubi Qafqazda tamamilə sülh olarsa, Rusiyanın artıq burada funksiyası itir. Yəni, Rusiyanın marağı təmin olunmur. Nə qədər ki, münaqişə var, Rusiya deyəcək ki, mən oradayam, sühməramlı qoşunum orada olsun. Təbii ki, Rusiyanın, xüsusən də Lavrovun marağındadır ki, Azərbaycanın torpaqlarını Ermənistana versin, sadəcə olaraq, arzular başqadır, reallıq başqadır deyə reallığı qəbul etmək məcburiyyətindədir. Yəni, arzularla deyil, reallıqla ayaqlaşmağa məcburdur.

Minaların xəritələrinin verilməsi kimi məsələlər var ki, Lavrov bu məsələlərdə aktivlik göstərmir, heç aktivlik göstərmək niyyəti də yoxdur. Bəli, ölkə başçısının qeyd etdiyi kimi, Birinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın 4 mindən artıq əsirinin Ermənistan tərəfindən saxlanılması, verilməməsi, hansı ki, onların öldüyü, ya qaldığı bilinmir. Onunla bağlı da heç bir məlumat yoxdur və Lavrov tərəfindən təklif irəli sürülmür.
Sərhədlərin delimitasiyası, demarkasiyası məsələsinə gəlincə, bu məsələ zaman-zaman həll olunubdur. Yəni, əslində biz İkinci Qarabağ Müharibəsindən, yəni, 10 noyabr və 11 yanvar razılaşmasından sonra həm Zəngilan, həm Qubadlı, həm də digər ərazilərdə sərhədləri çəkmişik. O, bilmirəm hansı sərhədləri nəzərdə tutur. Ola bilsin ki, o Dağlıq Qarabağ ərazisində rusların müşahidə postları qurduğu ərazini nəzərdə tutursa, bu onun böyük səhvidir.

İrəvanda jurnalist sual verir ki, Cənab İlham Əliyevin Zəngəzur dəhlizi açılacağı barədə dediklərinə necə baxırsınız? Lavrov isə cavab verir ki, bunu Ermənistan istəməsə bu mümkün deyil. Yəni, bu o deməkdir ki, özləri imzaladığı müqaviləyə daban-dabana zidd hərəkət edirlər və bu günə qədər də Ermənistan tərəfinin üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi məhz ondan xəbər verir ki, artıq bu məsələdə nə Ermənistanın, nə Rusiyanın marağı yoxdur. Yəni, bu, açıq şəkildə görünür. Əgər onların marağı olsaydı, Rusiya bunu təmin elətdirərdi. Rusiya məsələni gecikdirir. Rusiya bunu gecikdirməklə, əslində, başda Lavrov olmaqla məqsəd odur ki, təzyiq rıçaqı əldə edilsin. Hesab edirəm ki, bu mümkün deyil və bu baş tutmayacaqdır. Amma, hər bir vəziyyətdə Lavrovun regiona səfəri Azərbaycan üçün heç də xoş qarşılanası hal deyil”, deyə politoloq Samir Hümbətov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə