Rus sülhməramlıları faşist Qaregin Njdenin Qarabağdakı abidəsini sökəcək - ŞƏRH
"Moska-Bakı" portalında (moscow-baku.com) Anna Nemolyakinanın təqdimatında yayımlanan "Moskva-Bakı" xəbərləri buraxılışında regionumuzda, o cümlədən Qarabağda gedən proseslər haqda maraqlı təhlillər aparılıb. Verilişi mətn və video formatında oxucularımıza təqdim edirik.
Qarabağda vəziyyət nəzarət altındadır
Qarabağ ərazisində vəziyyət normallaşıb, kiçik insidentlər rus sülhməramlıları tərəfindən operativ və effektiv şəkildə həll olunur. Rusiya xarici işlər naziri Sergey Lavrov bunu dünən İrəvana iki günlük səfəri zamanı erməni həmkarı Ara Ayvazyanla görüşündə söylədi.
"Dağlıq Qarabağ nizamlanmasında müsbət bir tendensiyanı müşahidə edirik. Ərazidə vəziyyət əhəmiyyətli dərəcədə normallaşdı. Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir"- Lavrov deyib.
Eyni zamanda, Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, bu mərhələdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin qarşısını almaq üçün qoyduqları vəzifələr uğurla icra olunur və üçtərəfli işçi qrupu səviyyəsində baş nazir müavinləri bu mövzuda fəal işləyir.
"Bu işin müvəffəqiyyəti, ümumi vəziyyəti normallaşdırmaq üçün lazımi şəraitin yaradılması və münaqişədən sonrakı dövrdə Ermənistanla bölgədəki qonşuları arasında qarşılıqlı konstruktiv əməkdaşlığın qurulması üçün həlledici əhəmiyyət kəsb edəcəkdir"- o deyib.
Lavrov, Moskvanın "bu işin davam etdirilməsində, Bakı ilə İrəvan arasında dialoqun qurulmasını təşviq etməkdə və Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin edilməsində" maraqlı olduğunu qeyd etdi.
Eyni zamanda, Rusiya xarici işlər naziri Sergey Lavrov, Dağlıq Qarabağda dinc bir həyat qurmaq üçün, gedən prosesləri siyasiləşdirməməyə çağırıb.
"Prosesi indi siyasiləşdirməyə ehtiyac yoxdur. Olduqca çətindir, amma davam edir, çünki bu bölgəni birləşdirən marşrutlarla əlaqəli, indi regional münasibətlərin birliyi deyilən şeyin təmin edilməsi ilə əlaqəli məsələlər həll olunur. Təmas xətti məsələlərii, sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar bölgənin sərbəst nəfəs alması və insanların dinc bir həyat yaşaması üçün həll edilməsi lazım olan işlərdir" Rusiya diplomatiyasının rəhbəri bildirib.
Lavrov, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin "ilk növbədə etimad mühitinin yaradılmasına kömək etmək üçün" gələcək fəaliyyətlərinin aktuallığını vurğuladı.
Öz növbəsində, Ermənistan xarici işlər naziri Ara Ayvazyan Lavrovla görüşdən sonra bir tərəfdən, müharibədən sonra bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasının Ermənistan üçün faydalarını bildirdi, lakin eyni zamanda erməni diplomatiyası adından bir sıra təxribat xarakterli açıqlamalar verdi.
Xüsusilə Ayvazyan "Dağlıq Qarabağ münaqişəsi həll edilmiş hesab edilməsindən çox uzaqdır, yalnız sülh danışıqları hər kəsin hüquqlarını nəzərə alacaq və Cənubi Qafqaz bölgəsinə sülh və sabitlik gətirəcək hərtərəfli siyasi həll tapa bilər"- dedi. Onun sözlərinə görə, "bu qərar "Artsax xalqının" özlərinin müəyyənləşdirdikləri sərhədlər daxilində Artsaxın statusu qərarına (bu, Qarabağın erməni adıdır) əsaslanmalıdır".
Əlavə edirik ki, İrəvana səfəri zamanı Rusiya xarici işlər naziri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bir görüş keçirdi və görüş zamanı Paşinyan "Ermənistanın 9 noyabr 2020 və 11 yanvar 2021 üçtərəfli bəyanatlar ilə əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcəyini bildirdi. Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün hər cür səy göstərməyə hazırıq"- Paşinyan dedi. Xatırladaq ki, 10-11 may tarixlərində Sergey Lavrov Azərbaycana səfər edəcək.
Etibarın itirilməsinin səbəbi
Azərbaycan Xarici İşlər Nazirliyi həbs olunan erməni təxribatçılarla əlaqəli verdikləri bəyanat səbəbiylə Fransa və Kanadaya Bakıya təzyiqləri ilə əlaqədar olaraq Azərbaycan cəmiyyətinə olan inamın itdiyi ehtimalı barədə xəbərdarlıq edib.
Beləliklə, Fransa və Kanadanın Xarici İşlər Nazirlikləri bir tərəfdən 3 erməni hərbçinin Azərbaycan tərəfindən İrəvana köçürülməsini alqışladıqları, eyni zamanda tutulanların hamısının sərbəst buraxılmasını tələb etdikləri açıqlamalar yaydılar.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixində üçtərəfli Atəşkəs Bəyanatı imzalandıqdan sonra Azərbaycan ərazisinə köçürülmüş, hərbi personal və mülki şəxslərə qarşı terror aktları törədən Ermənistan hərbçilərinin Azərbaycan tərəfindən qaytarılmasından söhbət gedir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bütün hərbi əsirlərin Azərbaycan tərəfindən Ermənistana təhvil verildiyini, üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycana köçürülən eyni erməni hərbçilərinin təxribatçı və terrorist olduğunu bəyan edib.
Bununla əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib: "Hər iki ölkənin xarici işlər nazirliklərinin diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi beynəlxalq humanitar hüququn öhdəliklərini və üçtərəfli bəyanatların üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir. Yəqin ki, hər iki ölkədə də Ermənistanın hələ 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumat verməməsi, azad edilmiş ərazilərdə yerləşdirilmiş mina xəritələrini verməkdən imtina etməsi barədə məlumatlar var".
Azərbaycan Xarici İşlər Nazirliyi vurğuladı ki, Fransa və Kanadanın xarici işlər nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəsələr, Ermənistanı beynəlxalq humanitar hüququn öhdəliklərinə riayət etməyə çağırmalı və bölgədə davamlı sülhü əngəlləyən hərəkətlərini qəbul etməməlidirlər. Əks təqdirdə, bu, hər iki ölkənin Azərbaycan cəmiyyətindəki etibarlılığına ciddi zərbə vura bilər"- dedi.
Veteranlar nasizmə qarşı
Böyük Vətən Müharibəsi dövründə 3-cü Reyxlə əməkdaşlıq edən faşist əlaltısı Qaregin Njdeyə Xocavənd şəhərində ermənilər tərəfindən qoyulan abidə ilə bağlı qalmaqal yenidən Qələbə Günü ərəfəsində alovlanır.
Bu yaxınlarda rus veteranlar Rusiyanın Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə Qarabağdakı Njde abidəsinin sökülməsi tələbi ilə müraciət etdilər. Müvafiq tələb, Silahlı Qüvvələrin və hüquq mühafizə orqanlarının əmək veteranları və müharibə veteranlarının Moskvaaltı Dolqoprudnenskaya ictimai təşkilatı tərəfindən nazirliklərə göndərildi.
Veteranların açıqlamasında müharibə zamanı Qaregin Njdenin yaratdığı "Erməni Legionu"nun Polşa və Ukraynada minlərlə mülki şəxsə qarşı törətdiyi cinayətlər, Qərbi Krımda 20 mindən çox mülki şəxsin öldürülməsi qeyd olunur.
Veteranlar müraciətində qeyd etdilər ki, abidənin Rusiya sülhməramlı kontingentinin 9 may Qələbə gününü qeyd edəcəyi ərazidə yerləşməsi Avrasiya məkanını birləşdirən azsaylı dəyərlərdən birinə və Rusiyanın nasizmin təbliğinə qarşı apardığı prinsipial mübarizədəki nüfuzuna bir növ "sarsıdıcı" zərbədir.
Vurğulayaq ki, sözün həqiqi mənasında bir neçə gün sonra rus veteranları Azərbaycandan olan veteranlar tərəfindən dəstəkləndilər. Xocavənddə faşist Qaregin Njdeyə qoyulan abidənin sökülməsi tələbi ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrova da müraciət edildi.
Xatırladaq ki, faşist kollaborasionist Qaregin Njdeyə abidə 2020-ci yanvarın sonunda Azərbaycanın Xocavənd rayonunun hələlik Azərbaycan tərəfinə təhvil verilməyən və Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan hissəsində qoyulub. Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında sülhün bərqərar olması üçün aparılan intensiv işlərin fonunda abidənin təxribatla qəfil meydana çıxması hələ də həll olunmayan qalmaqala səbəb oldu.
Əlavə edirik ki, bu gün Ermənistandakı KİV-lər Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının komandiri general Rüstəm Muradovun Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün əmr verdiyini yazıb.
Azərbaycanın mədəni paytaxtı
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Sənəddə qeyd olunur ki, Azərbaycan dövləti başçısının sərəncamı Şuşanın tarixi görkəmini bərpa etmək, onu əvvəlki şöhrətinə qaytarmaq və "kabus şəhərciyi"ndən ənənəvi zəngin mədəni həyata keçmək, həmçinin onu beynəlxalq arenada Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi təbliğ etmək məqsədi daşıyır.
Qeyd edək ki, Şuşa 8 noyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmişdir.
Şuşa Qarabağın ürəyi sayılır və azərbaycanlılar üçün ən vacib tarixi, mədəni, siyasi əhəmiyyətə malikdir. Buna "Azərbaycanın incisi", "Qafqazın konservatoriyası" deyilir. Ölkənin inkişafına mühüm töhfə verən, tarixini müəyyənləşdirən çox sayda siyasi xadim, mədəniyyət xadimi Şuşada anadan olublar. Şuşanın azad edilməsi Azərbaycan xalqı üçün strateji əhəmiyyətə malik idi və əslində müharibənin bütün nəticələrini əvvəlcədən müəyyənləşdirmişdi. Siyasi analitiklərin qeyd etdiyi kimi, Şuşa Qarabağın açarıdır.
Şuşanın azad edilməsi, ilk növbədə, müharibə zamanı Azərbaycan ordusunun ən vacib vəzifəsi idi. Məhz Şuşada Azərbaycanın memarlıq, dini, mədəni irs abidələri- Qarabağ xanının vəziri, şair Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Azərbaycan klassik musiqisi Üzeyir Hacıbəyovun ev muzeyi, son Qarabağ xanı, şair Xurşidbanu Natavanın evi, Bülbülün evi və UNESCO-nun mədəni irs abidələri siyahısına düşən bu kimi mədəniyyət və tarix abidələri dağıdılıb.
Bu gün işğaldan azad edilən Şuşada magistral su kəmərinin bir hissəsinin inşasına başlandığı və tezliklə "bir pəncərə" xidmətinin bir qolunun açılacağı məlum oldu.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB