Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublika modeli olub - TƏDBİR

Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublika modeli olub - TƏDBİR

\"Səs\" qəzetinin redaksiyasında qarşıdan gələn 28 May - Respublika Günü ilə bağlı dəyirmi masa keçirib

Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, siyasi elmlər namizədi, millət vəkili Aydın Mirzəzadə, \"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspret Aydın Hüseynov, ETM \"Təfəkkür\" universitetinin professoru, politoloq Cümşüd Nuriyev, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elman Nəsirov, Demokratik Sol partiyasının sədri Elşən Manafov, \"Milli Qurtuluş\" partiyasının başqanı Vüqar Bəyturan iştirak edib.

\"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev dəyirmi masada giriş sözü ilə çıxış edərək, 1918-ci ilin may ayının 28-də yaradılmış Şərqdə ilk müstəqil demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə xüsusi önəminin olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanması AXC-nin yaranması ilə bir daha sübut olundu. Baş redaktor milli müstəqilliyimizin cəmi 23 ay yaşamasına baxmayaraq, xarici və daxili siyasətdə mühüm qərarların əldə olunduğunu da diqqətə çatdırıb. Minilliklər boyu müstəqil dövlətimizin yaranması naminə xalqımızın mühüm addımlar atdığını və ən əlverişli tarixi situasiyalarda qərarlar verdiyini söyləyən B.Quliyev 1918-ci ilin mayında elan olunmuş müstəqilliyimizin də xüsusi tarixi dönəm olduğunu vurğulayıb. B.Quliyev dəyirmi masa iştirakçılarına 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına, qarşısına qoyduğu hədəflərə nail olması və müəyyən işlərin sona çatdırılmamasına baxmayaraq, bu tarixin dövlətçilik ənənələrimizin davamında oynadığı rolun mahiyyəti aspektində də müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb.

\"Səs\" qəzetinin əməkdaşı:

- Elman müəllim, istərdik ki, milli müstəqillik tariximizin başlanğıcı olan 28 mayın mahiyyəti barəsində daha geniş məlumatlar çatdırardınız?

Elman Nəsirov:

- Bu gün biz böyük fəxr və fəxarət hissi ilə qeyd edirik ki, Azərbaycan kimi müstəqil dövlətimiz var. Eyni zamanda, bugünkü böyük nailiyyətimiz, yəni müstəqil dövlətə malik olmağımız onu deməyə əsas verir ki, Azərbaycan Xalq Cumhuriyyəti də daxil olmaqla bizim dövlətçilik ənənələrimiz var. Yəni burada bir varislik prinsipi var. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, 23 ay hakimiyyətdə olmuş Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyi baxımından olduqca mühüm bir tarixi dövrdür. 1917-ci ilin fevral inqilabından sonra prinsip etibarilə müxtəlif xalqların, xüsusilə, Çarizmin əsarətində olan xalqların müstəqillik əldə etməsi üçün unikal şansı yaranmışdı. Amma əks arqument də səsləndirmək olar ki, 1917-ci il fevral inqilabı baş verməsə idi və Çarizm güclü olsaydı o zaman nə baş verəcəkdi? Burada prinsip etibarilə Çarizmin devrilməsi üçün imkanlar yarandı və bu proses baş tutdu. Belə bir vəziyyətdə isə o zaman Azərbaycan dövlətçiliyinin önündə gedən siyasətçilər siyasi iradə nümayiş etdirməsəydilər həmin tarixi şans əldən buraxılmış olacaqdı. Bundan əlavə, 1918-ci ilin may ayının 28-də yaradılmış Xalq Cumhuriyyətimizin əzəmətinə qiymət verərkən əsasən, üç amili nəzərə almaq lazımdır. Birinci amil ondan ibarətdir ki, bu müstəqillik Birinci Dünya müharibəsinin gedişatında əldə edilib. Bu o zaman baş verib ki, bir yandan müharibənin gedişində yaranmış boşluqlardan istifadə edən bolşevik, daşnak qüvvələri Şaumiyanın başçılığı ilə Azərbaycan dövlətçiliyinin bərqarar olmasının əleyhinə işlər aparırdılar. Onlar azərbaycanlılara qarşı soyqırımı həyata keçirir və hər vəchlə çalışırdılar ki, müstəqil Azərbaycan dövləti yaranmasın. Burada ən böyük təhlükələrdən biri məhz bununla bağlı idi. İkinci mühüm təhlükə isə o zamanlar müharibənin gedişatında Çar generalları ermənilərdən necə istifadə edib, onların vasitəsilə həm Şərqi Anadoluda, həm Qərbi Azərbaycanda anti-dövlət siyasəti həyata keçirirdilər. Belə bir vəziyyətdə böyük dövlətlərin Cənubi Qafqaz regionu ilə bağlı da fərqli planları var. Onlar hələ də bolşeviklərə qarşı real güc tətbiq etmək istəmirdilər. Çünki Böyük Britaniya, ABŞ və digər Qərb dövlətləri Cənubi Qafqazda Çar rejminin qorunub saxlanmasında maraqlı çıxış edirdilər. Çünki Qərb dövlətləri güman edirdilər ki, çar rejimi yenidən bərpa oluna bilər. Müstəqil dövlətlərin yaranması, o cümlədən, Azərbaycanın müstəqilliyinin bərqərar olunması planı baş tutmayacaq. Belə olan vəziyyətdə onlar düşünürdülər ki, hələ çarizmi müdafiə etmək lazımdır. Rusiyanın isə Qafqazla fərqli bağlı planları var idi və Azərbaycan dövlətçiliyinin yaranması, xalqımızın 1813-cü ildən bəri ilk dəfə öz dövlətçiliyinin yaranması əleyhinə hər vəchlə çalışırdı. Amma bütün bu çətinliklərə, ermənilə tərəfindən həyata keçirilən soyqırımı siyasətinə baxmayaraq 1918-ci il may ayının 28-də müstəqil Azərbaycan Xalq Cumhuriyyəti elan edildi. Qısa bir ömür sürmüş AXC-nin Xalq Şurasının 2 mühüm qərarı daha yadda qalan idi. Bunlardan biri yaranmış ağır böhran durumunda paytaxtın Gəncəyə köçürülməsi ilə bağlı olmuşdur. Çünki bu çox mühüm bir qərarlardan hesab olunurdu. İlk baxışdan bunu etmək bir qədər anlaşılmaz görünə bilərdi ki, yəni paytaxtı Bakıdan köçürmək bəlkə də həmin tarixi şəraitdə çox vacib idi. Amma real şərait isə o idi ki, paytaxtın Gəncəyə köçürülməsi deyil, elan edilmiş dövlətçiliyin qorunması əsas şərt idi.

İkinici mühüm addımlardan biri də Xoyskinin başçılığı ilə Milli Hökumətin formalaşdırılması məsələsidir. Bu da onu göstərdi ki, artıq dövlət elan edilib. Belə vəziyyətdə isə diqqəti cəlb edən əsas məsələ isə yeni yaranmış dövlətiin manevr imkanları iə bağlı idi. Çünki bir yandan ingilislərin təzyiqi, italyanların bu prosesdə iştirak etmək cəhdləri, ABŞ-ın isə mandat əldə etmək prinsipləri fonunda yeni elan edilmiş dövləti qoruyub saxlamaq olduqca çətin idi.

\"Səs\" qəzetinin əməkdaşı:

- Aydın müəllim, necə oldu ki, Azərbaycan adlı coğrafi-siyasi məfhum məhz Xalq Cümhuriyyəti yaradıldıqdan sonra elan edildi?

Aydın Mirzəzadə:

- İlk növbədə, onu qeyd edim ki, müstəqilliyin qazanılması üçün tarixi şəraitin olması əsas şərtdir. Amma digər tərəfdəni cəmiyyətin özü də buna hazır olmalıdır. Azərbaycan cəmiyyəti xanlıqlar, Rusiya və İran imperiyaları arasında bölündükdən sonra addım-addım özünün keyfiyyət göstəricilərini artırırdı. Bunun nəzərə alaraq Mirzə Kazım bəyin Rusiyanın aparıcı universitetlərindən birinin professoru olmasını xüsusilə göstərmək olar. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılarımız iqtisadi elitanın meydana gəlməsi Bakıda və əyalətlərdə çoxsaylı qəzetlərin \"Kəşkül\", \"Açıq Söz\", \"Füyuzat\" kimi mətbu orqanların, \"Molla Nəsrəddin\" jurnalının meydana gəlməsi Azərbaycan ictimai fikrinin ziyalılarımız tərəfindən daha da dərinləşdirilməsi, dəqiqləşdirilməsi və ümumilikdə götürüldükdə bütün bunlar Azərbaycan cəmiyyətini 1918-ci ildə müstəqillik üçün tam hazır etdi. Ona görə də Azərbaycan o dövr müstəqillik əldə etmiş və bütün dövlətlərdən fərqli olaraq, bu müstəqilliyi əldə etməyə tam hazır idi. Bunu da 1991-ci ildə yenidən bərpa etməyi də bacardı. Bir məsələni də qeyd edim ki, ayrı-ayrı xalqların düzgün tapılması bəzən əsrlərlə vaxt apara bilər. Eyni zamanda, bunu da biz özümüz üçün də istisna hal hesab etmiroik. Müəyyən bir bölgə, müəyyən bir xalqın adının tapılması müəyyən bir dövr baş verə bilər. Bir faktı da qeyd edim ki, biz Azərbaycan dedikdə heç də indiki Azərbaycan dövlətinin ərazisini başa düşmürük. Tarixi Azərbaycan coğrafiyası deyilən bir anlayış var. Başqa dövlətlərin sərhədlərinə hörmətlə yanaşmaqla, onların mövcudluğunu qəbul etməklə Azərbaycan dövləti anlayışından biz heç vaxt imtina etməmişik. Bu baxımdan Azərbaycan sözü indiki Azərbaycan ərazisini, həm də İranda yerləşən tarixi Azərbaycan torpaqlarını özündə ehtiva edir. Azərbaycan sözü Azərbaycan cəmiyyətinə 1892-ci ildə \"Kəşkül\" qəzeti ilk dəfə dərc edilmiş bir məqalə ilə təqdim edildi. Həmin dövrə qədəri ayrı-ayrı Azərbaycan ziyalıları xalqımızın gah Qafqaz tatarları, gah da Qafqaz müsəlmanları adı ilə adlandırılmasına etiraz edirdilər. Onlar bildirirdilər ki, bü bölgədə yaşayan xalqların öz milli adı var. Bölgənin coğrafi adı ilə bağlı da 1892-ci il \"Kəşkül\" qəzetində xalqın Azərbaycan xalqı adlandırılması və bölgənin ümumilikdə Azərbaycan adlandırılması ilə bağlı gözəl bir təklif irəli sürülmüşdü. Həmin təklif qısa bir müddətdə Azərbaycan ziyalı dairələri tərəfindən qəbul edildi və bu ad özünün tərəfdarlarını çoxaltmağa başladı. 1918-ci ildə Azərbaycan öz milli müstəqilliyini elan edəndə yeni dövlətin adlandırılması ilə bağlı heç bir şübhə yeri qalmadı. Çünki bu Azərbaycan dövləti olmalı idi. İlk növbədə, bu ərazidən daha çox, burada yaşayan xalqın dövlətinin olması vurğulanırdı. Həmin dövrdə bu adla bağlı müəyyən qədər diplomatik gərgitnlik də yaşanmışdı. O zaman İran şahı Azərbaycan hökumətindən bu adın təcili dəyişdirilməsi, onun digər bir coğrafi adla adlandırılması ilə bağlı tələb irəli sürmüşdür. Ancaq Demokratik Cumhuriyyətin rəhbərləri bütün bu təzyiqlərə davam gətirərək, bu adın bu ərazinin və bu xalqın əsil sahibi olduğunu isbat edə bildilər. Qeyd edim ki, sonrakı gedişatda da Azərbaycan adının düzgün olduğunu və bu gün həm xalqın, həm də ərazinin bu ada layiq olduğu bir daha sübüt edə bildi.

\"Səs\" qəzetinin əməkdaşı:

- Elşən bəy, Xalq Cümhuriyyətinin xarici ölkələr tərəfindən tanınmasının bir uğuru da Əlimərdanbəy Topçubaşovun ABŞ prezidenti Vidro Vilsonla görüşüdür. Bunu ilk müstəqil dövlətimizin diplomatik uğurunun tərkib hissəsi kimi qiymətləndirmək olarmı?

Elşən Manafov:

- İlk növbədə, \"Səs\" qəzetinə belə bir dəyirmi masanı təşkil etdiyinə görə, öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, dəyirmi masa iştirakçıları qarşıdan gələn Milli Müstəqillik Günümüzlə bağlı səmimi qəlbdən təbrik edirəm. Qeyd edim ki, 1919-cu il may ayının 2-də Versal Sülh Konfransında iştirak edən Əlimərdanbəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ABŞ prezidenti Vidro Vilsonla görüşüb. Bu danışıqlarda Topçubaşov Xalq Cümhuriyyətinin diplomatik nümayəndə heyətinin rəhbəri kimi çıxış edirdi. Nümayəndə heyətinin qarşısına qoyulmuş əsas vəzifə 1918-ci ilin mayında elan edilmiş müstəqil Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləm, o cümlədən, ABŞ tərəfindən tanınması məsələsi idi. Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 1919-cu ilin 28 mayında yəni, müstəqilliyimizin birinci ilinin tamamında ABŞ prezidenti V.Vilson tərəfindən Azərbaycan nümayəndə heyəti qəbul edildi. O zaman, danışıqlarda Azərbaycan tərəfindən irəli sürülən tələblər dövlət müstəqilliyimizin Qərb tərəfindən tanınması, Azərbaycanla Qərb dövlətləri arasında əməkdaşlıq, Rusiya tərəfindən ehtimal olunan təcavüz təhlükəsində Azərbaycan Cümhuriyyətinə hərtərəfli, o cümlədən, hərbi yardımın göstərilməsi və digər məsələlər öz əksini tapmışdır. Məndən öncə, çıxış edənlər də bildirdi ki, AXC elan edildiyi vaxt Birinci Dünya müharibəsi gedirdi. Parisdə keçirilən Versal Sülh Konfransı bu müharibənin nəticələrini götür-qoy etmək üçsün çağırılmışdı. Dünya müharibəsinin başa çatması ərəfəsində V.Vilson tərəfindən 14 məşhur maddədən ibarət prinsiplər irəli sürülmüşdü. Həmin maddələrin də bir qismi bu gün beynəlxalq hüququn əsasını təşkil edir.

\"Səs\" qəzetinin əməkdaşı:

- Cümşüd müəllim, istərdik Azərbaycan Xalq Cümhuriyyətinin parlament respublika quruluşundan bəhs edəsiniz?

Cümşüd Nuriyev:

- Mən hər şeydən əvvəl istərdim ki, o dövrə bir səyahət edək, çünki Azərbaycanın bu əsrin əvvəlindəki problemi ilə ötən əsrin əvvəlindəki problemlər arasında paralelik aparmaq çox asandır. Daha doğrusu, burada oxşar problemlər çoxdur. Əvvəla, onu qeyd edim ki, o dövr Qərbin Azərbaycanla bağlı xüsusi planları vardı. Çünki ingilislər konkret olaraq Azərbaycan neftinə sahib olmaq istəyirdilər. Burada Lord Kerzonun və Çorçilin də Azərbaycanla bağlı fikirləri tam açıq idi. Denikin isə açıq şəkildə yazırdı ki, Avropa və Asiyanın siyasəti birbaşa Azərbaycan neftinə hesablanıb. Burada həmçinin, Almaniyanın Türkiyə vasitəsilə Azərbaycan və Rusiyaya girməsi faktoru da özünü nəzərə çarpdırırdı. Azərbaycanın müstəqillik qazanmasında Qərb ölkələrinin vahid mövqedə olmaması böyük rol oynadı. Yəni Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunmasında mühüm məsələlərdən biri də o dövrdə yaranmış gərgin vəziyyət idi. Beləliklə də, almanların planı işə düşməyə başladı. Bütün bunların fonunda Azərbaycanda həm inqilabi şərait yetişmişdi, eyni zamanda, problemlər də ciddi şəkil almışdı. Batumda qəbul olunan İstiqlal Bəyannaməsi əsasən Azərbaycanın müstəqilliyi ilə əlaqədar idi. Bir məsələni də qeyd edim ki, 1994-cü ilə qədər 28 May Milli İstiqlal Günü kimi qəbul edilirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin 29 noyabr fərmanından sonra Azərbaycanda yeni bir ənənə Respublika Günü yəni dövlətçiliyin ənənəsi qoyuldu. Bu isə, o demək idi ki, Azərbaycan bir dövlət kimi, respublika kimi həmin günü qeyd etməklə, 93 il əvvəlki tarixə istinad edir. İlk dəfə də Azərbaycan sözü məhz 1918-ci ilin may ayının 28-da elan edilmiş İstiqlal Bəyannaməsində öz əksini tapmış oldu.

\"Səs\" qəzetinin əməkdaşı:

- Vüqar bəy, AXC yarandığı dövr xarici dövlətlər bu bölgəyə böyük maraq göstərirdilər. Yenicə yaranmış Xalq Cümhuriyyəti bu maraqlar qarşısında öz fəaliyyətini necə tənzimləyə bilirdi.

Vüqar Bəyturan:

- O dövrdə, Azərbaycan dövlətçiliyi qarşısında bir çox problemlər öz mövcudluğunu göstərirdi. Xarici qüvvələrin Azərbaycanın müstəqilliyinin qarşısında yaratdığı problemlər qalmaqda idi. O vaxtı müəyyən bin qrup ziyalılar var idi ki, Azərbaycanın istiqlaliyyəti istiqamətində var gücləri ilə çalışırdılar. Onların təbii ki, dövlətçilik istiqamətində peşəkarlığı və təcrübələri yox idi. Çünki onlar vətənpərvər istiqlalçı insanlar idi. Proqram şəkilində hazırlanmış müəyyən əsaslara malik bir siyasət yeritməklərini də söyləmək sadəlövlük olardı. Bütün bunlara baxmayaraq, həmin dövrdə 23 ay ərzində yürüdülən siyasətə nəzər saldıqda yetərincə demokratik ənənələrə sadiq, dünya siyasətindən baş çıxaran konsepsiya ortada olub. Eyni zamanda, Azərbaycan öz qonşuları ilə normal münasibətlər saxlamaq niyyətində idi. Amma burada bir amili də unutmaq olmaz ki, Azərbaycanın qonşuluğunda olan dövlətlərin heç biri bizim müstəqil olmağımızı arzulamayıblar.

\"Səs\" qəzetinin əməkdaşı:

- Aydın müəllim, istərdik ki, 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin iqtisadi əsasları və həyata keçirilən iqtisadi siyasətlə bağlı məlumatlar verəsiniz?

Aydın Hüseynov:

- 1918-ci ilin may ayında yaradılmış Xalq Cümhuriyyəti dövründə də və 1991-ci ilin oktyabrında qəbul edilmiş müstəqillik aktı vaxtı da müəyyən proseslər arasında paralelik aparmaq mümkündür. Çünki xalqımız həmişə öz milli müqədəratını həll etmək böyük səylər göstərib. Birinci Dünya müharibəsinin son çağlarında yaranmış müstəqil Azərbaycan Xalq Cümhuriyyəti təbii ki, o dövrün çətinliklərindən maliyə və iqtisadi böhranlarında sığortalanmamışdı. Müharibənin baş verməsi və Rusiyada yenicə sona çatmış inqilab sosial sahədə çaşqınlıqların yaranmasına birmənalı olaraq iqtisadi pozğunluğa gətirib çıxarmışdı. Elə bu səbəbdən də, AXC-nin elan olunmasından sonra onun yaşadığı iqtisadi böhran, qarşıdaşdığı çətin durumu bu gün müəyyən bir cədvəllə təyin etmək də çətindir. Çünki yeni yaradılmış bir ölkənin hansısa bir baza üzərində formalaşması əsas şərtlərdəndir. Amma o dövr üçün bunu söyləmək çox çətin idi.

Rəfiqə Kamalqızı

Tapdıq Qurbanlı


Bütün xəbərlər Facebook səhifəmizdə